Yurdumuzun məşhur sığorta şirkətlərindən birinə müsahibəyə çağırılmışdım. CV-mi təqdim etdiyim vakansiya məlumatlar bazası üzrə mütəxəssis idi. Standart sual-cavabdan sonra HR əlində tutduğu qələmi mənə göstərib dedi:
– Bu qələmi mənə satın.
E-poçtda “Mövzu” bölməsinə daxil etdiyim vəzifənin adını bir daha yada salıb təəccüblə soruşdum:
– Niyə?
Və həmin an HR-dan çox fəlsəfi cavab eşitdim:
– Çünki satış prosesində insanın bütün qabiliyyəti üzə çıxır.
– Onda mən ən qabiliyyətsiz adamam, – deyib otağı tərk etdim.
Mənə “Bu ilin necə keçdi?” sualını ünvanlayan hər kəsə bu əhvalatı danışmaq istərdim. Çünki ilim məhz belə keçdi: namünasib suallara cavab tapmaqda çətinlik çəkdim, münasib sualları isə verən olmadı.
Mən də istərdim ki, “Moskva göz yaşlarına inanmır” filmindəki kimi uşaq çığırtısı altında gecə lampasını söndürüm, yandıranda isə zavod direktoru olum. Amma gəl gör ki, vaxtımı bu il də kinoya baxmaq, kitab oxumaq və kitablardan seçdiyim qeydləri tərcümə etməklə keçirdim. Bu üç proses isə artıq əvvəlki həzzi vermirdi. Səbəbini özüm də bilmirəm. Cem Yılmazın da dediyi kimi, “ne kadar enerjiyiz ya, hadi kampa gidelim, sırayla ölelim…”
Bu il baxdığım ən yaxşı filmlər (“zövqlər müxtəlifdir” bəhanəsinə sığınmadan, ən çox sevdiyim səhnələrin şəkilləri ilə):
- “Çobanyastığı” (“Daisy”, 2006);
- “Uve adlı kişi” (“A man called Ove”, 2015);
- “Dahi”(“Genius”, 2016);
- “Dəlil” (“Clue”, 1985);
- “Quldurlar”(“Bandits”, 2001);
- “Bizim möhürümüz böhrandır” (“Our Brand Is Crisis”, 2015);
- “Başqalarının həyatı” (“The Lives of Others”, 2006)
- “Qətl” (“The Killing”, 2011-2014);
- “River” (“River”, 2015)
- “Sözlər bağı” (“The Garden of Words”, 2013);
- “Zamanı ram edən qız” (“The Girl Who Leapt Through Time”, 2006)
- “Zootopiya” (“Zootopia”, 2016);
- “Yaxşı dinozavr” (“The Good Dinosaur”, 2015)
- “Sosis əyləncə gecəsi” (“Sausage party”, 2016);
- “Qatardakı qız” (“The Girl on the Train”, 2016)
Keçək kitablara – nominasiyalar üzrə:
- Ən çox güldürən: “Damdabacanın gündəliyi” (“Дневник Домового”, Евгений ЧеширКо);
- Müəllifi olmaq istədiyim: “Momo” (“Momo”, Michael Ende);
- Tərcüməçisi olmaq istədiyim: “Vafli ürək” (“Waffle Hearts”, Maria Parr);
- Tarixi məlumatlar aldığım: “Çili noktürnü” (“By Night in Chile”, Roberto Bolaño);
- Üslubundan həzz aldığım: “Beşinci personaj” (“Fifth Business”, Robertson Davies); “Görnsi ədəbiyyat və kartof qabıqlarından hazırlanan piroq sevərlər klubu”(“The Guernsey Literary and Potato Peel Pie Society”, Shaffer, Mary Ann);
- Adına aldandığım: “Xoşbəxt insanlar kitab oxuyur və qəhvə içirlər) (“Les gens heureux lisent et boivent du café”, Agnès Martin-Lugand);
- İlk abzasından təsirləndiyim: “Onun unutduğu ilk adam” (“Le premier oublié”, Cyril Massarotto)
– Salam, ana.
– Siz kimsiniz?
Dünyam beləcə dağıldı: bir cümlə və mən onun unutduğu ilk adam oldum.
- Tanışlığımdan məmnun olmadığım: Paula Hawkins, Neil Gaiman
- Dostlaşdığım: Haruki Murakami, Liane Moriarty, P.G. Wodehouse
- Məqsədimdən və məramımdan asılı olmayaraq, heç vaxt yemək bişirmək, paltar ütüləmək və mebel tozu silmək kimi proseslərdən həzz almayacam;
- Yaşım neçə olursa olsun, Colin Firt, Kıvanç Tatlıtuğ və Sandra Bullock-ın çəkildiyi filmləri/serialları acgözlüklə izləyəcəm;
- Jane Austen əsərləri əsasında ekranlaşdırılmış kinoları səbirsizliklə gözləyəcəm;
- Qarderobumda həmişə cins şalvar və lofer olacaq;
- Bütün mübahisələrdə kişiləri günahkar görməkdən vaz keçməyəcəm;
- Ev telefonu ilə danışmağı, qocalarla ünsiyyət qurmağı öyrənə bilməyəcəm