Bloqumda “Çoxdandır…nəhayət” rubrikası var. Burada çoxdan baxmaq istədiyim filmlərdən, oxumaq istədiyim əsərlərdən bəhs edirəm. Rubrikamızın bu dəfəki qonağı Fyodor Dostoyevskinin “Cinayət və cəza” əsəridir.

Bu, müəllifin mütaliə etdiyim ikinci böyük əsəri oldu. “İdiot” ilə dörd-beş il əvvəl tanış olmuşdum. Yazıçının “böyük beşliyi”nə aşağıdakı romanlar daxildir: “Cinayət və cəza“, “İdiot“, “Şeytanlar/Cinlər”, “Yeniyetmə“, “Karamazov qardaşları“. Dostoyevski də Nizami Gəncəvi kimi “Xəmsə” müəllifidir (cümlə intellektual zarafat məqsədi güdür).

Bu əsər həm də onunla yadda qaldı ki, “Kindle“-da oxuduğum ilk proza nümunəsi oldu. Süjetdən az-çox xəbərdar idim. Ancaq mən elə bilirdim ki, Raskolnikov qarını öldürüb, onun pullarını oğurlayandan sonra varlanır, kübar cəmiyyətə daxil olur. Lotoreyada uduşlu gedişin çıxacağını gözləyən tamaşaçılar kimi mən də bütün əsər boyu Raskolnikovun varlanacağını gözlədim. Bir də ayıldım ki, qəhrəmanımız Sibirdə dustaqxanadadır.

Dostoyevski yaradıcılığında ümumi bir bədbinlik var. Bilmirəm, başqa oxucularda necədir, amma mən onun əsərlərini oxuyub bitirdikdən sonra uzun müddət özümü xəstə kimi hiss edirəm, heç nəyə həvəsim olmur, bütün enerjim sönür.

Əlamətdar günlərdə çox vaxt can sağlığı, xoşbəxtlik arzu edirlər. Təsəvvür edin ki, bəzi insanlara söylənilən bu arzular heç vaxt çin olmayıb. Sanki həmin insanların hamısını bir yerə yığıblar, Dostoyevski də onlara baxıb əsər yazıb: qardaşını və anasını maddi çətinlikdən xilas etmək üçün varlı bir kişinin məşuqəsi olmağa razılıq verən qız, sərxoş atasına, onun ikinci ailəsinə baxan bir başqa qız, təhsil haqqını ödəyə bilmədiyi üçün universitetdən xaric edilən oğlan və sair və ilaxır. Bir sözlə, bədbəxt yığını.

Obrazların heç birini bəyənmədim. Hamısı statik obrazlar idi, heç birində böyük dəyişiklik müşahidə etmədim (ki, mən belə dəyişiklikləri çox sevirəm). Qarını öldürdükdən sonra qəhrəmanımızda metamorfoz baş verdimi? Xeyr. O, peşman oldumu? Əsla. Düz də elədi. Bəli, mən də “ilahi ədalətə” deyil, “ilahi komediya”ya inananlardanam. Razumixin dostunun əməllərindən xəbər tutduqdan sonra ondan üz döndərdimi? Xeyr. Eynilə, Dunya, Sonya və başqaları. Əsas da Sonya Marmelodava. Bütün əsər boyu içimdə o ki var onu söydüm. Bu qədər boynu bükük, şəraitin əsirinə çevrilmiş bir qadınla rastlaşmamışdım. Bu qızıcığazın ömrü boyu ədalətinə şahid olmadığı Allaha sığınmağı isə məni lap hövsələdən çıxartdı. Sonyanın təsvirlərində Dostoyevski özünü “Yehovanın şahidləri” kimi aparırdı: Allaha inan, onda nicat tapacaqsan, blah-blah…

Ən çox xoşladığım obraz Svidriqaylov oldu. Atdığı addımları, əməlləri, söylədiyi sözləri ilə özünə qarşı ikili münasibət formalaşdırdı. O, əclafın, oğraşın öndə gedənidir, eyni zamanda əsərdə ən çox yaxşılıq edən insandır. Tanıdığım ən müəmmalı obrazlardan biri oldu. Onu həm də “İdiot”dakı Roqojinə oxşatdım. Roqojinin Nastasya Filippovnaya olan divanə məhəbbəti Svidriqaylovun Dunyaya olan hisslərinə oxşayırdı.

Svidriqaylovun intihar etmədən öncə Peterburqu dolaşdığı fəsil romanda ən sevdiyim ikinci fəsil oldu. Birinci isə Raskolnikovun gördüyü yuxudan bəhs edirdi. Həmin yuxuda arabaya bağlanan bir at sahibi tərəfindən ölüncəyə qədər döyülür, bütün bunlara şahidlik edən balaca oğlan isə çarəsizlikdən, ümidsizlikdən həm özünü, həm oxucunu (verilmiş halda məni) göz yaşlarına boğur.

Əsəri koronavirusun sürətlə Avropa qitəsinə, qonşu ölkələrə yayıldığı bir vaxtda mütaliə etməyə başlamışdım. Romanda virusa məhəl qoymayan, onun adi qrip olduğunu düşünən əhli-kef soydaşlarımıza yaxşı göndərmələr var:

Ağlı başında olan adam da elə düşünə bilərmi? Adama deyəndə ki, sən təhlükəli bir vəziyyətdəsən – o, heç həlak olmağa doğru gedərmi, o heç yenə onu özünə çəkən üfunətli girdabın kənarda oturub əllərini yellərmi, qulaqlarını tıxarmı? Yoxsa o, bir möcüzümü gözləyir? Yəqin ki, belədir. Bu şeylər dəlilik əlaməti deyil də bəs nədir?

Aşağıdakı qeydlər isə yerli kanallardan birinə qonaq qismində dəvət edilən, döşünə döyə-döyə “bir kəlməyə görə qadının başını kəsərəm” söyləyən Manaf Ağayev adlı “müğənni”yə gəlsin. Qadası, XIX əsrdə (dəqiqləşdirsək, 1886-cı ildə) yerin görünür:

Mən daha onu demirəm ki, arvadlarda belə hallar da olur: onlar üzdən özlərini qəzəblənmiş göstərsələr də, təhqir olunmaq onlar üçün çox-çox xoşdur! Belə hallar hamıda var: ümumiyyətlə, insan təhqir olunmağı çox-çox xoşlayır! Siz bunu görmüsünüzmü? Bu hal xüsusilə arvadlarda çox olur. Hətta demək olar ki, onlar ancaq bununla ovunurlar.

Marfa Petrovna ilə də dalaşmağım çox nadir hallarda olardı. Biz çox yaxşı yaşayırdıq, o həmişə məndən razı idi. Biz yeddi il bir yerdə yaşadıq, bu yeddi ildə mən qamçını ikicə dəfə işə salmışam (bir dəfə də bir şey olmuşdu, ancaq bu, ikimənalı bir hərəkətdir): birinci dəfə – evlənəndən iki ay sonra, kəndə gələn kimi belə bir şey oldu; bir də ki, indi oldu, axırıncı dəfə.

Sizin özünüzə də heç kəs inanmayacaq: deyəcəklər ki, qız da təkbaşına, tək yaşayan bir adamın mənzilinə gedərmi?

Mən bu saçlarını kəsdirən qızları deyirəm. Mən onlara özümdən mamaça deyirəm və belə hesab edirəm ki, bu adı onlara lap yerində vermişəm. He-he! Özlərini akademiyaya soxurlar, anatomiya öyrənirlər: bir deyin görüm axı: mən azarlasam müalicə üçün heç qız çağırarammı? He-he!