Yusif Vəzir Çəmənzəminlinin adı ilk dəfə “Əli və Nino” əsərinin müəllifi ilə bağlı meydana çıxan qalmaqalda diqqətimi cəlb etmişdi. Düzdür, orta məktəbdə ədəbiyyat dərsindən yazıçının həyat və yaradıcılığı barədə ötəri də olsa məlumat almışdıq. Görünür, bu fakt Yusif Vəziri yaddaşa həkk etməyə kifayət etməyibmiş, mütləq intriqa, qalmaqal lazım olub. Yaddaşım da özümə oxşayır.

Yazıçının ədəbi irsi ilə tanışlığı boş vaxtımın çox olacağı dövrə saxlamışdım. Ard-arda üç-dörd əsərini oxumağı planlaşdırmışdım. Pandemiya dövründə işini itirən bəxtsizlərdən olduğum üçün dedim “fürsəti” dəyərləndirim. İstədiyim yar idi, yetirdi pərvərdigar (oxu: Çin Xalq Respublikası).
Yuxarıda qeyd etdiyim qalmaqalla yanaşı, Çəmənzəminlinin yaradıcılığı ilə tanışlığı səbirsizliklə gözləməyimin başqa səbəbləri də var idi:
- Məncə, yazıçı tarixi hadisələrin zənginliyi baxımından ən təzadlı dövrlərdən birində yazıb yaradıb.
- Çəmənzəminli Azərbaycan Demokratik Respublikasının Türkiyədə ilk səfiri olub. Fikirləşirəm ki, ictimai xadimin yaradıcılıqla məşğul olması, heç olmasa, memuar yazması sonradan həmin dövrü qiymətləndirməyə çox kömək olur. Hazırkı dövrdə bu “şərəfdən” məhrum olmuşuq. Hamı başını aşağı salıb çörək pulunu qazanır.
- Çəmənzəminli 1934-cü ildə qələmə aldığı “Studentlər” romanına görə Azərbaycan Yazıçılar İttifaqından çıxarılıb, bütün vəzifələrindən məhrum edilib (Bu səbəbdən adıçəkilən roman mütaliə siyahımda avtomatik birinci yeri aldı).
- 1940-cı ildə keçirilən istintaq zamanı yazıçının 1917-ci ildə Kiyevdə tələbə vaxtı Müsavat Partiyasına daxil olduğu və partiyanın Kiyevdəki təşkilatının rəhbəri seçildiyi təsdiq olunub. O, verdiyi ifadədə ittihamları qəbul edib, əks-inqilabi millətçi təşkilata üzv olduğunu etiraf edib. Amma sonra bütün ifadələrindən imtina edib. Repressiya qurbanları arasında bu proses, adətən, əks istiqamətdə baş verdiyi üçün (əvvəl imtina edirdilər, sonra qəbul edirdilər) Çəmənzəminlinin bu addımı da marağıma səbəb olmuşdu.
Ona görə “Studentlər” romanına böyük həvəslə başlamışdım.

Əsər iki hissədən ibarətdir. Birinci hissədə 1911-1913-cü illərdə Kiyevdə oxuyan azərbaycanlı tələbələrin gündəlik yaşayışı, fəaliyyəti, siyasi mövqeyi və s. təsvir edilib. İkinci hissədə isə həmin tələbələrin sonrakı həyatı göstərilir. Oxuyarkən iki hissə arasında üslub fərqi gözümü deşdi. Elə bildim, mənə elə gəlir. Sonradan məlum oldu ki, müəllif ikinci hissəyə başlamamışdan qabaq xeyli ara verməli olub. Sanki yazıçı birinci hissəni müşayiətçi, ikinci hissəni isə iştirakçı kimi qələmə alıb. Tələbəlik həyatının təsvirlərində tez-tez təkrarlara rast gəlinirdi. Eyni mövzularda eyni söhbətlərin getdiyi müxtəlif məclislər haqqında yazmaq nəyə lazımdır? Elə bil, yazıçı obrazlara deyir ki, uşaqlar, bu dəfə Səmədbəyin evində yığışırsız, sizə verilən konkret mövzulardan (həmişə aktuallığını qoruyub saxlayan din, siyasət, azadlıq, millətçilik, milli özünüdərk, müqəddərat mövzularından) danışırsız, özü də hər dəfə hər biriniz eyni replika ilə çıxış edirsiz, sonra komanda eyni tərkiblə üz tutur Əhmədgilə, sonra Çingizgilə və s. Düzdür, Yusif Vəzir birinci hissənin ön sözündə tələbələrin həyatı ilə bağlı xəbərdarlıq edir:
“Bu həyat çox da zəngin, mündəricəli və yüksək məfkurə izincə qoşan bir həyat deyil”.
Yaxşı, zəngin, məzmunlu deyilsə, bu qədər uzatmaq nəyə lazım idi? Oxşar obrazların sayı çıxdaş edilsəydi, süjet daha qısa və məzmunlu, dialoqlar isə daha kəsərli alınardı.
İkinci hissədə isə məni müəllifin baş qəhrəman Rüstəmbəyi hər vasitə ilə qorumağa çalışması əsəbləşdirdi. Başa düşürəm, Rüstəmbəy Yusif Vəzirin protootipidir, amma hər addımında onu bu qədər qoruması adamı qıcıqlandırır. Rüstəmbəy qərarsız obrazdır, həm ideoloji, həm şəxsi məsələlərdə. Anlayıram, hamı, ələlxüsus baş qəhrəmanlar qərarlı, cəsarətli olmaq məcburiyyətində deyil. Əgər əsas münaqişə Rüstəmbəyin tərəddüdləri üzərində qurulubsa, buna məntiqli izah da verilməlidir. Yoxsa “heç özü də bilmirdi, niyə belə düşünürdü”, “bu istəyinin səbəbini özü də anlamırdı” tipli cümlələrlə Anar da yola verə bilər. Yusif Vəzirin özü də ziddiyyətli xarakteri ilə tanınıb. Necə deyərlər, mal yiyəsinə oxşayar. Rüstəmbəy baharın gəlişi ilə tövlədən ilk dəfə çölə bıraxılan “dəli dana”ya oxşayırdı, növbəti addımını təxmin etmək olmurdu. Adətən təxmin edə bilməmək oxucunu həyəcanlandırır, di gəl ki, verilmiş halda məni yordu. Çünki qarşı tərəf tutarlı səbəblər gətirə bilmirdi.
Əsərdə Bakının neft maqnatlarının, məhz Tağıyevin yalanları ifşa edilir. Bir daha görürük ki, bizə qəhrəman deyə sırınan bəzi şəxslər “pullu lotular”dan heç nə ilə fərqlənmir. Çəmənzəminli yaratdığı qəhrəmanlarla “Müsavat” partiyasının rəhbərlərini hədəf alır, onları tənqid edir. Belə ki, yazıçı vaxtilə qardaşına görə partiya rəhbərliyindən incik düşübmüş. Sosial şəbəkələrin olmadığı bir vaxtda o da, yəqin, romanında qisas aləti kimi tənqidə əl atıb. Necə də indiki dövrün siyasi mühitinə uyğun bir davranış şəkli…

Qadın obrazlarına münasibətdə ikili standartlar qorunub saxlanılır. Azərbaycanlı qadınlara münasibətdə “qardaş hörməti” göstərildiyi halda, Musya ilə Sofiyaya əylənmək gözü ilə baxılır. Rüstəmbəy evlənmək üçün ağıllı türk qızı axtarır, amma əksəriyyətin çarşablı olmasından gileylənir. Hər iki düşərgənin qadınları müqayisə edilir. Onların yaşayış tərzinin, dünyaya baxışının fərqli olduğu deyilir. Hər iki kateqoriya üzrə əcnəbi qadınlar üstün gəlir, di gəl ki, onlarla da evlənmək olmaz. Dərdə bax!