Mərcimək şorbasını sevmirəm. Əvəzində mərcimək şorbasını sevən bir kişini sevirəm. Bütün reputasiyam alt-üst olmasın deyə internetdən ən asan reseptini tapıb hazırladım. Özüm də yedim. Və möcüzə baş verdi. Artıq ÖZÜM BİŞİRƏN mərcimək şorbasını sevirəm.
Belə nikbin notlarla ərzaqlara keçək:
Qırmızı mərcimək (1 stəkan), kök (1 ədəd), soğan (1 ədəd), kartof (1 ədəd), pomidor tomatı (1 xörək qaşığı).
Soğanı doğrayırıq.
Yağda qovururuq.
Eyni qaydada kökü.
Kartofun doğranılmış şəkli yoxdur 😛
Tomatı əlavə edib qarışdırırıq.
Mərcimək yuyulub qatılır. Yağda bir az bütün məhsullarla qovurulur.
Üzərinə 3 stəkan su əlavə edilir. Vaxtaşırı qarışdırılaraq qaynanmasını gözləyirik.
Qaynayanda qurudulmuş cəfəri və reyhan əlavə edirik.
Sonda hamısını blenderdən keçiririk. Blenderiniz yoxdursa, bütün məhsulları ilkin mərhələdə sürtgəcdən keçirib, son mərhələdə əzmək olar.
Süfrəyə limonla verilir.