Məncə müəyyən əsərlər var ki, onların ərsəyə gəlməsi xüsusi istedad və təxəyyül gücü tələb edir:

  1.  Distopik əsərlər (“1984”, “Heyvanıstan”, “Məni heç vaxt buraxma”, “451′ farenheyt”, “Dəmir daban”);
  2.  Uşaq dili ilə nəql olunan əsərlər (“Dəhşət ucadan və inanılmaz yaxın”, “Qalın dəftər”, “35 kiloqram ümid”, “Vafli ürək”);
  3.  Uşaq dili ilə nəql olunan distopik əsərlər (hərçənd bu bəndə aid kitablara rast gəlməmişəm)

“ACT” (Moskva) nəşriyyatının “Dünyanı dəyişən kitablar. Nəsilləri birləşdirən yazıçılar” şüarı altında çıxan “Eksklüziv klassika” seriyası var. Bu seriyadan olan kitabların tərtibatını, üzqabığını və s. bəyənirəm. Entoni Börcesin “İstək toxum” əsərini də həmin seriyanın siyahısında gördüm, distopik əsər olduğu üçün aldım, qəhrəmanların soyadı “Foks” olduğu üçün oxudum.

Romanda yaxın gələcəkdən bəhs edilir: dünya qlobal əhali çoxluğundan əziyyət çəkir, homoseksuallıq, kannibalizm və məqsədsiz müharibələr norma hesab edilir.
Absurd və antiutopiya sevimli mövzularımdır. Çünki insan fantaziyasının nələrə qadir olduğunu, sərhədləri nə qədər aşa biləcəyini göstərir, bütün qorxulu şeylər kimi əyləncəlidir.

Əsəri mütaliə etdikdən sonra onu 4 hissəyə böldüm: seks, din, müharibə və sevgi. Burada seks nəsilartırma üçün deyil, fiziki akt kimi icra edilir, din mifə çevrilib, nadir halda rast gəlinən dindarlar təqib olunur, müharibələr tənqid olunub pislənsə də, həmişə son vasitə kimi ona əl atılır, sevgi isə… qalib gəlir.

Yazıçı göstərir ki,ya da mən elə görürəm ki, nə qədər qadağa qoyulursa qoyulsun, nə qədər anti-şüarlar yazılırsa yazılsın, nə qədər təbliğat aparılırsa aparılsın, insan təbiətinə qarşı çıxa bilmir, instinktlərinin varlığı olmaqdan vaz keçmir: boynuna yüklənən bütün əlavə məsuliyyətə baxmayaraq, nəsil artırmaq istəyir, hər dəfə puça çıxan ümidlərinə baxmayaraq, inanmaq istəyir, bütün bəhanələri qurtarıb qana susayanda döyüşmək istəyir, amma ən əsası sevmək istəyir.

Bütün ümidsizliyə baxmayaraq, həmişə qalib gələn sevginin şərəfinə:

Beatris-Coanna ona qısıldı və hər şey – nəhəng səma, həyat verən dəniz, bəşəriyyətin gələcək tarixi, bugünkü şəhərin göydələnləri, şpildəki saqqallı kişi – onun bədəninin istiliyi, onun ağuşunun möhkəmliyinin arxasında qaldı. O, dəniz, günəş, göydələn oldu. 

p.s. “ACT” nəşriyyatı əsəri yenidən tərcümə elətdirib, “Семя желания” adı altında dərc edib. Qeyd etməliyəm ki, tərcüməsindən məmnun qalmadım. Əgər əsəri rusca oxumaq qərarına gəlsəniz, birinci tərcüməni – “Вожделеющее семя” adı altında işıq üzü görən kitabı əldə edin.