“Siçanlar və insanlar”dan sonra Steynbeki sevdim. Bu povesti Sevinclə eyni vaxtda oxumuşduq. Biz də Corc və Lenni kimi xəyallar qururduq. “Fermamız, dovşanlarımız olacaq”dı. Bəlkə də olacaq.
Sonra Sevinc Türkiyədən Steynbekin “Qayğılarımızın qışı” romanını mənə hədiyyə gətirdi. Bir müəllifin iki fərqli əsəri. Sanki tamam başqa adamlar yazmışdı. Bəlkə hər iki əsəri eyni dildə oxusaydım, üslub belə fərqli görünməzdi. Çünki o qədər oxşar cəhətləri var ki.
- Hər ikisinin adı nəzm nümunəsindən götürülüb (http://blue-foxfolks.blogspot.com/2013/11/seir-kimi-kitablar.html);
- Hər ikisində doğru hesab edilən şeylərin çeynənilməsindən danışılır;
- Hər ikisinin baş qəhrəmanları qovula-qovula namərd olan mərdlərdir.
Keçən il Sevinclə oxuduğumuz əsərləri bir sözlə ifadə etmək qərarına gəlmişdik (http://thoughts-in-rainbow.blogspot.com/2012/12/ilin-kitablar.html). Bu rəfiqəmin siyahısıdır. Mən özümünkünü yerləşdirməmişdim. Amma hələ də bu adətimə xilaf çıxmamışam. “Qayğılarımızın qışı”nı ifadə edəcək bir söz varsa, o da puldur. Bu əsər pul haqdadır.
Bütün dövrlərin dəyişilməz faktı: “Pulun yoxdursa, adam yerinə qoyulmursan. Səni görmürlər. Yoxsan”. Steynbek isə bu faktı elə gözəl təsvir edib ki. Oxuduqca adam yerinə qoyulmamağın verdiyi iztirabdan əziyyət çəkirsən, yoxluğunun, gözə görünməməzliyinin üsyanını yatırda bilmirsən. Etan kimi prinsiplərinə tüpürmək istəyirsən, vicdanını, doğru hesab etdiklərini məhv etmək istəyirsən, yeni insan – sevdiklərinə daha çox yalan danışan, dostuna badalaq gələn insan olmaq istəyirsən. Xəmiri belə yoğrulan insan üçün bütün bunları eləmək asandır. Artıq başqa cür yoğrulmuş xəmiri zibil qutusuna atmaq istəyi – dərd bundadır.
Cəmiyyətin fasiləsiz təzyiqləri, bu təzyiqlər altında dayanmadan özünü təsdiq etmək cəhdləri, cəhdlərin uğursuzluğundan dolayı yaranan bezginlik və yorğunluq. Etan bu yorğunluğun təcəssümüdür.
Əsl öldürücü şey bezməkdir. Asta dirsək zərbələri ilə uğursuzluğa yuvarlanırsan. Yavaş-yavaş qorxaqlıq başlayır. Mən artıq qorxuram. Lonq Aylend Elektrik Şirkəti elektrik enerjimi kəsə bilər. Arvadım paş-paltar istəyər. Uşaqlar…onlara ayaqqabı, əyləncə, o bu lazımdır. Birdən onları oxutduracaq pul tapa bilməsəm? Sonra aylıq kommunal xərclər var, həkim, stomatoloq, badamcıq vəzisi əməliyyatı… Daha pisi, birdən xəslənib yatağa düşsəm, bu andıra qalmış küçəni süpürə bilməsəm necə olacaq? Təbii başa düşməzsiniz. Bunu başa düşmək çətindir. İçiniz çürüyər. Mən növbəti ay soyuducu kreditindən o yanı düşünə bilmirəm. Həm işimdən nifrət edirəm, həm də onu itirərəm deyə bağrım partlayır. Bütün bunları hardan başa düşəcəksiniz?
Əsərin əvvəlində atama oxşayan Etan əsərin sonunda “sıravi Azərbaycan direktoru”na oxşayırdı. Bircə fərqlə: “sıravi Azərbaycan direktoru” üçün Etan çox ağıllıdır. Ağıllı olduğu üçün də Qetsbinin taleyini təkrarlamır. Qetsbi də, Etan da “işığa inanır”dı. Bu işıq Qetsbini məhvə apardısa da Etanı xilas etdi. Öz vicdanın qarşısında cinayət törətdiyini bilə-bilə yaşamaq xilas sayılırsa.
Marullonun işığı hələ yanırdı. Qoca kapitanın və Debora xalanın işığı kimi.
İşıq toplusu, yeganə dünya ocağı adlı bir şey yoxdur. Hər kəs öz işığını daşıyır, tək başına, özününkünü.
…
Mənim işığım söndü. Yanmış fitildən daha qara bir şey yoxdur.
…
Bir işıq sönəndə ətraf heç yanmadığı zamandakından daha çox qaranlığa bürünür.
…
Dönməliydim. Talismanı yeni sahibinə geri qaytarmalıydım.
Yoxsa başqa bir işıq sönə bilərdi.
Bütün bunlara baxmayaraq, Etanı sevdim. Atdığı hər addımda ona haqq qazandırdım. Boynuma alıram, eqoist oxucuyam. Qəhrəmanına acımayan, onun uçuruma yuvarlandığını görmək istəyən oxucu. Əminəm siz də belə etmək istəyəcəksiniz. Çünki hər birimiz törətmək istədiyimiz cinayəti digərinin üstündə sınaqdan keçirməyə hazır bəndələrik.