Üç gündür istilik sistemimiz işləmir. Çadırda yaşayanların halına acımadığım üçün özümü cəzaya məhkum edilmiş günahkar kimi hiss edirəm, qısacası, donuram. Fiziki olmasa da, mənəvi isinmək üçün “Ay işığında sehr” filminə baxmaq qərarına gəldim. Bir də ayıldım ki, noutbukun ekranına baxıb axmaq-axmaq gülürəm. Bu Mona Lizanın donuq təbəssümü də ola bilərdi. Soyuq dəqiqləşdirməyə imkan vermədi.
Arzularımızın kişisi Kolin Fört, arzularımızın yaradıcısı Vudi Allen, arzularımızın qatili Nitşe, gözəl donlar, al-əlvan şlyapalar, gözoxşayan bəzək əşyaları, caz musiqisi, yay, Provans, Provansda yay, fransız təbiəti, ingilis yumoru və azərbaycanlı tamaşaçısı (bu məqamda xatirə dəftərlərində suallara cavab yazarkən həmişə köməyimizə çatan dörd hərfdən istifadə etmək lazımdır: zrft) – bütün bunlara “Azəristiliktəchizat”ın səbəb olacağını fikirləşərdinizmi?! Eynən.
1920-ci ilin sonu. Bütün dünyaya şərqin böyük sehrbazı Vey Lin Su kimi tanınan London sakini Stenli Kroford (Kolin Fört) dostunun dəvəti ilə Rivyeraya gəlir. Onun qarşısında duran vəzifə özünü medium kimi qələmə verməklə imkanlı ailələrin etibarını qazanmış qızın – Sofi Beykerin (Emma Stoun) yalanlarının üstünü açmaqdır. Bəli, bu qədər. Süjet sadədir və sonu gözləniləndir. Vudi Allen isə sadə və sonu gözlənilən süjetlərə gözəllik qatmaqda ustadır.
Filmə baxdıqca elə hey digər kinolar, personajlar, səhnələr yadıma düşürdü. Bu da xatırladıqlarımın siyahısı.
1. Sofi ilə Stenlinin yolda yağışa düşməsi rejissorun digər işi “Parisdə gecəyarı” filmini yadıma saldı. Orda da qəhrəmanımız son səhnədə yağışa düşür. Bir də baş rollarda Rasl Krou və Marion Kotiyarın çəkildiyi, hadisələrin Provansda cərəyan etdiyi “Yaxşı il” filmindəki görüş səhnəsində sevgililərin yağışda islanması.
2. Ziyafətdəki rəqs yenə də “Parisdə gecəyarı” və üstündə hədiyyə kimi “Böyük Qetsbi“ni xatırlatdı: musiqi, geyimlər və məkanlar ilə.
3. Stenlinin Sofiyə eşq elanı Kolin Förtün çəkildiyi digər filmlər – “Real məhəbbət” və “Qürur və qərəz“dəki eşq elanlarına oxşadı: birinci kimi gülməli, ikinci kimi təhqiredici.
4. Yadıma düşənlərdən biri də Koen qardaşlarının “Qambit” filmi oldu. Qəribədir, orda Kolin Fört dostu ilə fırıldaq işə əl atır, “Ay işığında sehr”də isə dostu ilə fırıldaq işin üstünü açmağa çalışır. Və təbii ki, hər ikisində uğur qazanır.
5. Və yalnız mən baxdığım, oxuduğum hər şeydə, gəzdiyim hər yerdə Cek Londonu xatırlaya bilərəm. Vudi Allen və Cek London. Medium Sofini görən kimi gözlərimin qabağında Cek Londonun spiritizmlə məşğul olan anası Flora Vellmanın şəkli canlandı. Və demək olar ki, filmin bütün səhnələrində ukelele çalan aşiq Cek Londonun ukelele çalan qəhrəmanı Billi Robertsi yadıma saldı. Təsadüfə baxın ki, həmin əsərin adı “Ay vadisi” adlanırdı. Paulo dayı, sənə lağ etməklə böyük bir günaha imza atmışam, bağışla.
Nəticə:
1. Provans və Toskanada çəkilən bütün filmlər gözəldir.
2. Vudi Allen sevdiyimiz kişiləri filmlərinə çəkəndə özü də sevilir.
3. Axşam işdən gələcək ərimə hamsili plov bişirməyə hazıram. Zira Sofinin pessimistlərə verdiyi məsləhəti qulaqardına vurmamağa çalışıram: “Nikbinliyimiz xəyal olmaya bilər“.