“Frida”dan sonra qadın rəssam haqqında çəkilmiş ikinci filmə baxdım: “Seraphine” (2008). Ekran işi fransız rəssam Serafina Luinin həyat və yaradıcılığından bəhs edir. Cahilliyimə sığınaraq boynuma almalıyam ki, bugünədək nə bu rəssam, nə “naive art” cərəyanı barəsində eşitməmişdim. Film bir xeyli çakralarımı açdı. Qəhrəmanlarımızdan birinin də dediyi kimi, terminologiya məni narahat etmir, o məni qorxudur.

Adam məəttəl qalır ki, belə kobud qadın ağır işdən şişmiş qaba barmaqları ilə necə belə zərif əsərlər yarada bilər. Adam məəttəl qalır ki, bütün bu ehtiyacın içində insan necə olur yaratmaq həvəsini itirmir? Necə olur bu qədər bir şeyə aludə ola bilir? Qarşılığını, əvəzini gözləmədən cansız rəngləri, yapışqanları, fırçaları bu qədər sevə bilir? Mən toxuduğum köynəyə kiçik bir naxış vuranda bütün bəşəriyyətdən təşəkkür gözlədiyim halda, istedadı məndən dəfələrlə çox olan bir qadın necə olur ki, bu qədər təvazökar olur?

Ümumiyyətlə, istedadından xəbərsiz istedadlı insanların təvazökarlığı qədər ürəyimə yağ kimi yayılan ikinci bir şey varsa, o da yaraşıqlı insanların öz cazibədarlığının fərqinə varmaması və hər kompliment eşidəndə utandığını görməkdir.

Üç saata yaxındır ki, film bitib, mən hələ də Google-da rəssamın əsərlərinə baxmaqdan doymuram. Yaxşı yadımdadır, ilk dəfə bu hissi xalam qızı Aynurla bizim evin eyvanında kaleydoskopa baxanda yaşamışdım. O vaxt kaleydoskop məni nağıllar dünyasının sehrinə aparmışdı, Serafina Lui isə həmin sehrin varlığına inandırdı.

Seçmək çətin olsa da, deyəsən buna aşiq oldum:

p.s. Tomas Vulfları oxumağımız üçün Maksvel Perkinslərə ehtiyacımız olduğu kimi, Serafina Luiləri tanımağımız üçün də Vilhelm Udelərə ehtiyacımız var.