İki il bundan öncə bir yoldaş  ilə qadın xəyanətindən bəhs edən əsərlərdən danışmışdıq. Bu yaxınlarda mütaliə etdiyim kitablara baxdım və yaddaşıma həkk olunan xəyanətkar qadın obrazlarının siyahısını təşkil etdim.

1. Lev Tolstoy “Anna Karenina” – Əsərin adı olmağa layiq görülən xanım 16 yaşında özündən 20 yaş böyük Sankt-Peterburqun qubernatoru ilə ailə həyatı qurur, daha sonra isə ərinə Aleksey Vronski ilə xəyanət edir.

Roman bu cümlə ilə başlayır: “Bütün xoşbəxt ailələr bir-birinə bənzəyir; hər bədbəxt ailə isə bir cür bədbəxtdir“. Bu aforizm əsasında müxtəlif elm sahələrində sistemlərin təyin edilməsi üçün “Anna Karenina prinsipi” işlənib hazırlanıb. Məsələn, bu prinsipin köməyi ilə Cared Daymond insan tərəfindən əhilləşdirilən heyvan sayının niyə az olduğunu izah edir – əhilləşdirmək üçün bir neçə amilin üst-üstə düşməsi lazımdır, onlardan birinin yoxluğu bunu qeyri-mümkün edir. İqtisadçılar da bu prinsipdən sistemin xarici mühitə uyğunlaşması və böhran dövründə özünü necə aparması haqda danışanda istifadə edirlər: xarici mühitə uyğunlaşmış bütün sistemlərin eyni özəlliyi var, uyğunlaşmayan sistemlərin hər biri adaptasiyanın öhdəsindən özünə görə gəlir.

Tolstoy gündəliklərində etiraf edir ki, romanı qələmə almasına onu Puşkin ilhamlandırıb. Lev Nikolayeviç şairin “Yevgeni Onegin” əsərini oxuyanda “yüksək cəmiyyətdən olan, ərli, lakin özünü itirmiş bir qadın tipini” gözləri önünə gətirib. Öz əsərində Tatyana Larinanın daha sonra başına gələnlər haqda danışıb. Təəccüblü deyil ki, qaralama variantda obrazın adı elə Tatyana olub.

2. Qustav Flober “Madam Bovari” – Yenə də roman adı olmağa layiq görülən xəyanətkar qadın. Əyalət həkimi Şarl Bovari ilə evlənən Emma Ruo daha sonra evliliyinin oxuduğu kitablardakı kimi olmadığını görüb, səhv etdiyini başa düşür. Əvvəlcə notarius köməkçisi Leon Düpüi ilə, daha sonra mülkədar Rodolf  Bulanje ilə ərinə xəyanət etməyə başlayır.

Birinci əsərin təsiri ilə qələmə alınan bu roman da real hadisələrə əsaslanıb. Emma Bovarinin Delfina Kutürye olduğu iddia edilir.

3. Erik Mariya Remark “Zəfər tağı” – Noyabr ayının yağışlı gecələrindən birində tanış olan Ravik və Joan Madunun münasibəti Zəfər Tağının yaxınlığında yerləşən kiçik bir yeməkxanadan başlayır. Bir-birini dəlicəsinə sevmələrinə baxmayaraq, qəhrəmanlar bir-birini incitmək üçün hər üsula əl atırlar: Joan sevgilisini qısqandırmaq üçün dəfələrlə ona xəyanət edir.

Ən çox sevdiyim qadın obrazlarından olan Joan Madonun prototipi müəllifin eşq macərası yaşadığı aktrisa Marlen Ditrixdir. Bu əsərin demək olar ki, bütün dialoqlarını əzbər bilirəm. Tez-tez təkrarladığım isə budur:

– Sən lap ifritə imişsən!–dedi.
– Nə? Nə dedin?
– İfritəsən!–Ravik təkrar elədi.–Mən də eşşəyəm ki, sənə inandım! 

Joan Madunu sevməyimin birinci səbəbi həyasız olması və bunu gizlətməməsidir, ikinci səbəbi isə bu obrazı filmdə İnqrid Berqmanın canlandırmasıdır.

4. Cek London “Böyük evin kiçik xanımı” – Cek Londonun həyatda olduğu axırıncı il işıq üzü görən bu roman iş adamı Dik Forrester və arvadı Paolo Forresterin xoşbəxt həyatından bəhs edir. Lakin bir gün bu xoşbəxtliyi Dikin gözəl, ağıllı dostu İven Qrehem pozur. İvenə aşiq olan Paolo seçim etməkdə çətinlik çəkir.

5. Stendal “Qırmızı və qara” – Əsərin qəhrəmanı Jülyen Sorel kilsə xadimi olmaq istəyən savadlı, şöhrətpərəst bir gəncdir. Veryer şəhərinin meri cənab Renal Jülyenə övladlarının müəllimi olmağı təklif edir. Ailəyə daxil olduqdan sonra Jülyenin ev sahibəsi xanım Renalla eşq macərası başlayır.

6. Somerset Moem “Teatr” – Bu əsərin xəyanətkar qadını İngiltərənin ən yaxşı aktrisası, gözəl, məşhur, varlı, 46 yaşlı Culia Lembertdir. Xanım Lembert artıq uzun illərdir sevərək ailə həyatı qurduğu ərinin laqeydliyinə və soyuqluğuna dözür. İşlədiyi və sahibi olduğu teatrın yeni mühasibi gənc Tomas Fennelin üzərində yenidən şöhrətini və gözəlliyini sınaqdan çıxarmaq istəyir.

Əsər əsasında lentə alınmış “Culia olmaq” (2004) filminin baş rol ifaçısı Annet Beinqin sayəsində Culia obrazı sevimlilərin sırasındadır.

7. Onore de Balzak “Qorio ata” – Xanım Vokenin pansionunda yaşayan tələbə Ejen Rastinyak ilə eşq macərası yaşayan Qorionun kiçik qızı Delfina həm də bankir Nusingemin arvadıdır.

8. Gi de Mopassan “Əziz dost” – Roman karyera qurmaq istəyən avantürist Jorj Dürua haqdadır. Əsərdəki xəyanətkar qadın Jorj Düruanın müdirinin həyat yoldaşı xanım Valterdir. Xanım Valter Jorj Dürua ilə ərinə “buynuz” taxır.

9. Andre Morua “İqlimlər” – Müalicə almaq üçün Florensiyaya gedən Filipp Marsen orada arzularının qadını Odiliya Male ilə tanış olur. Ailə həyatı quran cütlük Parisə, evlərinə qayıtdıqdan sonra bir-birlərindən nə qədər fərqləndiklərini görürlər. Əyləncəni, tamaşaları, musiqini sevən şıltaq Odiliya Filippin yanında darıxır və beləliklə qadınların sevimlisi Fransua de Krozan ilə münasibət qurmağa başlayır.

10. Culian Barns “Baxış üçbucağı” (Əsərin adını tərcümə edərkən bədiilik qatan Səbinə Mütəllimovaya təşəkkürümü bildirirəm) – Bank işçisi, istedadlı bəxtsiz Stüart, nəhayət, həyatdan gözlədiyi hədiyyəni – Cillian –  alır. Cütlük evləndikdən sonra Stüartın snob dostu Oliver də Cillə aşiq olduğunun fərqinə varır. Və beləliklə Cillin xəyanət dramı başlayır.

11. Skott Fitscerald “Böyük Qetsbi” – Bu əsərdə iki zinakar ilə qarşılaşırıq: qəhrəmanımız Qetsbinin gənclik sevdası, ilk eşqi, varlı biri ilə evlənmiş Deyzi və Deyzinin varlı ərinin evli sevgilisi Mirtl.

12. Xalid Hüsseyni “Və dağlardan səda gəldi” – Doqquz hekayədən ibarət əsərdə şairə Nila Vəhdətinin hekayəsi xəyanət ilə zəngindir.

13. Haruki Murakami “Qadınsız kişilər” – Yeddi hekayədən ibarət olan bu kitabda bu və ya digər yolla qadın xəyanətinə uğramış kişilərdən bəhs edilir. Zinakar qadınların sayı çoxdur 🙂

14. Entoni Börces “İstək toxum” – Ərini qaynı ilə aldadan Beatris-Coanna Foks bu siyahıda öz layiqli yerini aldı.

“Belə qərara gəldi ki, heç nəyə baxmayaraq, Derekə aşiqdir, amma onu sevmir. Tristamı isə sevir, amma ona da aşiq deyil. Bu gün də, uzaq gələcəkdə də qadın (indi olduğu kimi) instinktlərini, əsəblərini və (həmişə olduğu kimi) daxili orqanlarını (əvvəldə olduğu kimi) əlində rəhbər tutmağı bacarırdı”. 

15. Liane Moriarti “Ərimin sirri” – Felisiti xalası qızı Tessin əri Uill ilə eşq romanı yaşayır.

Tess başa düşdü ki, Uill Felisi ilə eşq romanını belə uzun müddət gizlicə necə saxlaya bilib. Ailə həyatının, balaca bir uşaqla olsa belə, adət halını almış öz ritmləri var. Fikrində başqa şeylər olsa da, əvvəlki kimi rəqs etməyə davam etmək elə də çətin deyil. 

Xəyanətdən xəbər tutan Tess də öz keçmiş sevgilisi ilə eşqbazlıq etməyə başlayır.

Və budur o, keçmiş sevgilisinin dəhlizində uzanıb.Nənəsi həmişə deyərdi ki, həyat, şübhəsiz, sürprizlərlə doludur. Düzü, bunu elə də ciddi şeylərə deyil, daha çox soyuqlamalara, bananın qiymətinin oynamasına və buna bənzər şeylərə aid edirdi. 

Nəticə

Anna Karenina özünü qatarın altına atır, Emma Bovari siçan zəhəri içir, Joan Madunu sevgilisi güllələyir, Paolo Forrester və Odiliya silahdan özlərinə atəş açır, xanım Renal Jülyenin edamından üç gün sonra keçinir, xanım Valter sevgilisi ilə qızının toyuna şahid olur, Mirtl Deyzinin sürdüyü maşının altında qalır, Nila Vəhdətinin sevgilisi sonradan qızlığına aşiq olur.  Statistika göstərir ki, xəyanət edən qadınlar xəyanət edən kişilərlə müqayisədə daha çox vicdan əzabı çəkir və intihara daha çox meyilli olurlar.

Bəxti gətirənlər siyahısına hələlik yalnız Culiya Lembert düşə bilib. Məncə, bu uğurunu aktrisa peşəsinə və təcrübəsinə borcludur.

Qaldı sonuncu qəhrəmanımız Cillian. Onun başına gələnlərdən xəbərsizəm. Çünki əsərin ikinci hissəsini hələlik oxumamışam. Ümidvaram, özünü asacaq qədər cəsarətsiz çıxmaz.