Detektiv serialları xoşlayıram. İngiltərə istehsalı olan detektiv serialları isə sevirəm. Sözün əsl mənasında. O dumanlı hava, ciddi geyimlər, istehzalı dialoqlar sanki cinayətə xüsusi yumşaqlıq qatır. İnsana elə gəlir ki, bu cür mühitdən, belə danışan və geyinən insanların arasından yalnız yazıçı və proqramçılar çıxa bilər. Bəlkə də ada-detektivlərini bu qədər sevməyimə səbəb də qorxunu aşılaya bilməməsidir: bir fincan çay içib, intellektual görkəm alıb, dostumuzla kinayəli mədəni söhbət etmək kifayətdir ki, istənilən çətin vəziyyətdən çıxa bilək.

Dünən yenə “dozamın vaxtı çatmışdı”. Google-ladım (Nizami Cəfərovdən çox xahiş edirəm. Artıq “quqllamaq” feli bizim dilə də daxil edilsin). Və necə deyərlər, “2 in 1” variantla qarşılaşdım: “Artur və Corc” (“Arthur & Geroger”, 2015).

Niyə “2 in 1”? Çünki mini-serial sevimlim Culian Barnsın eyniadlı əsəri əsasında çəkilmişdi.

Həmişə olduğu kimi süjeti oxumadan və araşdırmadan baxmağa başladım. İzlədikdən sonra bir xeyli maarifləndim. Məlum oldu ki, əsər real hadisələr əsasında qələmə alınıb. Söhbət “Edalci məhkəmə işi”ndən gedir.

Fars mənşəli hüquqşünas Corc Edalci (George Edalji) ev heyvanlarının qətlində şübhəli bilinərək həbs olunur. Həbsdən çıxdıqdan sonra günahsız olduğunu sübut etmək istəyən Edalci son vasitəni Artura məktub yazmaqda görür. Özü də elə belə Artura yox, ARTUR KONAN DOYLA. Yazıçı cinayət işini araşdırmağa başlayır. Nəticədə Edalcinin günahsız olduğu məlum olur. Bu hadisə böyük rezonansa səbəb olur, həmçinin Britaniya hüquq sisteminin mükəmməl olmadığını göstərir, müstəmləkə dövlətlərindən çıxanlara qarşı ksenofobiyanı əks etdirir. Məhz Konan Doylun amansız mübarizəsi sayəsində Böyük Britaniyada apelyasiya məhkəməsinin yaradılmasına ehtiyacın olduğu görünür və bu istiqamətdə müsbət addımlar atılır.