arzudan arzuya, kədərdən kədərə qaçaraq…
“Elə əsərlər var” ilə başlayan cümlələri sevmirəm. Amma elə əsərlər var ki, vaxtında oxunmalıdır. Nə tez, nə gec. Və bu “vaxtında”nı ən yaxşı müəyyənləşdirən amillər ümumi zövqümüz, ani əhval-ruhiyyəmiz və kitaba doğru uzanan əllərimizdir. Qustav Floberin “Madam Bovari”sini oxumağıma bu amillərin heç biri səbəb olmadı. Amma o da “vaxtında oxunan əsərlər” siyahısına düşdü.
Süjet haqda danışmağa nə hacət? Hamı Emmanın həyat hekayəsini əzbərə bilir. Şarl adlı həkimlə evlənir. Sonra ayılır ki, sən demə evliliyi heç də oxuduğu romanlarda olduğu kimi xoşbəxtlik, hüzur gətirmir. Bu səhvi düzəltmək üçün əvvəlcə Rodolf sonra isə Leon adlı bir gənclə ərinə xəyanət edir. Emma Bovari iki sevgilisi və pul borcu olan Anna Kareninadır.
Xəyanət. Kişi edirsə, bunu bioloji səbəblərlə izah edib, rahatlıq tapmaq olar. Qadın edirsə, deməli, sevmir. Amma nəticədə “xəyanət” sözünün lüğətdə bir izahı olur. Cinsi ayrıseçkiliyə yer yoxdur.
Roman oxuyan qadının romandakı kişilərdən arzulaması normal haldır. Hətta deyərdim, təbii. Bizim Futsiuilyam Darsi (Ceyn Ostin “Qürur və Qərəz”) istəyimiz kimi təbii. Bir şərtlə, Kolin Fört canlandıran Darsi olsun. Amma Emma görmür ki, nə Şarl, nə Rodolf, nə də Leon Darsi deyil.
Emma öyrətdi ki, həyatda hər şey, çox vaxt isə heç nə istədiyimiz kimi, kitablarda oxuduğumuz kimi olmur. Kitablardakı həyat bizlərin həyatından dəfələrlə maraqlı,sevgi doludur.
Sevgiyə acların təsəllisidir kitab.
Gözəl şəhərlərə bələdçidir kitab.
Naqislərə qiyabi sillədir kitab.
Əslində həyatdır kitab.
Ya da kitablardakıdır həyat.
Yaşamaq yanğısının ən çox özünü büruzə verdiyi an kitablardakıları məişətə tətbiq etmək istəyindədir. Müəllif (həyata tətbiq etsək, tale) Emmanın yaşamaq yanğısını hər addımda öldürməklə onun özünü ölümə doğru sürükləyir.
p.s. Mütaliədən sonra əsər əsasında BBC-nin 2000-ci ildə çəkdiyi filmə (http://www.imdb.com/title/tt0212318/?ref_=fn_al_tt_2) baxdım. Çoxlu erotik səhnələr var. Vəfa Zeynalovanı söyənlərin diqqətinə.