İldə ən azı dörd-beş dəfə ingilis dili səviyyəmi yaxşılaşdırmaq fikrinə düşürəm. Bir çoxunun məsləhət gördüyü kimi bütün informasiyanı ingilis dilində almağa çalışıram. “CNN”, “BBC”, “VOA” kimi kanalları açıb qoyuram ki, fonda səs gəlsin. Sevdiyim filmlərdən səhnələrə baxıram. Oxuduğum kitablardan sevdiyim hissələrə yenidən göz gəzdirirəm. Sonra həmişəki kimi “PlayStore”-a girib, havayı audio kitab axtarışına çıxıram. Adətən standart paketlər təklif olunur. Bunlar da çox vaxt mütaliə etdiyim klassiklər olur. Ancaq hər dəfə qarşıma oxumadığım bir əsər çıxırdı ki, bu da Uilki Kollinzin “Ağ libaslı qadın” romanı olurdu. Əsərin adı cəlbedici gəldiyi üçün yükləyirdim, qulaq asırdım, amma qandığım qrafa olmurdu. Sonradan bu əyləncəli məşğuliyyətin başını buraxdım, anladım ki, 34 yaşdan sonra “yarımçıq papaqçılığı kamil palançılığa” çatdırmağa hövsələm çatmaz.

Ötən yaz qarşıma bir siyahı çıxmışdı. Siyahını tərtib edən şəxs maraqlı mini-serialları bir araya toplamışdı. Orada “Ağ libaslı qadın” adına rast gələn kimi öz-özümə dedim ki, barı kitabını oxuya bilmədin, otur serialına bax, ən azından süjetindən xəbərin olar, məclislərdə artistlik edərsən (zarafat edirəm, kimdir məni belə bədii söhbətlərin getdiyi məclislərə çağıran?).

2018-ci ildə ekranlara çıxan bu serial cəmi-cümlətanı 5 seriyadan ibarətdir. Ekran işini çox bəyənmişdim. Bunun bir neçə səbəbi var idi: İngiltərə, yamyaşıl mənzərələr, qotik ab-hava, sona qədər tamaşaçını gərginlikdə saxlayan süjet, on doqquzuncu əsrdə cərəyan etməsinə baxmayaraq, kifayət qədər aktual mövzular (qadın haqları, mənfəət naminə həyata keçirilən cinayət, pula görə qurulan evliliklər və sair).

Serialı izlədikdən bir müddət sonra “qiraətçi” rəfiqələrimlə görüşümüz baş tutdu. Bu görüşümüzün yazılmamış bir qanunu var: hamı bir-birinə kitab hədiyyə edir. Mənim bəxtimə düşən əsərlərdən biri də məhz “Ağ libaslı qadın” oldu.
Süjetini bildiyim kitabları nadir halda mütaliə edirəm. Karantin olmasaydı, bəlkə bu əsərin də üzünə gün doğmayacaqdı. Uzun sözün qısası, pandemiya sayəsində Uilki Kollinz yaradıcılığı ilə tanış oldum və buna görə heç də peşman deyiləm.
Əsər iri həcmlidir. İlk dəfə bu romanda “imkan-üsul” strategiyasından istifadə etdim. Strategiyanın məğzi nədən ibarətdir? Mövcud vəziyyətdə hansı üsula imkanın çatırsa, ondan istifadə et. Mən də mütaliə etməyə vaxtım olanda kitabı üzündən oxuyurdum, işim olanda, “YouTube”-dan audio versiyasına qulaq asırdım. Yeri gəlmişkən, əsəri səsləndirən şəxsin həlim səsi, səlis diksiyası var: https://www.youtube.com/watch?v=o5gYXhehfYk&list=PLnfSrckhpg607Evt40Ku5qjm5ApLNy5G7
Müəllifin yaşadığı dövrü nəzərə alsaq, təhkiyə üslubu haqqında “dövrünü qabaqlayan” təyinini işlədə bilərik. Təsvirlər uzundur, ancaq yorucu deyil. Obrazlar çoxdur, lakin hər biri incəliklə işlənib, hər birinin özünəməxsus özəlliyi var: rəssam Uolter Hartrayt əzmkarlığı, Lora Ferli həssaslığı, Merian Holkomb cəsarətli fədakarlığı, ser Persival Qlayd riyakar mənfəətpərəstliyi, Fosko alicənab fəndgirliyi ilə başqalarından seçilir. Hətta bəzi obrazlar məndə qəribə assosiasiya doğurdu. Məsələn, Frederik Ferlini Azərbaycan xalqına oxşatdım. O da mövcud sabitliyi naminə gələcək iqtisadi rifahını qurban verməyə hazır idi.

Ən yaddaqalan sitat: “Ağzımızdan çıxan sözlər zərərimizə olanda divlərə, xeyirimizə olanda isə cırtdanlara çevrilirlər“
Maraqlı faktlar
Müasir detektiv ədəbiyyatının təşəbbüskarlarından biri, intriqa ustası, ingiltərəli yazıçı Uilki Kollinz 1824-cü ildə məşhur peyzajist rəssam Uilyam Kollinzin ailəsində dünyaya gəlib.

Hüquq elmlərini öyrənən Kollinz 1851-ci ildə vəkillər korporasiyasının üzvü olur. Yazıçının hüquq təhsili qələmə aldığı əsərlərdə öz əksini tapıb.
Kollinzin ən yaxşı və tanınmış romanı – “Ay daşı” çox vaxt ingilis dilində yazılmış ilk detektiv əsər hesab edilir.

Çarlz Dikkenslə tanış olan Kollinz ömrünün sonunadək onunla dostluq edib. Onun bir neçə əsəri ilk dəfə Dikkensin jurnallarında çap edilib. Onlar birlikdə bir neçə pyes və roman yazıblar. Onlardan ən birincisi “Mayak” pyesi olub. Dikkens adıçəkilən əsərə proloq yazıb.

Uilki Kollinsin kiçik qardaşı Çarlz da rəssam olub. O, Çarlz Dikkensin qızı ilə ailə həyatı qurub və onun bir neçə əsərinə illüstrasiya çəkib.
