Dostlarımdan biri, daha dəqiq desək Elvin bir gün hamsi qonaqlığında olduğunu öz tvitter hesabında aləmə car çəkmişdi. Hamsinin nə olduğunu soruşanda, belə bir tərif verdi: Qara dənizdə tutulan kilkəyə hamsi deyilir. Hadi eyvallah 🙂 Latınca adı Engraulis encrasicolus-dur. Adam tələffüz etməyə cəhd göstərdikdə dili sınır ağzında. Özü də bir iki yerdən. Və Elvin Azərbaycanda ən yaxşı hamsi bişirən usta olaraq Aynununu göstərdi. Aynunu da sağ olsun, köməyini əsirgəmədi.

Bu dəfə qəlbə gedən yolda daha az məmulat lazım oldu: balıq, zeytun yağı, un.

Balıqlar təmiz olsa da, hər ehtimala Kür suyunun xlorlanmış versiyasında onları yudum.

Unu bir qaba töküb duzla qarışdırdım.

Hamsiləri unladım.

Atdım yağı isinmiş tavaya.

Onlar da çırthaçırt bişməyə başladılar.

Mətbəximdən balıq iyi çıxan gün Bilik günü idi. Vaxt tapıb tədris müəssələrindən qayıdan, əllərində gül dəstələri və bu gül dəstələrindən yox, tamam başqa səbəblərdən xoşbəxt olan müəllimləri çəkdim.

Sonra Azərbaycana da, təhsil sisteminə də, həmin sistemin işçilərinə də tüpürüb işimi davam etdirdim. Soğanları val-val doğradım.

Tanış edim: narşərab! Onun qapağını açıb içindəki qırmızı mayeni tökəcəm soğanın üstünə.

Tökəndən sonra rəsm əsərlərinə oxşayır lap.

Balığın üstündən dərhal olmasa da, bir az sonra darçınlı kökələrlə qəhvə içməyi unutmayın.

Biz (ərimlə mən) görməmişlik edib, o saat içdik.

Nuş olsun!

P.S. Təmizlənmiş balıq istehsal edən bütün şirkətlərə sonsuz təşəkkürlərimi çatdırıram.