Bir gün sən o qədər böyüyəcəksən ki, yenidən nağıl oxumağa başlayacaqsan. 
Klayv Luis

Bacımla mənə oxunulan ilk nağılın müəllifi Şarl Perro olub. Yadımdadır, anam kəndə getmişdi və o vaxt həyət evində yaşayan bütün ailələrdə olduğu kimi kitabxana məqsədilə istifadə edilən damlarından bizə bir neçə kitab gətirmişdi. Atam bunlardan Şarl Perronun nağıllar toplusunu seçib hər axşam bizə oxuyurdu. Kitab rusca idi, atam hər cümləni oxuyandan sonra tərcüməsini deyirdi. Ancaq bir müddətdən sonra nağılları o qədər əzbərləmişdik ki, artıq tərcüməyə ehtiyac qalmamışdı. Kitabdakı şəkillər ağ-qara olduğundan təsvirlərə əsasən bacımla onları xəyalən rəngləmişdik də. Nağılların içində bacım ən çox “Küllücə”ni, mən isə “Göysaqqal”ı xoşlayırdım. Mənə elə gəlirdi ki, “Göysaqqal” həqiqətə ən uyğun gələn hekayədir: zira balqabaqdan fayton olmazdı, pişik çəkmə geyinə, canavar danışa bilməzdi, amma ər arvadlarını öldürə bilərdi.

Nağıllar dünyasına Şarl Perro ilə başlayan səyahətimizə sonra Qrimm qardaşları, Andersen, Kiplinq, Lindqrenlə davam etsək də, bu vaxta kimi “Göysaqqal”“Qaratoyuq kral” ən sevimli nağıllarım olaraq qalır. Artıq 30 yaşı haqlamağıma baxmayaraq, hələ də uşaq kitabxanası nümunələrini oxuyanda bir başqa həyəcanlanır, süjetinin əsasını nağıllar, əsatirlər, əfsanələr təşkil edən hekayələri, romanları mütaliə etməkdən bir başqa zövq alıram.

Bu yaxınlarda maraqlı bir annotasiya oxudum və dərhal kitabı – Keyt Mortonun “Unudulmuş bağ”ını yüklədim, əsərin həcmi böyük olsa da, cəmi bir-iki günün içində oxuyub qurtardım.

 Mütaliə boyu həmin o uşaqlıq həyəcanını, səbirsizliyini yenidən yaşadım. Bütün “ifritələrə”, “əjdahalara”, “divlərə” baxmayaraq, ilk səhifələrdən içimdə yaranan hiss – sonda xoşbəxt sonluğa varılacağına inam bir daha sübut etdi ki, sadəlövhlük hələ də əsas məziyyətlərimdən biri olaraq qalır.

Üç qadının (Eliza, Nell, Kassandra) həyatı, hər qadının fərqli xoşbəxtlik anlayışı, fərqli bədbəxtlikləri, fərqli istəkləri, üç dövr, hər dövr üçün fərqli əxlaq normaları, fərqli mühit, fərqli təhkiyə üslubu.

— Почему я должен принести именно три пряди королевы фей? — спросил юный принц старуху. — Почему не две или четыре?
Старуха наклонилась к нему, но прясть не перестала.
— Другого числа нет, дитя мое. Три — число времени. Разве не думаем мы о прошлом, настоящем и будущем? Три — число семьи. Разве не говорим мы о матери, отце и ребенке? Три — число фей. Разве не ищем мы их между дубом, ясенем и боярышником?
Юный принц кивнул, ибо слова мудрой старухи были истинны.
— Вот почему мне нужны три пряди, чтобы сплести волшебную косу.

Mənə ən yaxın obraz Eliza oldu. Üsyankar ruhuna, dəyərlərinə, zövqünə və həmişə sahib olmaq istədiyim qabiliyyətinə – hekayələr uydura bilmək istedadına görə sevimli qəhrəmanlarımdan birinə çevrildi. Çünki mən də Eliza kimi sözün, hekayənin qüdrətinə, onların yaraları sağaltmaq gücünə qadir olduğuna inananlardanam.

Bundan əlavə, Elizanın yazdığı nağıllara Natanielin çəkdiyi eskizlər mənə yəhudi Markın Lizelə yazdığı və hədiyyə etdiyi pritçanı (“Kitab oğrusu”) xatırlatdı.

Əsəri bitirdikdən sonra atamgilə gedib yenidən Şarl Perronun kitabını vərəqləmək istədim. Amma yadıma düşdü ki, o vaxt bağçanı bitirəndə anam bütün nağıl kitablarımızı yığıb oranın kitabxanasına hədiyyə etmişdi. Praqmatik anama elə gəlirdi ki, “bağça” səviyyəsini adlayan adam üçün nağıllar və oyuncaqlar daha maraq kəsb etməməlidir. Bəlkə də haqlıdır.