“Qiraətçi” əsərində baş qəhrəman keçmişini yada salanda deyir ki, insan hər şeyi səhnə-səhnə xatırlayır.

İnsanın yaddaşında hər ada uyğun bir neçə səhnə olur. İllər keçdikcə bu səhnələr dəyişə, yerini yenilərə verə bilər.

Yaddaşımın səhnələrindən olanlar:

Birinci səhnə. “20 yanvar” hadisələrindən sonra atam yolkamızı atmışdı. O hadisədən sonrakı hər yeni il bayramında yolka həsrəti ilə alışıb yanırdıq. Amma atamı inadından döndərə bilmirdik. Və iynəyarpaqlıların fəxri nümayəndəsinin iştirakı olmadan keçən beşinci bayramda qaydalara, valideyn inadına üsyan etdim. Mətbəxdən təsadüfən isti tavada unudulduğundan tiyəsinin yarısını itirən bıçağı götürdüm, bacımın əlindən tutub, hər ikimizin ağır günlər keçirdiyimiz uşaq bağçasının həyətinə yollandım. Orda qarşımıza çıxan ilk ən arıq şam ağacından bir budaq kəsməyə başladım. Hava küləkli idi. Yadımdan çıxıb əlcəklərimi geyinməmişdim. Əllərim donurdu, budaq gec kəsilirdi. Amma bacım əyninə balaca olan xəz paltosunun papağının altından yaşıl gözlərini elə sevinclə üzümə zilləmişdi ki, özümü xoşbəxtlik elçisi zənn edirdim.

Maraqlananlar üçün deyim ki, budağı kəsdim də, onu hərəmiz bir tərəfindən tutub beşinci mərtəbəyə qaldırdıq da (tez-tez işıqlar söndüyündən anam liftə minməyə qoymurdu), içinə torpaq yığılmış Teksun qabına basdırdıq da, üstünü atamın öldürdüyü yolkadan qalma oyuncaqlarla bəzədik də. Amma bunu növbəti il təkrarlamadım. Çünki artıq bacım böyümüşdü və bayramda istəyəcəyimiz ən axırıncı şey şam ağacı idi.