Bu piroqu kənddə olanda xalamdan öyrənmişdim. Elə o vaxtdan da sevimlilər bölməmə düşüb. Ən əsası odur ki, mikserə ehtiyac yoxdur.
Ərzaqlar: un (4 stəkan), yağ (250qram), şəkər tozu (1,5 stəkan), qatıq (1,5 stəkan), soda (1 çay qaşığı), yumurta (4 ədəd), vanil (1 qutu), alma (2 ədəd), badam (vacib deyil, 2 ovuc olsa bəsdir), darçın (1 xörək qaşığı).
Unu qaba tökürük. Həmin qabın içərisinə yağı sürtgəcdən keçirib qatırıq. Əlimizlə ovuruq.
Şəkər tozunu əlavə edirik.
Ovmağa davam.
Badam qəhvə üyüdən maşında xırdalanır. Bıçaqla da doğramaq olar.
Ovduğumuz undan 3 xörək qaşığı götürüb başqa qaba tökürük. Darçın əlavə edib, piroqun üstü üçün saxlayırıq.
Üyüdülmüş badamı əlavə edirik.
Sonra qatığı.
İkinci stəkan yarımçıq olmalıdır. Həmin qatığa soda töküb stəkanda qarışdırırıq.
Əlavə edib, yumurtaları çırpırıq.
Vanil də öz yerini aldıqdan sonra bunların hamısı birlikdə qarışdırılır.
Almalar bu şəkildə soyulub doğranılır.
Məhlulu sobanın qabına töküb, bərabər paylaşdırırıq. Qabı bir balaca yağlamağı unutmayın.
Almaları düzürük.
Ayırdığımız darçınlı qarışığı da üstünə töküb sobaya yollayırıq. 180-200 dərəcədə 30-40 dəqiqə. Bişməyini xəmirə kibrit çöpü batırmaqla yoxlamaq olar. Çöpdə xəmir ilişib qalmırsa, deməli, hazırdır.
p.s. Hazırının şəkli yoxdur. Çünki bişən kimi aşırdıq. Bu piroqu tez-tez bişirməməyimin səbəblərindən biri də kökəlməkdən qorxmaqdır. Həvəsiniz olub bişirsəniz, mənim yerimə də nuş edin.