Tanışlıq

Dostoyevskidən sonra özümü aylarla yorğan-döşəyə düşmüş xəstə kimi hiss edirəm. Yəqin əsərlərindəki o soyuğun, ümidsizliyin və qaranlığın təsiridir. Və xəstəliklə mübarizədən qalib çıxmış bütün insanlar kimi sinə dolusu nəfəs alıb, günəşli havada gəzintiyə çıxmaq istədim. Təbii ki, məcazi mənada. Tərcüməsi isə bu deməkdir: daha yüngül əsər oxumaq üçün axtarışlara başladım.

Və elə həmin dəm qarşıma belə bir siyahı çıxdı: “İnsanın hər şeyi dəf edə biləcəyini göstərən 10 kitab“. Başlıqdakı kəramətə diqqət.

Təəssüratlar

Qatı Şerlok Holms həvəskarıyam. Siyahıda “Moriarti” soyadını görən kimi yazıçını araşdırmağa başladım. Məlum oldu ki, ən məşhur əsəri “Ərimin sirri”dir. Uzun sözü qısası, müasir sezarların da dediyi kimi, yüklədim, oxudum və  zövq aldım. “Chick-lit” nümunəsi kimi əlimə alsam da psixoloji roman olduğunu görüb təəccübləndim.

Sanki vaxtilə ailə psixoloqu kimi fəaliyyət göstərən müəllif təqaüdə çıxdıqdan sonra roman yazmaq qərarına gəlib. Əsərdə bir tərəfi qadın olmaqla demək olar ki bütün münasibətlər təsvir edilib: ana-oğul, ana-qız, bacı-bacı, xalaqızı-xalaqızı, xala-bacı qızı, arvad-ər, arvad-ərin sevgilisi, arvad-keçmiş sevgililər və s.

Bir sirr neçə adamın həyatını dəyişə bilər? Deyəsən “kəpənək effekti” tərəfdarı olan Moriarti göstərir ki, çox adamın. Bir sirr neçə adamın həyatını məhv edə bilər? Yenə də çox adamın. Bəs bir sirr neçə adamı xilas edə bilər? Yenə də çox adamı.

Öyrəndiklərim

  1. Heç vaxt yekə-yekə danışmaq lazım deyil. Bu gün “yox”, “əsla” dediyinə, sabah “ola bilər”, “bəlkə” deyə bilərsən. Müşahidəçi qismində çıxış etdiyin müddətcə hökm oxumaq, tənqid etmək, “ədalətli davranmaq” çox asandır, elə ki, səbəbkara və ya səbəbkarın yaxınına çevrilirsən, bütün qütblər dəyişilir.
  2.  “Həqiqət” həmişə ən yaxşı seçim olmaya bilər. Çünki “həqiqəti bilmək”lə, “həqiqəti qəbul etmək” başqa-başqa şeylərdir. Hələ  “həqiqətlə yaşamaq” bəzən hər gün ölməyə bərabər olur.
  3.  Ən yaxşı tanıdığımız insan da tanıdığımız kimi çıxmaya bilər. Və əsas sual: tanıdığımız kimi çıxmayan insanı yenidən tanımağa çalışmaq lazımdırmı? Cəhdlərin sayı nə ilə ölçülür? Bir vaxtlar ona duyduğumuz sevginin dərəcəsi ilə? Yoxsa duymağa başladığımız peşmanlığın dərinliyi ilə?

Maraqlı məlumat

  • Lian Moriarti (Liane Moriarty) 1966-cı il noyabr ayında dünyaya gəlib. Ailədə ilk övlad olduğundan anası onun bütün hərəkətlərini cidd-cəhdlə gündəliyində qeyd etməyə çalışıb: Lian anadan olandan bir neçə saat sonra atasına gülümsəyib, dediyi ilk söz “bul” olub və s.;
  • Mütaliə sevgisi o qədər çox olub ki, onu qonaq çağıran rəfiqələri əvvəlcədən ortalıqda heç bir kitab saxlamırmış;
  • İlk hekayəsini məktəb illərində yazıb. Atası qızını həvəsləndirmək üçün bir dollar qonorar təklif edib kiçik hekayə yazmasını xahiş edib. Nəticədə Lian “Ölü adasının sirləri” adlı üç hissəli epos qələmə alıb;
  • Yazıçı əri və iki uşağı ilə Sidneydə yaşayır. Sevimli məşğuliyyətlərinin arasında sualtı üzgüçülük, su xizəyi kimi idman növləri var.

Rəsmi saytı: lianemoriarty.com.au

p.s. Nikol Kidman (Nicole Kidman) və Riz Uizerspun (Reese Witherspoon) yazıçının “Böyük kiçik yalanlar” (“Big Little Lies”) əsəri əsasında çəkilən seriala  prodüsserlik etməklə yanaşı, həm də aktyor kimi çıxış edəcəklər. Ekran işinih gələn il işıq üzü görəcəyi planlaşdırılır. Həyəcanla gözləyirəm.

p.p.s.s. Lian Moriartinin digər altı romanını oxumaqda qəti qərarlıyam.