Cavan idim, ac idim, içirdim və yazıçı olmaq üçün əlləşirdim. Əsasən Los-Ancelesin ictimai kitabxanasında oxuyurdum. Lakin oxuduğum heç nəyin nə mənim həyatıma, nə küçə həyatına, nə də məni əhata edən insanlara aidiyyatı vardı. Sanki hamını söz-oyunları maraqlandırırdı, və bu işdə daha çox müvəffəqiyyət qazanan daha yaxşı yazıçı hesab edilirdi.
Belə mətnlər zəriflik, peşə və forma qarışığı idi və bu oxunulur, əyləndirir, udulur – və unudulurdu. Əlverişli kəşfdir – hamar və zərərsiz Söz Mədəniyyəti. Hələ rusların inqilabdan qabaqkı yazıçılarında ehtiras və avanturizm əlamətlərini axtarıb tapmaq olardı. İstisnalar var idi, lakin nadir halda qarşıma çıxırdı. Onları oxumaq vaxtımı çox almırdı və mən yenə saysız-hesabsız bitib-tükənməz darıxdırıcı kitabların arasına düşürdüm. Əsas da müasir yazıçılar içində xoş istisnalar azlıq təşkil edirdi.
Kitabın ardınca kitab açırdım. Nədir? Onların deməyə sözü yoxdur? Heç kim heç nə qışqırmaq istəmir?
Kitabxananın o biri bölmələrində bəxtimi sınamalı oldum. “Din” seksiyası mənim üçün başdan-ayağa keçilməz bataqlıq idi. “Fəlsəfə” tərəfə döndüm. Qabağıma məni ilhamlandıran bir-neçə hirsli alman çıxdı, ancaq onlar da tezliklə qurtardılar. “Riyaziyyat”a girişdim, “Din”də olduğu kimi bunda da batıb qaldım. Artıq inanmağa başlayırdım ki, xəyalını qurduğum ədəbiyyat sadəcə mövcud deyil.
“Coğrafiya”ya başladım. Əvvəlcə maraqlı idi, lakin elə əvvəlcə.
“Cərrahiyyə” üzrə kitablara təsadüf etdim və onlar mənim xoşuma gəldi: onlarda çoxlu yeni söz və əla şəkillər var idi. Əsas bəyəndiyim və yadımda qalan çənbər bağırsağın mezenteriumunda aparılan əməliyyat oldu.
Nəhayət “Cərrahiyyə” ilə işimi bitirdim və bədii ədəbiyyatın yerləşdiyi böyük zala qayıtdım. (Ucuz horra ala bildiyim hallarda heç vaxt kitabxanaya getmirdim. Bura içməyə, yeməyə bir şey olmayanda, ev sahibəm vaxtı keçmiş ev kirayəsi üçün pulları tələb edə-edə dalımca düşəndə yaxşı yer idi. Bundan başqa kitabxanada tualetdən pulsuz istifadə etmək olardı. Zallarda kitabı açar-açmaz yuxuya gedən özüm kimi çoxsaylı avara görürdüm.)
Bədii ədəbiyyat zalında dolaşmağa davam edərək, rəflərdən kitabları götürür, bir-neçə sətir, bir-neçə səhifə oxuyub yerinə qoyurdum.
Və budur bir gün növbəti kitabı götürdüm, açdım və oxumağa çalışdım. Bir-neçə dəqiqədən sonra bir yığın zir-zibilin içindən qızıl külçə tapan insan kimi onu stola doğru aparırdım. Sətirlər səhifədən-səhifəyə bir-birinin ardınca, vahid axına tökülərək sakitcə hərəkət edirdilər. Hər cümlənin öz enerjisi var idi, onu daha enerjili növbəti cümlə əvəz edirdi. Bu enerjilərdən səhifənin forması əmələ gəlirdi, o onlardan oyulurdu. Nəhayət, emosiyadan qorxmayan insanı tapdım. Yumor və ağrı qeyri-adi sadəliklə bir-birini əvəz edirdi. Başlanğıc elə coşğun idi ki, misli görünməmiş möcüzə kimi məni şoka saldı.
Kitabı kartoçkama yazıb evə apardım. Öz otağımda çarpayıya uzandım və oxumağa davam etdim, lakin sona xeyli qalmış artıq bilirdim ki, bu insan tamamilə səlis və aydın olan öz yazı üslubunu kəşf edib. Kitab “Tozdan soruş” adlanırdı, müəllifi isə Con Fante idi. Onun mənim yaradıcılığıma olan təsirini həmişə hiss edəcəm. “Tozdan soruş”u qurtardım və Fantenin başqa kitablarının axtarışı ilə kitabxanaya yollandım. İkisini tapıb çıxartdım: “Qaradərili Daqo” və “Bandini, yaza kimi gözlə”. Bunlar da birinci qədər yaxşı idilər, içdən və səmimi qəlbdən yazılmışdılar.
“Tozdan soruş” əsərinin orijinal üz qabığı və müəllifi Con Fante |
Bəli, Fante məndə böyük təəssürat doğurdu. Onun kitablarını oxuduqdan sonra bir qadınla qarşılaşdım. O, məndən də çox içirdi, həmişə dalaşırdıq və tez-tez ona qışqırırdım: “Məni əclaf adlandırma, mən Bandiniyəm, Arturo Bandini!”
Fante mənim Tanrım oldu, və bilirdim ki, Tanrılar tənhalıqlarını qoruyub saxlamalıdırlar, hər yoldan ötən onların qapılarını döyə bilməzdi. Bununla belə onun Encels-Flaytda harda yaşadığını tapmağa çalışır və təsəvvür edirdim ki, indi də orda yaşayır. Demək olar, hər gün o küçə ilə var-gəl edir və fikirləşirdim: bəlkə Kamilla bu pəncərədən içəri soxulurdu? Onun otelinin qapısı bu deyilmi? Bu həmin vestibül deyilmi? Heç vaxt bilmədim.
Bukovskinin Fante haqda sözləri və əsər əsasında çəkilmiş filmdən kadrlar |
Və budur indi, otuz doqquz il sonra, “Tozdan soruş”u bir daha oxudum – təəssüratlarımda dəyişiklik olmadı: Fantenin o biri əsərləri kimi bu kitab da təsir edir; lakin bu mənim sevimli əsərimdir, çünki o, ilk möcüzə kəşfim idi.
Hər-halda, 1979-cu ildə artıq başqa şəraitdə müəlliflə görüşdüm. Con Fantenin həyatında çox şey baş vermişdi. Bu hekayə qəribə uğur, qorxunc tale və nadir cəsarət haqqındadır. Gün gələcək, bu danışılacaq, lakin hiss edirdim ki, görüşümüzdə bu haqda danışmaq istəmir. Buna görə icazə verin bir şey deyim: onun həyatı kimi nəsri də bir şeyin mahiyyətidir – bu cəsarət, səmimiyyət və ehtirasdır.
Kifayətdir. İndi kitab sizindir.
Çarlz Bukovski