“Qızıl dana” İlf və Petrov tərəfindən qələmə alınan satirik romandır. Kitab “12 stul” əsərinin davamıdır. Burada da birinci hissənin mərkəzi personajı – Ostap Benderin macəralarından bəhs edilir. Yenə xəzinə izinə düşən Bender hər vasitə ilə gizli milyonçu Koreykonun var-dövlətini ələ keçirməyə çalışır.
Adam istər istəməz bu iki romanı müqayisə edir. Müqayisədə “12 stul” mənə daha doğma gəldi. Çünki Benderin xarakteri dəyişilmişdi: o, birinci kitabda daha şən və daha kobud idi. Bu iki xüsusiyyətin bir insanda cəmlənməsi bir oxucu kimi məni cəlb edirdi. İkinci hissədə Ostap Bender sentimentallığı, romantikliyi, həssaslığı ilə seçilirdi, dolayısıyla, daha real idi. “Qızıl dana”da müəlliflərin üslubu inkişaf edib. İroniya daha kəskindir, ümumilikdə əsər daha kədərlidir.
Əsər xələfi kimi “30 gün” jurnalında hissə-hissə çap edilib. Qəribə səslənsə də, roman kitab şəklində ilk dəfə ABŞ-da işıq üzü görüb. Rusiyada kitabın çapına icazə verilmirdi. Rədd cavabına birtəhər don geyindirməyə çalışan sosialist realizminin atası, “ədəbiyyat naziri” ləqəbi ilə tanınan yazıçı Aleksandr Fadeyev İlf və Petrova ünvanladığı məktubda yazır:
“Əziz dostlar, sizin Ostap Bender cazibədar personaj olsa da, “it oğludur”. “İt oğlu” isə sovet ədəbiyyatında əsas qəhrəman kimi qəbuledilməzdir. Romanınızda ciddi dəyişikliyə ehtiyac var”.
Gözlənilmədən sovet siyasətçisi, RSFSR xalq maarif komissarı Andrey Bubnov əsərin nəşrinə icazə verir. Belə hesab edilirdi ki, bu icazə şəxsən Stalinin qərarı olub. Deyilənlərə görə, Stalin əsəri bəyənibmiş.
Həmin vaxt Mixail Bulqakov Stalinin xoşuna gələ biləcək roman yazmaq istəyirdi. Deyilənlərə görə, yazıçı “Master və Marqarita”nı qələmə alanda İlf və Petrovun şablonlarından istifadə edib. Təsadüfi deyil ki, şeytan Voland Ostap Benderə bənzədilir. Hər iki əsərdə qəhrəmanların şəhərə daxil olma səhnəsi demək olar eynidir. “Master və Marqarita”da Voland pis adamları elə öz əlləri, ya da başqa pis adamların əli ilə cəzalandırır. Ostap Bender də eyni işi görür. Volandı əlaltıları müşayiət edir. Bu obrazlar Ostap Benderin dəstə üzvlərinə oxşadılır.
Və “Qızıl dana” sovet ziyalı təbəqəsinin sitat gətirdiyi əsas mənbəyə çevrilir.
Maraqlı faktlar
- Sən demə, “12 stul” kimi “Qızıl dana” da sifarişli əsər olub. Sovet kəşfiyyatçısı, yazıçı, publisist, ictimai xadim, jurnalist, SSRİ Yazıçılar İttifaqının Xarici Şöbəsinin rəhbəri Mixail Koltsov tərəfindən sifariş edilib. Roman partiya lideri, 1938-ci ildə güllələnən inqilibaçı Nikolay Buxarini hədəf alıb.
- İlkin versiyada romanın süjet xətti fərqli olub. “12 stul” əsərinin finalında boynu kəsilərək öldürülən Ostap Bender ikinci hissədə dirilməli, mərhum amerikalı əsgər tərəfindən bir milyonluq mirasın sahibinə çevrilən gənc qızın axtarışına çıxmalı idi. Ancaq variant rədd edilir.
- Yazıçılar romanın sonunda Ostap Benderi Zosya ilə evləndirmək istəyirdilər. Guya Bender sevdiyi qadının xətrinə öz avantürist layihələrindən imtina etməli idi. Lakin bu süjet xətti də dəyişdirilir.
- Romanın birinci hissəsi tez bir zamanda, cəmi üç həftə ərzində yazılıb tamamlanır. Ardınca işlər çətinləşir. Birincisi, jurnalistika sahəsindəki fəaliyyətləri ilə əlaqədar müəlliflərin yığılıb qalan tapşırıqları olur. İkincisi, həmin dövrdə İlya İlf fotoqrafiya sahəsinə maraq salır. Təzə oyuncaq tapan uşaqlar kimi bütün günü “otu boku” çəkir (Müəllifin çəkdiyi fotoşəkillərlə bu keçiddən tanış ola bilərsiniz: https://babs71.livejournal.com/604483.html). Yevgeni Petrov xatirələrində yazır: “Səkkiz yüz rublum və əla həmkarım var idi. Fotoaparat alması üçün həmin səkkiz yüz rublu ona borc verdim. Nə oldu? Artıq nə pulum var, nə həmkarım. İşi-gücü çəkmək, lenti yumaq və şəkil çıxarmaqdır”.
- Sankt-Peterburqda Ostap Bender Muzeyi fəaliyyət göstərir. Muzeyin sahibi Anatoli Kotov İlya İlf və Yevgeni Petrov yaradıcılığının həvəskarıdır. O, illərlə bu əsərin personajlarına məxsus əşyaları toplayıb. Burada İppolit Matveyeviçin pensnesi, Koreykonun gürzləri və sair məşhur predmetlər yer alıb.
- “Qızıl dana” işıq üzü görəndən sonra müəlliflər oxuculardan məktub almağa başlayırlar. Oxucular hekayənin davamını tələb edirlər. Onlar müəyyən hazırlıq işlərinə başlayırlar. Sonradan İlya İlfin bloknotunda üçüncü hissə ilə bağlı bəzi qeydlər tapılıb. Üçüncü romanın adı “Əclaf” və ya “Böyük kombinator” olmalı idi. Kombinator şahmat terminidir. Lakin yazıçılar Odessada doğulub böyüdükləri üçün oranın məişət dilinə müraciət ediblər. Odessada “kombinator” “fırıldaqçı” sözünə sinonim kimi istifadə edilirmiş.
- İlya İlfin ölümündən sonra Yevgeni Petrof “Dostum İlf” kitabında qeyd edirdi ki, onlar eyni zamanda həm gülməli, həm ciddi roman yazmaq istəyirdilər. Lakin süjet heç cürə alınmırdı, ona görə ki, “yumor qiymətli metaldır, bizim mədənlərimiz isə artıq tükənmişdi”.
- 1949-1956-cı illərdə “Qızıl dana” romanının nəşri qadağan edilir. SSRİ Yazıçılar İttifaqının qərarı ilə İlf və Petrovun hər iki əsərinə qarşı ideoloji kampaniya başladılır.
Əsər əsasında 1968-ci ildə ekranlaşdırılmış eyniadlı filmi izlədim. İki seriyalı, ağ-qara filmdir. Bəzi səhnələrdə səssiz kinemotaqrafiya fəndlərindən istifadə edilib. Kitabdakı bəzi yerlər (“Herkules” şirkəti, ruhi xəstəxana, “Quzğun qəsəbəsi”) ekran işində ixtisara salınıb. Ancaq Sergey Yurski kədərli gözləri, soyuqqanlı ədaları ilə Ostap Bender roluna göz oxşayırdı.
Əsər əsasında 2006-cı ildə çəkilən 8 seriyalı ekran işinə də göz atdım. Atmaz olaydım. Oleq Menşikov bəlkə də, karyerasının ən rəzil rolunu oynayıb. Cansıxıcı atmosfer, donuq simalar, bezgin ifalar… bir sözlə, biyabırçılıq!
Bloq-postu bu bədbin notlarla bitirməmək üçün ən yaxşı xəbəri axıra saxlamışam. Bender obrazının digər ifaçısı, sevimli Andrey Mironov “Qızıl dana” əsərini səsləndirib.