Hamsi qızartmasından sonra ürəyim bulanmış, özümü pis hiss etməyə başlamışdım. Ərim də öləcəyimdən qorxduğu üçün həyətə qatıq almağa düşmüşdü. Böyük market bağlı olduğundan balacadan BÖYÜK BALONDA qatıq almışdı. Bir az başından yedik. Sonra fikirləşdim ki, nə  edim, necə edim. Sevimli xörəyim dovğa yadıma düşdü. Cenifer Lopez demiş, ready? 🙂
Lazım olan şey-şüy: Qatıq (3 litrindən təxminən 2.70 litr qalmışdı), göyərti (çeşid nə qədə çox olarsa, baş ucalığınızdır. Məndə bunlar oldu: keşniş, şüyüd, göy soğan, cəfəri, quru nanə, quru kəklikotu), yumru düyü ( yarım stəkan), yumurta (1 ədəd), un (1 xörək qaşığı).

Əvvəlcə göyərtiləri təmizləyirik.

Yuyuruq.

Doğrayırıq.

Düyünü yuyub, üstünə yumurtanı vurub, çalırıq.

Unla birlikdə tökürük doğranmış göyərtinin üstünə.

Qatığı da tökürük. Qarışdırırıq ki, içində yumrular qalmasın. Sonra qazın altını yandırıb, duz töküb, mahnı oxuya-oxuya çömçəni içində fırlamağa başlayırıq. Fırlama qatıq qaynayana kimi davam edir. Qaynayanda üstünə bir stəkan həcmində isti su töküb qarışdırıq. Dovğanızın qatı ya sulu olmağı tökdüyünüz suyun həcmindən asılıdır. Mən qatı xoşlayıram.

Hazırın şəklini qoymamışam. Çürüdüyünə görə yox, sevinməyin :p Sadəcə qonaq gedirdik deyə tələsəsi oldum. Qayınanamın mənə əncir mürəbbəsi yolladığı bankalara isti dovğadan töküb, pay apardıq. Hələ xəbər gəlməyib, bəyənib ya yox 🙂

P.S. Ermənilərin acığına gələn dəfə dolma bükəcəm 😀