Sabahattin Alinin “İçimizdəki şeytan” əsərini bəyənməyimə səbəb müəllifin üslubunda hiss etdiyim “rus ruhu” oldu. Bəlkə də özümdən uydururam, bəlkə də sevgimə bəhanə axtarıram. Amma qəhrəmanımızın da dediyi kimi, bizi sevməyimiz deyil, niyə sevdiyimizi bilməməyimiz həyəcanlandırır.
Yoxsul tələbə həyatı, dünyanı və ya ən azından yaşadığı mühiti dəyişəcəyinə axmaqcasına inanan psevdo-intellektualların təşkil etdiyi, mübaliğəli sözlərlə zəngin yığıncaqlar, müqəddəs sayılacaq qədər təriflənən qadın obrazı – Dostoyevski, Turgenev və başqalarını yada salmağıma səbəb olan nüanslar idi.
Doğulduğu gündən etibarən özünü müdrik insanlar kimi aparanlara həmişə paxıllığım tutub. Bu əsərdə “paxıllıq obyektim” Macidə oldu. Müşahidələrimə əsasən deyə bilərəm ki, kişi yazıçıların sevdiyi iki növ qadın tipi var:
- Heç nə tələb etmədən və heç nə istəmədən sevən, gözləyən, fədakarlıq edən, sevdiyi qatil olsa belə, onu göylərə ucalda bilən qadın;
- Heç nəyə baxmayaraq qərarlarından dönməyəcək qədər qətiyyət nümayiş etdirən, xeyirlə şər arasındakı o incə sərhədi görə bilən qadınlar.
İkinci tipə aid olan Macidə xanımın timsalında bir daha şahid oldum ki, insan sevdiyi və ya nifrət etdiyi biri ilə bütün əlaqələri heç bir vicdan əzabı çəkmədən poza bildiyi halda, yazığı gəldiyi biri ilə belə davrana bilmir. Ona görə aşiq olmağı sevməkdən üstün tuturam. Çünki qadınlar adətən mərhəmət hissini sevmək hissi ilə dəyişik salırlar.
Macidəyə duyduğum bütün hörmətə baxmayaraq, Öməri özümə daha yaxın hesab etdim. Bəlkə ona görə ki, o da mənim kimi “sabahdan artıq filan şeyə başlayacam” deyib, səhər olan kimi başını qatmağa “mənasız məşğuliyyət” tapan tənbəllərdəndir. Ona qarşı hiss etdiyim bütün nifrət, əsəb əslində özümə qarşı idi. Keyfiyyətsiz “vaxt öldürmələr”, “yola vermələr” və s. Gərək mən də “soxulcanınkına” bənzər həyatımı kənardan müşahidə edib məni təpikləmək, dümsükləmək, çimdikləmək istəyi ilə yanıb-yaxılan oxucu tapım. Əks halda, gələn il ad günüm ərəfəsində yazacağım monoloqun manşetini Ömərin bu cümləsi bəzəyəcək:
“Otuza yaklaşmaktayım… Bugüne kadar ne yaptığımı düşündüm. Bir sıfırdan başka netice alamadım. Hayatta hiçbir şey yapmış olmamak gibi korkunç ve utandırıcı bir şey var mı?”
İçimizdəki şeytana gəlincə, qəhrəmanımız qədər ondan qorxmur, bütün bədbəxtliklərimin səbəbini onda görmürəm. Tam əksinə, onun mövcud olma ehtimalını belə sevə bilərəm. Çünki yalnız o bu durğun həyatın “doğru həyat” olmadığını söyləyə bilər.
p.s. Türk ədəbiyyatında sevmədiyim daha bir cəhəti bu romanda tapdım. İngilis, rus ədəbiyyatı kimi qadını estetik zövqün təzahürü kimi deyil, hər növbəti səhifədə, hər növbəti fəsildə təcavüzə məruz qalacağından ehtiyat etdiyin məxluq kimi təqdim etməsidir. Türk ədəbiyyatında qadın həmişə “əsas” qəhrəman ola bilmir, həmişə “əsasların” murdar xislətini önə çıxarmaq üçün istifadə edilir.
p.p.s.s. Hər şeyin səbəbi kitabın ilk səhifələrində əlimə aldığım сгущенное молоко bankası ola bilər.