Orxanın müstəqil şəkildə mənim üçün seçib aldığı ilk kitab bu oldu: Truman Kapotenin “Qəbul edilmiş dualar”ı

T.Kapotenin 1966-cı ildə yazmağa başladığı bu roman yarımçıq əlyazmalar silsiləsindəndir.
Əsər qismən avtobioqrafikdir və roman a clef*  nümunəsidir. Romanın qəhrəmanları həmin dövrün məşhurları, yüksək vəzifəli iş adamlarının arvadları, ictimai xadimlər, aktrisalardır.
Əsərin fraqmentləri 1975 və 1976-cı illərdə “Esquire” jurnalında çap olunduqdan sonra Kapotenin dostları romanın qəhrəmanlarında özlərini tanımış və  yazıçı ilə bütün dostluq bağlarını kəsmişdilər. “Ədəbiyyat şayiədir” deyən müəllif kübar dairələrindən olan bütün rəfiqələrinin sirrlərini, əxlaqsızlıqlarını bu romanda ifşa edir.
Əsər kitab şəklində 1986-cı ildə yazıçının ölümündən sonra işıq üzü görüb.
2012-ci il “Vanity Fair” jurnalının noyabr sayında Kapotenin “Qəbul edilmiş dualar” əsərinin arxivdən tapılan altı səhifəlik “Yaxtalar və əşyalar” (Yachts and Things) adlı kiçik hekayəsi dərc edilib. 
Əsəri mənə verəndə Orxan demişdi ki, sənə kitab almaq, paltar almaqdan çətindir, hansı yazıçıları sevdiyini bilsəm də, sevimli yazıçılarının hansı əsərlərini oxuduğunu bilmirəm.
Bu dəfə düz tapmışdı. Kapote sevimli yazıçımdır. “Qəbul edilmiş dualar”ı da oxumamışdım.
Amma oxumağıma elə də sevinmədim. Hər növbəti səhifədə Google-da ən azı 3-4 qəhrəmanın adını daxil edir və sorğularımın təfərrüatlardan məhrum olduğunu görüb məyus olurdum. Hardasa 12-ci səhifədən sonra “xoşqədəmlikdən” vaz keçdim. Elə-belə oxumağa başladım. Bir şeyi yadımda saxladım ki, bütün qəhrəmanlar bir zamanlar qanlı-canlı insanlar olub. Guya hansı qəhrəman elə olmayıb ki? Və bu zaman müəllifi qınamadan keçə bilmədim. Ümumiləşdirmək daha yaxşı olmazdımı? Sırf Nüşabə Ələsgərlidən yazmaq əyləncəli olsa da, nə qədər əhəmiyyətlidir? Axı bütün manıs təbəqəsi aşağı-yuxarı eyni özəlliklərə malikdir. Bəlkə də “Qəbul edilmiş dualar” illərdir Kapotenin özünü təlxəkliyə qoyub, qıraqdan müşahidə etdiklərini qusduğu boşqab ya da səbr kasasıdır. İnanmıram ki, insan dost, yoldaş hesab etdiyi, adlandırdığı yox, insana elə badalaq gəlsin. Zira təsvirlərində müəllif istehza qabiliyyətinin çiçəklənmə dövrünü yaşayır.
Yazıçının mütaliə etdiyim üç əsəri mənə üç fərqli təəssürat bəxş edib. “Tiffanidə səhər yeməyi” oxuduğum ən zəif əsərlərdəndir. Bu qədər sevilməyinin səbəbini eyniadlı filmdə Odri Hepbernin çəkilməsini görürəm. Müəllif qələmini ən az bu əsərdə “gücə salıb”.
Soyuqqanlılıqla” əsərini oxuduqca sanki Cim Kerrinin dramatik janrda ekranlaşdırılmış filminə baxırdım. Niyə məhz bu aktyor? Çünki Kapote ədəbiyyat dünyasının Cim Kerrisidir. Ən yüngül əsəri də Cim Kerrinin göy qələmlə “Pen is red” yazmaq istədiyi halda, qələmin “Pen is blue” yazmasına oxşayır. 
“Qəbul edilmiş dualar” isə qısametrajlı əcnəbi film nominasiyasında mükafata layiq görülmüş ekran işi təəssüratı bağışladı. Söhbətin nədən getdiyini bilməsəm də, operator işinin peşəkarlığına aşiq oldum. Eyni dərəcədə ssenaristin vulqar sözlərdən istifadə etmək peşəkarlığını da qeyd etmək olardı.
Və bu yaxınlarda əlimə, daha doğrusu, telefonuma aldığım Kolum Makkenin “Rəqqas” əsəri bir daha sübut etdi ki, hər növbəti əsər əvvəlkinə və ya özündən sonrakına keçiddir. Təbii, mənim kimi işarələrə inananlar üçün. 
“Rəqqas” baletdə inqilab etmiş, SSRİ-dən qaçmış, qlamur ikonaya çevrilmiş, nəinki pa hərəkətləri, həmçinin davaları ilə məşhurlaşmış Rudolf Nuriyevin həyatından bəhs edir. Roman belletristik bioqrafiya olmasa da, süjetdəki təsvirlərdə həqiqət payı çoxdur.
Yazıçının irland olması SSRİ dövrünün təsvirinə mənfi təsir göstərməmişdi, əksinə müharibədən sonrakı dövrün təsviri babamın hekayələri ilə düz gəlirdi. SSRİ uşaqlığımızın keçdiyi təmirsiz ev kimidir, böyüdükcə necə eybəcər olduğunu dərk etsək də, o evə nifrət edə bilmirik, adına rast gəldiyimiz hər yer bizə doğma və əziz gəlir.
Müşahidələrim:
  • Hər iki əsərin baş qəhrəmanı ağzını söyüşlə açır, söyüşlə bağlayır.
  • Hər iki əsərin baş qəhrəmanı homoseksualdır. (Bu dəm tez-tez istifadə etdiyim ifadə yadıma düşdü: “Xoşuma gəlir, araşdırıram, ya mavi çıxır, ya yəhudi”)
  • Hər iki əsərin baş qəhrəmanı məqsədinə çatmaq üçün bütün əxlaqsızlığa və əziyyətə razıdır.
  • Hər iki əsərdə Jaklin Kennedi, Samuel Bekket və s. bu kimi məşhur isimlər var. Hətta Truman Kapote “Rəqqas”ımızın evində təşkil olunan ziyafətlərin əsas qonaqlarındandır.
Sonda Rudolf Nuriyevin uzun illər tərəf müqabili olmuş Marqo Fonteyn ilə “Sonalar gölü” baletindən sevimli səhnəmi paylaşmaq istərdim. 
 
p.s. Daha xoş bir duyğu – qəhrəmanınla, indiki halda Rudiklə mütaliə zövqümüz üst-üstə düşür
 

Roman à clef * (Açarlı romanlar) – XVI əsr İspaniya və XVII əsr Fransada yayılmağa başlayan,  şərti tarixi və mifoloji personajlar arxasında müasir saray adamlarının gizləndiyi kübar romanlardır. Çox vaxt belə romana “açar” təklif edilirdi. “Açar” siyahıdan ibarət olurdu. Siyahıda saray adamlarının hansı personaj kimi şifrələndiyi qeyd olunurdu.