Bacım Yeni il münasibətilə mənə Çexovun seçilmiş pyeslərindən ibarət bir kitab hədiyyə etmişdi. Utana-utana etiraf etməliyəm ki, bu yaşıma kimi Anton Pavloviçin yalnız hekayələrini oxumuşdum.
Anton Çexov “Qağayı” (“Чайка”)
Biri var idi, biri yox idi. Göl kənarında yaşayan bir Qağayı (Nina) var idi. Bu qağayı yüksəklərdə uçmaq (aktrisa olub, şöhrət qazanmaq) istəyirdi. Lakin günlərin bir günü özünü təsdiq etmək istəyən ovçu (Boris Triqorin) quşu öldürür (aktrisanın gələcək taleyini, karyerasını məhv edir).
Cem Yılmazın sözü olmasın, pyesdə “mahelle tren yapıyor”. Medvedenko Maşanı, Maşa Treplyovu, Treplyov Nina Zareçnayanı, Nina Triqorini, Triqorin isə Arkadinanı (?) sevir. Bütün personajları bir xüsusiyyət birləşdirir: hər biri taleyi ilə təkbaşına mübarizə aparır, heç biri digərinə kömək edə bilmir. Qəhrəmanlarımızın hamısı bu və ya başqa dərədəcə həyatdan narazıdır, dünyanın onların, hisslərinin və arzularının ətrafında fırlandığını düşünürlər. Ancaq bütün bu ziddiyyətlər antaqonist münaqişəyə səbəb olmur. Onların demək olar hamısı iradəsiz, tənbəl, təşəbbüsdən uzaqdırlar. Ən sevimli obrazım həmişə qara geyinməyini bədbəxt olması, həyatına yas tutması ilə izah edən Maşa oldu.
Süjeti bizim dövrümüzə və bizim reallığımıza tətbiq etsək, İlhamə Quliyevalarla Aygün Kazımovaların, Əkrəm Əylislilərlə Qan Turalıların davasına oxşayır. Məkandan, zamandan asılı olmayaraq, təcrübəsi çox olan istedadı çox olanı həmişə “udur”.
Kitabı oxuduqdan sonra gəldiyim nəticələr, ya da özüm üçün bir daha təsdiqləmiş olduğum nüanslar bunlar oldu:
- Qadınlar uğursuz kişiləri sevmir. İstedadsız kişiləri sevir, ancaq uğursuzları əsla.
- İlk məhəbbət hamının iddia etdiyi kimi saf deyil. Ən eqoist, ən bayağı, ən özündən müştəbeh sevgi elə ilk sevgidir.
- Səni başa düşməyənlərin, sənin arzularını lağa qoyanların ətrafında yaşamaq, onlardan, onların verdiyi rəylərdən asılı olmaq çox çətindir.
Yenə cavabsız suallarımla baş-başa qaldım: Bir arzu məhv edilmiş həyata, böyük qurbanlara dəyərmi? Bütün ömrün boyu keçmişin səhvləri haqqında düşünmək nə qədər doğrudur? Bir insan üçün hansı daha dəyərli olmalıdır: kiçik xoşbəxtlik, yoxsa böyük arzu? (mən deyəsən, bu vaxta kimi ikincini seçmişəm).
Əsər əsasında 2018-ci ildə ekranlaşdırılmış “Qağayı” (“The Seagull”) filmini izlədim. Bu pyes əsasında çəkildiyini nəzərə almasaq, filmi bəyəndim. Məncə, qərb ölkələri, xüsusilə ABŞ rus klassiklərini, rus “ruhunu” başa düşmürlər. Filmdəki dinamika, təmiz təbiət, axıcı həyat ruslara yad bir şeydir.
Ekran işində Arkadina obrazını Annett Beninq (Annette Bening) canlandırır. Aktrisanın ifası onun bir başqa filmini yadıma saldı. Beninq həmin filmdə də – “Culia olmaq” (“Being Julia”) qocaman aktrisa rolunda idi. Qeyd etdiyim film Sometset Moemin “Teatr” əsəri əsasında çəkilmişdi.
Ən yadda qalan sitat: “Qadınlar müvəffəqiyyətsizliyi bağışlamırlar”.
Anton Çexov “Vanya dayı” (“Дядя Ваня“)
“Vanya dayı” da əksər pyeslər kimi münaqişənin üzərində qurulub: bir tərəfdə halal zəhməti ilə işləyən, qazandığı pulla keçinməyə çalışan İvan Petroviç (aka Vanya) və bacısı qızı Sonya, qarşı tərəfdə dəbdəbəli, göstərişli həyat tərzi yaşayan professor Serebryakov və onun gənc həyat yoldaşı Yelena dayanır.
Məndən bu əsəri bir sözlə ifadə etməyimi xahiş etsələr (niyə kimsə belə axmaq fikrə düşsün ki?!), yəqin cavabım “yorğunluq” olar. Vanya obrazı yorğunluğun rəmzi kimi lüğətimə düşdü.
Bir detala fikir verdim: Çexovun təsvirlərində kənd həyatı darıxdırıcı və yeksənəqdir. O dəqiqə bilinir ki, yazıçının kənd həyatından xoşu gəlməyib.
Mütəxəssislərin məlumatına əsasən, Çexov Şekspir və Dikkensdən sonra əsərləri ən çox ekranlaşdırılan üçüncü yazıçıdır. Babalı onların boynuna.
“Vanya” dayını oxuduqdan sonra pyes əsasında ekranlaşdırılmış üç film izlədim. İkisi yerli istehsal idi (“Дядя Ваня“/1970-ci il,”Дядя Ваня“/1986-cı il), biri isə Entoni Hopkinsin rejissor kimi debüt etdiyi “Avqust” (“August“, 1996) filmi idi. İlk ikisi əsərin bütün ruhunu, qeyd etdiyim həmin yorğunluğu tamaşaçıya ötürə bilir. Bütün aktyorlar “Zootopia”-dakı ərincəklər kimi 10 saata ağzını açır, 10 saata yerini dəyişir, bir sözlə, can sıxıntısı…
“Avqust“da hadisələr Uelsdə cərəyan edir. Amma bütün hekayə saxlanılıb. Hopkinsin canlandırdığı Vanya dayı mənə bir az gülməli gəldi.
Bir məsələni də qeyd edim ki, aktyor ilk bəstəsini məhz bu film üçün yazıb: https://www.youtube.com/watch?v=IDzup3mAjVI&t=3s
Yorğunluğu, yorğun insanları müşayiət etmək üçün çox gözəl musiqidir.
London Teatrının qış repertuarında “Vanya dayı” tamaşası da yer alıb. Afişalarına baxdım, növbəti dəfə ingilis olmadığım üçün təəssüfləndim. Belə ki, əsərdə ən bəyəndiyim obrazı – həkim Astrovu “Şimal və Cənub” (“North & South”, 2004) serialından aşiq olduğum Riçard Armitaj (Richard Armitage) canlandırır. Böyük məmnuniyyətlə tamaşaçıların arasında olmaq istərdim.
Anton Çexov “Üç bacı” (“Три сестры“)
Pyesin birinci pərdəsini iki dəfə oxumaq məcburiyyətində qaldım. Bir də ayıldım ki, oxuduqlarımdan heç nə başa düşmürəm. Buna səbəb bir-biri ilə uzlaşmayan dialoqlar idi. Sanki qəhrəmanlar hərəsi öz aləmində monoloq söyləyirdi. Eləmə tənbəllik, ara verib, əsəri araşdırmaq qərarına gəldim. Məlum oldu ki, Çexov əsərində insanlar arasında əlaqəsizliyi nümayiş etdirmək üçün belə bir fənddən istifadə edib. Bu, bir növ kar insanların söhbətinə oxşayır. Və bu üslub özünü ən çox “Üç bacı” (hər dəfə adını çəkəndə, istər-istəməz dalına “dolması” kəlməsini əlavə etmək istəyirəm) pyesində göstərib.
Axtarış zamanı maraqlı bir fakta rast gəldim. Dramaturq Pyotr Qnediç məktublarının birində Lev Tolstoyun Çexov tamaşaları ilə bağlı ironiyalı fikrini qeyd edib: “Əgər sərxoş həkim divanda uzanıbsa və çöldə yağış yağırsa, onda bu, Çexovun fikrincə, pyesdir, Stanislavskinin fikrincə əhval-ruhiyyədir; mənim fikrimcə isə can sıxıntısıdır və divanda uzanmaqla heç bir dramatik hərəkət əldə etmək mümkün deyil…“
Əsərdə Moskvaya qayıtmaq istəyən üç bacıdan bəhs edilir. Bəli, Çexovun süjetləri həyatın özü qədər sadədir. Həmin bacıların Moskva həsrətini oxuduqca, Riçard Yeytsin “Dəyişikliklər küçəsi” yadıma düşdü. Eynilə, təkcə elə Parisdə yaşamaq arzusuna görə başqa cütlüklərdən fərqli olduqlarını düşünən Frenk ilə Eypril kimi bu üç bacı da Moskvada həyatlarının tamam başqa cür olacağını düşünürlər.
Yağışdan sonra çıxan göbələklər kimi sayları günü-gündən artan, ali missiyasının kainata müsbət mesaj göndərməkdən ibarət olduğunu hesab edən a-lya “TedX” spikerlər uğur qazanmaq üçün birinci qarşıya məqsəd qoymaq lazım gəldiyini deyirlər. Qəhrəmanlarımız da qarşılarına məqsəd qoyublar: Paris və ya Moskva. Bu, məqsəddən daha çox əlçatmaz arzuya oxşayır. Hər dəfəsində həmin məqsədə çatmaq üçün addım atmaq lazım gələndə, onlar qərarlarını təxirə salırlar.
Təxirə salmaq mənə elə doğma hissdir ki… Doğulduğun yerə aid olmadığını bilmək, xoşbəxt olmaq üçün mütləq “harasa” getməli olduğunu düşünmək… Və bunun üçün heç nə etməmək, daim təxirə salmaq… Həyat isə uçur. Sənin, mənim, Frenkin, Eyprilin, Maşanın, İrinanın arzularına məhəl qoymadan, hətta həmin arzuları tapdalayaraq keçib gedir. Geriyə nə qalır? Fərqli olmadığının acı reallığı!
Aman Allah! Mən hər şeyi, hər şeyi yadımdan çıxarmışam, təmiz yadımdan çıxarmışam… Başımı itirmişəm. Mən bilmirəm italyanca pəncərəyə, ya bu tavana nə deyirlər… Hər şey yadımdan çıxır, hər gün unuduram, həyat isə dayanmadan keçir və heç vaxt qayıtmayacaqdır, heç vaxt! Biz heç vaxt Moskvaya getməyəcəyik!
…
Mən həmişə gözləyirdim ki, Moskvaya köçəcəyik, orda əsl istədiyimə rast gələcəm, onun surəti xəyalımdan çıxmırdı, onu sevirdim… Lakin hər şey, hər şey boş və mənasız bir xəyal olaraq qaldı.
Bacılardan birinin əri Fyodor Kuligin gimnaziyada müəllim işləyir. Baldızının ad günündə gimnaziyanın tarixi və fəaliyyəti ilə əlaqədar qələmə aldığı kitabı ona hədiyyə edir. Yadıma universitet illərim düşdü. Onda da kafedra müdirləri yazdıqları (yazdırtdıqları) kitabları, dərslikləri tələbələrə paylayırdılar. Hələ Kuligin onlardan kişi adamdır, hədiyyə edir. Bizimkilər pulla satırdılar.
Ən yaddaqalan sitat: “Bizim direktor deyir: hər bir həyatda əsas məsələ onun şəklidir. Şəklini itirən hər bir şey məhv olur, bizim adi həyatımız da belədir”.
Anton Çexov “Albalı bağı” (“Вишнёвый сад“)
Bilmirəm niyə, ta uşaqlıqdan bu pyesin adı həmişə məndə xoş əhval-ruhiyyəyə səbəb olub. Həmişə bu əsəri oxuyacağım günü səbirsizliklə gözləmişəm. Elə fikirləşirdim ki, gözüm açılacaq, nəsə mistik bir hadisə baş verəcək. Amma heç nə baş vermədi. Hətta Çexovun ən təsirsiz ötüşən pyesi oldu.
Heç olubmu ki, yazıçının seçdiyi təhkiyə üslubunu, özünü ifadə tərzini yaradıcı, qeyri-adi hesab etmisiniz, lakin əsər bir qram da sizə təsir etməyib? “Albalı bağı“nda eynilə bu hissləri yaşadım.
Pyesin əsas fərqləndirici xüsusiyyəti ondan ibarətdir ki, burada əsas, mərkəzi qəhrəman albalı bağıdır, daha doğrusu, onun yaratdığı obrazdır. Deyilənlərə görə, bu bağ zadəgan Rusiyasının rəmzidir. Əsərin sonunda albalı ağacları kəsilir, həyatda isə zadəgan ocaqları dağılır.
“Albalı bağı” aktrisa Faina Ranevskayanın ən sevimli əsəri olub. Bu səbəbdən bağın sahibi Lyubov Ranevskayanın soyadını özünə təxəllüs götürüb.