“Həyat yoldaşı” (“The Wife, 2017) filminin treylerini izlədiyim gündən bəri səbirsizliklə intermetə düşəcəyi anı gözləyirdim. Çünki süjeti “İri gözlər“ə (“Big eyes”) çox oxşayırdı.
Qadın əməyinin istismarı, iddialı kişi kölgəsində yaradıcı qadın, mübarizə gözlədiyim halda simbioz paratizmə şahid oldum. Məlum oldu ki, qadın mühitin təzyiqi, şantaj, hədənin deyil, sırf öz rahatlığı, utancaq xarakteri, qorxaqlığı ucbatından ərinin kölgəsində yaşamağa, özü qələmə aldığı əsərləri onun adına çıxmağa razı olub. Fikirləşdim ki, evi yığışdıran, yeməyi bişirən, uşaqlara baxan bir kişi tapsaydım, mən də böyük məmnuniyyətlə onun yerinə əsər yazardım. Zira bu, onun etdiklərinin müqabilində ona verə biləcəyim ən kiçik, əhəmiyyətsiz fədakarlıq olardı.
Yaradıcılıq nümunəsinə nadir halda rast gəlindiyi üçün sanki həmin nümunənin yaranma prosesini də həddindən çox şişirdiblər. Guya gündəlik məişət işləri ilə məşğul olanlar daha az yorulur, ya da onların əməyi mükafatlandırılmağa layiq deyil. Dolmanın içlik qiyməsini yarpağa çatdırmaq, sonda bu ikisindən birinin daha çox qalmamasına, ikisinin də eyni vaxtda bitməsinə nail olmaq bir səhifəlik məqalə yazmaqdan daha çətin işdir. Ya da məni danışdıran gündəlik, xırda çətinliklərin bayağılaşması, əhəmiyyətsiz bir şey kimi təqdim edilməsidir. Sən kino çəkirsənsə, mahnı bəstələyirsənsə, mükafat almaq potensialına malik insanlar siyahısına düşürsən, amma köynəyə ütü çəkərkən qoluna xətt düşməməsinə çalışırsansa, bunun heç bir önəmi yoxdur. Yəqin postu ütünü söndürdükdən sonra yazdığım aydın olur.
Qayıdaq filmə. Nobel mükafatının təqdimedilmə mərasimi, səhnə arxasında baş verən hazırlıqlar barədə daha çox şey görmək istərdim. Ziyafətdən və hotel otaqlarından başqa heç nə görmədim. Yəqin elə reallıq da ziyafət və hotel otaqlarından ibarət olur. İki dəqiqədən bir böyük rakursda nümayiş etdirilən Qlenn Klouzun (Glenn Close) kira-naytlisayağı (Keira Knightley) eyni donuq sifətində ağrı çəkdiyini, yoxsa sevindiyini, yoxsa qəzəbləndiyini, ya da mən ağılda olan tamaşaçılara sürpriz edib öldüyünü ayırd etmək çətin gəlirdi. Bu qadın bu qədər tamaşaçı və rejissor sevgisini necə qazana bilib? Hansı özəlliyi ilə? Qlenn Klouzun “xarizması” da atdığım sosisi yeməyən pişik kimi əbədi müəmma siyahımda yer alacaq.
Bir də hər səhnədə “kinder” yumurta kimi qarşımıza çıxan, vicdan səsini tərənnüm edən jurnalist obrazı əsəblərimə toxundu. Qış günü isti lyuks mehmanxanadasan. Get pivəni iç, yat da. (Bax: aşağıdakı şəklə)
Filmə bəslədiyim ümidlərin puç olmasına baxmayaraq, Meq Volitserin (Meg Wolitzer) eyniadlı əsərini alıb oxumaqda israrlıyam.