Məqsədim mənim kimi yemək bişirməkdə tənbəllik edənlərə asan reseptlər təqdim etməkdir. “Yaşayırıq, vuruşuruq Lenin baba uğrunda” və ya “Moskva göz yaşlarına inanmır”ın növbəti seriyası.
Lazım olanlar: Yağlı qat-qat xəmir, kərə yağı (200 qram), qatılaşdırılmış süd (bankanın yarısı), qoz, banan (1 ədəd), içliksiz şokolad (1 ədəd).
Vanil və darçının qarşıdakı şəkillərdə yer almağına çox fikir verməyin. Hər ikisi zövq məsələsidir deyə, zəruri ərzaqların içərisində yer almayıb.
Yağlı kağızının üzərinə hazır xəmirləri düzüb göndəririk sobaya. 180-200 dərəcədə 20-25 dəqiqəyə hazır olurlar.  
Yağla qatılaşdırılmış süddən ibarət qarışığa vanil əlavə edib mikserdən keçiririk. 
Alyanaqlarımız hazırdır artıq. 
Əlimizlə bölüb qaba düzürük. Çox xırdalamağa ehtiyac yoxdur. 
Üzərinə krem çəkirik.  Ən çətin proses budur. Səbrinizi basın və sevimli mahnınızı oxuyun. Ya da nifrət etdiyiniz adamları söyün. Ümid edirəm ki, siyahınız uzundur.
Bananları doğrayıb kremin üzərindən düzürük. Sonra elə əlimizlə qozu xırdalayıb əlavə edirik. Darçından xoşunuz gəlirsə, onu da bu ansambla daxil edin.
Buxarda əridilmiş şokoladı Dalivari hərəkətlərlə üstdən çəkirik.  
p.s. Dünyanın bütün “soyutma kartof doğramaq istəməyən” qadınları birləşin. Güc birlikdədir.