Gün gəlir elə bir yaşa çatırsan ki, bir vaxtlar üsyan etdiyin şeylərə haqq qazandırmağa başlayırsan. Valideynlərini başa düşürsən ya da başa düşməyə çalışırsan, yüksək səslə musiqi dinləmirsən ya da dinləyə bilmirsən, məkan deyil, mühit əhəmiyyət kəsb etməyə başlayır, uşaqlarla səbrli davranırsan, elə böyüklərlə də. Xeyirlə şər anlayışının arasındakı o geniş uçurum bir az daha daralır. Prinsiplərinin də rəflərə düzdüyün anlayışlar kimi dəyişkən, nisbi olduğunu görürsən.

Pafoslu cümlələr kimi pafoslu insanlardan da uzaqlaşırsan. Başa düşürsən ki, gözəllik elə sadə cümlələrdədir: “sevirəm”, “darıxmışam”, “tez gəl”, “tez sağal”, “tez qayıt”, “gec öl”, “güc ol”.

Sevinci deyil, istehzanı seçirsən. Kədəri deyil, istehzanı seçirsən. İstehza bütün seçimlərinin qəhrəmanına çevrilir. Qəhrəmana çevrilə bilməyən insanın seçimi kimi. Əslində bədbəxt olmadığını başa düşürsən. Heç xoşbəxt də deyilsən. Sadəcə seçimsizsən. Ya da bir seçimin var. Fikirləşirsən: niyə bir seçimin olması da seçimlilik göstəricisi hesab edilir?

Lüğətinə yeni sözlər daxil olur. Çıxış yolunun adı Momo olur, bəxtin və bəxtsizliyin adı Duqlas Qrayms, saflığın adı Trille, dostluğun adı isə Filiber.

Aldığın hədiyyələrin növü dəyişsə də, sayı sabit qalır. Otuz il ömür sürmüş bir insan kimi sabit kəmiyyətlərə nifrət etməyə başlayırsan. Sonra kəmiyyətin ədədi qiymətinin azalmaması üçün dua edirsən. Duaya inanmadığın halda, duanın gücünə ümid edirsən.