Dəyişikliklər küçəsi“ndən sonra “Sevimli yazıçılarım” siyahısına düşən Riçard Yeytsin adını belə bir üz qabığı olan kitabın üstündə görəndə bir xeyli təəccübləndim. Təəccübümə səbəb pozitiv şəkil ilə adıçəkilən müəllifin üslubu arasındakı ziddiyyət idi. Annotasiya əsərin iki bacı haqqında olmasından xəbər verirdi. Qəribədir, mövzu kitab, film, tamaşa və s.-dirsə, bizi həmişə “haqqında”, “barəsində” yeri maraqlandırır. Gəl indi bu marağı “Səfillər“ə, “İdiot“a, “Nə etməli“yə tətbiq elə.

Mütaliə etdikdən sonra məlum oldu ki, təəccübümdə haqlıyam. Əsərin süjeti ilə şəkil arasında yaxından-uzaqdan heç bir əlaqə yoxdur. Məncə bu romana ən çox uyğun gələn bu üz qabığıdır:

Pasxa paradı“nda iki bacıdan deyil, hamının sevdiyi və gözəl hesab etdiyi böyük bacı Saranın kölgəsində böyüyən “gözəgörünməz”, “çirkin ördək balası” Emilidən danışılır. İki və daha çox uşaq olan ailələrdə valideynlərin sevimliləri olur. Adətən ata ilə ananın seçimi üst-üstə düşmür. Qraymslar ailəsi isə istisnadır – ayrılmaq qərarına gələn valideynlərin hər ikisi Saranı sevir. Bunun fərqinə varan Emilinin elə həmin andan özünütəsdiq funksiyası işə düşür. Düzdür, ailədə sevilən uşaqlar daha nikbin, xoş, gülərüz, mehriban, sevgidən məhrum olanlar isə daha mətin, dözümlü olurlar. Amma bu xüsusiyyətlərin heç biri səhv etməkdən sığortalamaq üçün zəmanət vermir. Hər iki qəhrəmanımız dəfələrlə eyni səhvi edir, ancaq heç biri əməllərindən nəticə çıxarmır.

Riçard Yeytsin ən güclü tərəfi də məhz budur: məişət monotonluğunu, fərdi bədbəxtliyi, xoşbəxt olmaq istəyən tənbəl və tənha insanların taleyini faciə səviyyəsinə kimi yüksəldə bilir. Yazıçı qəhrəmanlarına qarşı amansızdır, onlara bəraət qazandırmaq niyyətində deyil, bəlkə ona görədir ki, xoşuma gəlməyən bu qızları qorumaq üçün müəllifin əlindəki qamçını alıb parçalamaq istəyirdim.  Əri tərəfindən döyülən Sara, karyerasında uğur əldə etsə də, şəxsi həyatında başı daşdan-daşa dəyən Emili kimi adi insanların adi fəlakətləri digər əsərində olduğu kimi, burda da çox ustalıqla təsvir edilib. Onsuz da şəkillərində baxışlarından tənhalıq yağan yazıçıdan bundan əskiyini gözləmək ədəbsizlik olardı.

Dəyişikliklər küçəsi“ndə olduğu kimi, bu əsərdə də sualıma cavab tapa bilmədim: qarşı-qarşıya qoyulan insanlardan hansı daha bədbəxtdir? Axtardığını tapdığından əmin olan Sara? Yoxsa axtarışın faydasız olduğunu görməyən Emili? Sevdiyini düşündüyü əri tərəfindən döyülən və yeni həyata başlamaq üçün kifayət qədər cəsarəti olmayan Sara? Yoxsa doğmalarından başqa hamıya sevgisini verməyə hazır olan Emili?

Pasxa paradı“nın sonluğu isə məni təşvişə saldı. Qorxdum ki, mən də nə vaxtsa arzusunda olduğum həyatın başqası tərəfindən yaşanıldığını görüb Emili kimi bu sözləri deyim:

– Bəli, yorulmuşam, – o dedi. – Gülməli olan bilirsən nədir? Demək olar ki, əlli yaşım var və bu uzun ömrüm boyu hələ də heç nə başa düşməmişəm. 

p.s. Riçard Yeyts yaradıcılığı ilə maraqlananların nəzərinə çox gözəl bir məqaləni təqdim etmək istəyirəm: http://bostonreview.net/stewart-onan-the-lost-world-of-richard-yates