İlk filminə baxmışdım. Özü də başdan yox. Kanalı çevirəndə artıq gedirdi. Di Kaprioya görə saxladım. Və baxdıqdan sonra uzun müddət təsiri altında qaldım. Sevincə və Orxana təriflədim. Və ilk dəfə olaraq mən bəyənən şeyi Sevinc bəyənmədi, Orxan bəyəndi.
Sonra dükanda kitabını gördüm. Üstündə Di Kaprio ilə Keyt Uinsletin şəkli. Artıq azərbaycancaya tərcümə edilmişdi. Onda bu film haqda araşdırma aparmadığıma görə peşman oldum. Çünki əsər əsasında lentə alındığını bilər və çoxdan mütaliə etmiş olardım.
Əsəri rusca oxumağa başladım. Elektron variantdan. Bir xeyli təəccübləndim. Çox cılız əsər gözləyirdim. Məni sevindirdiyinə görə Riçard Yeytsə sonsuz təşəkkürlər. Reallığı, əsasən də, hisslər dünyasının reallığını bu qədər kəskin və gözəl təsvir etmək, hər cümləsində “bəlkə mən də buna görə belə edirəm?” dedizdirmək, qəhrəmanlarını onlardan qorxacaq və onlara nifrət edəcək dərəcədə çılpaqlaşdırmaq, eyni dərəcədə onları sevdirmək hər yazıçının işi deyil.
Sonra məlum oldu ki, istehzasını bəyəndiyim Kurt Vonnequt bu əsəri “dövrümün Böyük Qetsbisi” adlandırıb (Di Kaprionun yaradıcılığındakı məntiqi ardıcıllıq). Sevimli pyeslərimdən olan “Arzu adlı tramvay”ın müəllifi Tennesi Uilyams da bu roman haqda müsbət fikirlər bildirib.
Deyəsən, o dövrün (1950-1960) ər-arvad münasibətlərindən bəhs edən ilk və yeganə bu əsəri oxumuşam. Ər Frenkdir, arvad Eypril. Tanış olurlar, evlənirlər, uşaqları, yaxşı evləri və qazancları var. Amma dava-dalaş əskik deyil. Çünki Frenk öz arzularının arxasınca gedəcək qədər qorxaq, Eypril isə bu arzuların həqiqətən sevdiyi kişinin arzuları olduğuna inanacaq qədər avamdır. Hər ikisi mühitin təsirindən bezən, bu bezginliyi fədakarlıqla malalayan, fürsət düşdükcə fədakarlığı gözə soxmaq istəyən bir adamdır. Və bu işdə onların, əsasən də Frenkin köməyinə çatan ardı arası kəsilməyən bəhanələr.
Bəhanələr həmişə qorxaqların sığınacağı olub? Daha doğrusu təsəllisi? Yoxsa maddi şeylər təsəlli sayılmır? Uydurduqları dünyada yaşayanlar az bədbəxtdir yoxsa uydurmaq üçün təxəyyülü olmayanlar? Paris hamının təxəyyül zirvəsidir? Hər gün məişət problemlərini həll etməklə bir addım irəli getdiyini, hamı kimi yaşayıb fərqli olduğunu düşünən hər kəsin bir gün xoşbəxt olacağı məkan həmişə Parismi olur? Parisdir günahkar yoxsa Parisdə bəxtəvərliyə çatacaqlarını düşünənlər? Parisdir gözlərimizdəki pərdə yoxsa qorxularımız? Parisdir cəsarətimizə badalaq vuran yoxsa eşitmək istəmədiyimiz vicdanımızın səsi? Niyə özünütəsdiq üçün altı rəqəmli maaşa, beş günlük işə, dörd təkərli maşına, üç otaqlı evə, iki uşağa ehtiyacımız olsun ki? Niyə sadəcə birimiz o birimizə bəs etməyək? Niyə Frenklə Eypril bu sualları nəinki bir-birinə, heç özlərinə də vermədi?
Bəlkə, elə o vaxtdan həyatı əslində ona lazım olmayan şeylərin sıralamasına çevrildi? Öz evdarlıq məsuliyyətini sübut etmək üçün əvvəlcə dəhşət darıxdırıcı işə girdi; sonra nizamlılıq və rifahın əsas roluna yetkin inamını göstərmək üçün həddən artıq baha, zövqlü evə köçdü; sonra ikinci uşağı oldu – birincinin dünyaya gəlişinin səhv olmadığına sübut kimi; daha sonra əyalətdə ev aldı, çünki bu növbəti məntiqi addım idi, və o özünə sübut elədi ki, bu addımı ata bilər. O elə hey nəyisə özünə sübut edirdi və yalnız bu səbəbə görə həmişə onu müdafiə olunmağa məcbur edən, onu yalnız yaxşı olanda sevən, şıltaqlıqları ilə yaşayan və ən pisi, istənilən vaxt onu ata bilən bir qadınla evli idi.
Zövqləri kəskin fərqlənən iki insan bu faktı bir-birindən gizlətmirsə, uzun müddət bir yerdə ola bilər. Gizlədənlər haqda eyni fikirdə deyiləm.
Nəticədə hər biri digərinin ən çox eşitmək istədiyini dedi: “Mən səni sevirəm”
Bu romanın mütaliəsindən sonra Orxanla aramda belə bir dialoq baş tutmuşdu:
– “İnqilab küçəsi”ndə oğlan bilirsən niyə xəyanət edir? Kinoya baxanda bunu arvadından yorulduğuna görə elədiyini zənn etmişdim. Amma əsərdə səbəbini deyir. Sadəcə olaraq oğlana onun danışdıqları goplara inanan biri lazım olur, kiminsə gözündə yenə hər şeyə qadir biri kimi görünmək istəyir. Artıq arvadı hər şeyi oxuduğundan ona fırıldaq gələ bilmir deyə. Məncə arvadını sevən kişilərin əksəriyyəti ona görə xəyanət edir.
– Məncə yox. Xəyanət etmək üçün yaxşı səbəbdir, amma hər kişi o qədər yaradıcı deyil ki, o səbəbə görə xəyanət etsin.
Maraqlı fakt 1. Bakıda da “İnqilab” küçəsi var idi. İndi “Həsən Əliyev” adlanır. Və biz evləndikdən sonra həmin küçədə kirayə qalırdıq.
Maraqlı fakt 2. Riçard Yeytsin qəhrəmanları o, əsərləri qələmə alanda olduğu yaşda olub. “Yaxşı məktəb” əsərinin baş qəhrəmanı Uilyam Qrovun on yeddi yaşı var idi. Yeytsin də bu əsəri qələmə alanda on yeddi yaşı olub. “İnqilab küçəsi”ni yazanda iyirmi doqquş yaşı olub. Qəhrəmanımız Frenk Uiller ilə yaşıd olublar. “Pasxa ziyafəti”ndə Emili Qrimes otuz yaşlı olub. Yeyts də otuz yaşında bu əsəri yazıb.
p.s. Məncə Keyt Uinsletin iki ən güclü rolu var:
- Hanna (“Qiraətçi”)
- Eypril (“İnqilab küçəsi”)
pp.ss. Filmdə Uillerlərin yaşadığı ağ rəngli evdən çox xoşum gəlmişdi.