Kıvanç Tatlıtuğ adlı “cavanlıq səhvim” var. Bu “albinos gədə“ni gördüyüm ilk gündən ona aşiq olmuşam. Keçən yay təzə seriala çəkiləcəyini eşidəndə isə bir balaca “şerlokluq” elədim və belə məlum oldu ki, serial Nermin Bezmenin eyniadlı əsəri əsasında ekranlaşdırılır. Fevral ayında başlayacağı gözlənilən serial mart ayına kimi təxirə salındı. Elə mart ayında da Orxanın İstanbul səfəri ortalığa çıxdı. Və ondan bir xahişim oldu ki, mənə bu kitabı alsın.

Kitabı əlimə aldığım gün, ilk seriyanı izlədiyim gün oldu. Romanı dayanmadan oxuyurdum ki, növbəti seriyalardakı hadisələri qabaqlayım və ssenari məni qəfil yaxalamasın. Və elə həmin andan ümidlərim puça çıxdı. Çünki bu qədər gözləməyin müqabilində bu qədər təkrarçı, statik bir əsər və bu qədər uyğunsuz bir ssenari ilə qarşılaşmaq az qaldı məni Kıvançdan soyutsun.

Sağda: Seyit Eminof
Solda: Seyit Eminof rolunda Kıvanç Tatlıtuğ
Sağda: Aleksandra Verjenskaya (Şura)
Solda: Şura rolunda Farah Zeynep Abdullah

Müəllif Nermin Bezmen babası Seyit Eminofun həyatını qələmə alıb. Nikolay Romanovun çar ordusunun xüsusi qvardiyasında baş leytenant olan Kurt Seyit (ləqəbinin qurd olmasının sirri – Krımda uşaqlar doğulanda qurd olacaqlarından qorxduqları üçün ağlayırmışlar, bu qorxunu yenmək üçün adlarının qarşısında qurd istifadə edilirmiş) Aleksandra Verjenskaya (Şura) ilə eşq macərası yaşayır. Bolşevik inqilabı zamanı Seyit Şura ilə birgə son günlərini yaşayan Osmanlı İmperiyasına qaçır. Çox romantik səslənən annotasiyanın arxasında isə həyatda tez-tez rast gəldiyimiz acı həqiqət var: arvadbaz kişinin dalınca sürünən, özünə layiqincə qiymət verməyən bir qadın. Kitabın üz qabığında yazılan o “böyük məhəbbət”dən əsər-əlamət yox idi. Seyitin saysız-hesabsız sevgililəri ilə yataq səhnələrini Bezmen elə həvəslə qələmə alıb ki, babasının seksual həyatı ilə fəxr etdiyi o dəqiqə hiss olunur.

Roman başlanğıcda “Doktor Jivaqo“ya oxşayırdısa, axıra yaxın sərt dönüş edib “Zəfər tağı“na bənzəməyə başladı. Bir əmma ilə: Nermin Bezmen nə Pasternakın, nə də Remarkın əlinə su tökməyə layiqdir. Oxşarlıq sadəcə səhnələrdə idi, təsvirlərdə deyil. Kitabı öz aləmimdə 3 hissəyə bölmüşdüm: Sankt-Peterburq, Krım və İstanbul.
Müəllifin çarlıq dövrünü yalnız tarixi cəhətdən araşdırması, detalların və şəxslərin təsvirində yalnız iki-üç kəlmə ilə kifayətlənməsi məni özümdən çıxarırdı, hər səhifədə istifadə olunan “troyka atlarının ayaq səsləri“, “qızılı qıvrım saçlarda uçuşan qar dənələri” ifadələri söz bazama heç bir yenilik gətirmədi. Dinamikadan çox uzaq olan birinci hissə, üçüncü hissədə tamam dəyişir. Yazıçının manevr etmək üçün tanış mühitdə olduğu o saat nəzərə çarpır. İstanbul səhnələri birnəfəsə oxunulur. Bəlkə də səbəb Seyit və Şura timsalında yenidən mənə əziz olan Ravik və Joan obrazları ilə qarşılaşmağım idi: restoranda qısqanclıq səhnələri, Şuranın hər yoldan keçən kişi ilə Seyiti hirsləndirmək cəhdləri və oteldə Şuranın üzünə vurulan şillə – müşahidəmdə haqlıyam elədirmi?

Sevimli sitatım:

Ekranlaşdırılmaya gəldikdə isə serial tam bir fiasko. Ssenarinin bu qədər əsərdən uzaq olmasını heç “Yarpaq tökülüşü”ndə görməmişdim. Reytinq qazanmamağının və tez bir zamanda dayandırılmasının da səbəbi yəqin budur. Bir şeyi də qeyd etməliyəm ki, yalnız ilk 3-4 seriyaya baxa bildim. O qədər hirslənmişdim ki, Kıvançın kirli saqqalı belə məni televizor qarşısında otuzdura bilmirdi. Və baxdığım o 3-4 seriyadakı səhnələri də “Anna Karenina”ya (2012) bənzətdim.

Seyitlə Şuranın rastlaşdığı bal
Kittinin Vronskini gördüyü zifayət səhnələri
Oblonskinin Anna Karenina qarşıladığı və Seyitlə Şuranın vidalaşdığı
vağzal səhnələri

p.s. Ümid edirəm ki, daha peşəkar komanda bu əsər əsasında film çəkər. Bir şərtlə ki, Kıvanç Tatlıtuğ baş rolu ifa edər.

p.p.s.s. Serialın getdiyi müddətdə pis xarakterlərdən biri olan Petro Borinskinin Twitter-də xəyali bir hesabı açıldı. O, indi mənim izləyicilərim siyahısındadır. Zəhlətökən serialın nümayişində sevindirici və üzümü güldürən tək bir şey var idi ki, o da @petro_borinsky hesabından çıxan tvitlər idi.