“Çoxdandır…nəhayət” adlı siyahıya çoxdandır baxmaq/oxumaq/dinləmək istəyib, nəhayət baxıb/oxuyub/dinlədiklərim düşür. Siyahıda İvan Turgenevin “Atalar və oğullar” əsərinin qabağına quş qoydum. Romanı Gürcüstana yola düşəndə əlimə aldım. Xalam qızının kitabı idi, daha doğrusu, xalam qızının atasının. Lakin fikrimi toplayıb oxuya bilmədim. Çünki yol yoldaşlarımız Maya və İrina fasiləsiz şikayət edirdilər. Əsəri bir də qayıdanbaş vağzalda avtobus gözləyəndə mütaliə etməyə başladım.
Tiflis. Vağzal. Çamadanlarımız, kitabım və sandallarım. |
Obrazlar
Fransız ədalı, “prinsipsiz addım atmağı, ölməyi” özünə sığışdırmayan əsilzadə Pavel Petroviç materialist, “kimyanın cəmiyyətə şairdən daha çox fayda gətirdiyini” düşünən, güzəştə getməyən, hamının qəbul etdiyi həqiqətlər qarşısında baş əyməyən üsyankar Bazarova qarşı. Pavel Petroviç “atalar”ı, Bazarov isə “oğullar”ı təmsil edir. “Oğullar” siyahısında Arkadiy də var idi. Amma o mənim yaddaşımda öz fikri olmayan, sevdiklərini ideallaşdırdığının yanında müdafiə edə bilməyən, təsir altına tez düşən zəif bir insan kimi qaldı.
Yevgeniy Bazarov |
Analogiya
“Əli və Nino“da Əli dünyanın müharibə apardığı bir vaxtda farsların hələ də qəzəl oxumasına təəccüb edir. Əli ilə “Atalar və oğullar” əsərində yaşlı bir kişinin hələ də Puşkin poeziyasından ilham aldığını görən Bazarovun hiddəti necə də oxşardır.
– Üç gündür baxıram, o, Puşkin oxuyur. Onu başa sal ki, belə olmaz. Axı uşaq deyil: mənasız işlərin başını boşlamaq lazımdır. İndiki dövrdə romantik olmaq həvəsi də var! Oxumağa yaxşı bir şey ver ona.
– Nə versəm ki?
– Məncə, ilk olaraq Bühnerovun “Stoff und Kraft”ını (almanca “Materiya və güc”).
“Ət parçası hətta kimyəvi nöqteyi nəzərdən də çörək parçasından yaxşıdır” deyən Bazarov üçün Puşkin poeziyasının əhəmiyyətli olmaması məntiqlidir, amma məncə, bu cümləni qurmaq üçün o poeziyadan ilhamlanmaq mütləqdir.
Müşahidə
Valideynlər çox vaxt ağıllı, daha doğrusu, özlərindən ağıllı övladlarından qorxur və çəkinirlər. Eynilə Bazarovun valideynləri kimi.
Nəticə
Sonda Bazarovun ölümü bəlkə də “əşi, düzələn deyilik” diaqnozunun məntiqi-bədii təcəssümüdür. Bazarovlar dəridən-qabıqdan çıxsalar belə, Pavel Petroviçlər, Odinsovalar düzələn deyil. Heç kim heç kimi dəyişmək iqtidarında deyil. Arkadiy kimi Bazarova oxşamaq, Bazarovun ideyalarını, fikirlərini cəlbedici hesab edə bilərsən, amma heç vaxt Bazarovun ayaqqabısını geyinib, onun kimi yeriyə bilməzsən.
Assosiasiya
Turgenevin qələmindən çıxanlar məni yormadı, təsvir etdiyi bədbəxtlikdə də bir ümid işığı, nikbinlik var idi. Bu əsəri təbiət qoynunda oxumaq istəyir insan. Ya da oxuyandan sonra təbiət qoynuna atılıb dərindən nəfəs almaq istəyir. Quşların səsini eşitmək, güllərin qoxusunu almaq, kənd uşaqlarına qurbağalardan danışmaq, tövşüyənədək qaçmaq, günəş şüaları altında isinmək, kəpənəklərə, qarışqalara tamaşa etmək, cırcıramaların səsinə hirslənmək, bağçada oturub çay içmək, “ata” olub “oğul”la söhbətləşmək istəyir.
Yaxşı ki, Turgenev yaradıcılığı ilə tanışlığa məhz bu əsərlə başladım. Yaxşı ki, Turgenev yazıb YARADIB. Yazmaqla yaratmaq bəzən maddi yaratmaqdan daha çox kömək olur.
p.s. Görəsən “Atalar və oğullar”ı əvvəlcə oğul, sonra ata kimi oxuyan olub?