Bu dəfə oxuduğum kitablar arasında qeyri-adi strukturu ilə seçilən əsərlərdən danışacam.

  1. Şin Qyonq-Suqun “Anam sənə əmanət” (“Please Look After Mom”, Shin Kyung-sook)

Belə bir mövzuda video çəkməyimə cənubi koreyalı yazıçı Şin Qyonq-Suqun “Anam sənə əmanət” əsəri səbəb oldu. Əsər kənddən şəhərə uşaqlarının yanına gələn və metro stansiyasında itkin düşən ananın axtarış prosesi üzərində qurulub.

Please Look After Mother: Shin, Kyung-Sook: 9780297860730: Amazon.com: Books

Yazıçıların, kinematoqrafların dəfələrlə müraciət etdiyi mövzudur: həyatınızı, dolanışığınızı rahatlaşdıran insan bir gün yoxa çıxır (itir və ya ölür) və yalnız bundan sonra yerdə qalanlar həmin insanın dəyərini başa düşürlər. Bir sözlə, Cabir Novruzun “Sağlığında qiymət verin insanlara” şeirinin roman versiyası.

Bütün əsər boyu məndə elə bir hiss var idi ki, sanki yazıçı əlində dəyənək arxamda dayanıb. Və əksər oxuculardan fərqli olaraq, mənim ağlamadığımı görüb həmin dəyənəklə məni əzişdirməyə fürsət axtarır. Bir vaxtlar hind filmləri həvəskarlarının kanalı hesab edilən “Space TV”-də İlham Mirzəyevin “Etiraf” verilişi yayımlanırdı. Kimi qonaq çağırırdısa, basıb ağladırdı. Mən də bu əsəri oxuyanda özümü həmin verilişə qonaq çağırılan “məşhur”lardan biri kimi hiss etdim.

Kyung-sook Shin – nineteenquestions
Yazıçı Şin Qyonq-Suq

Əsər Cənubi Koreya cəmiyyətində qadın, ələlxüsus ana olmağın nə demək olduğunu göstərir. Mənzərə insanı iyrəndirəcək qədər tanış mənzərədir. Azərbaycanda istənilən on ailəni götürsək, ən azı altısında Park Sonyo kimi bir qadına rast gələrik: tapış-tupuş vasitəsilə ailə həyatı quran, əri tərəfindən sevgi və hörmət görməyən, ərinin ailəsininin müdaxilələrinə dözən, bütün sevgisini və qayğısını uşaqlarına verən, uşaqlarına görə hər şeyə dözən, arzularından vaz keçən, fon predmetinə çevrilən bir qadın. Yazığım gəldimi? Gəldi! Ancaq bu mərhəmət  sevgidən deyil, töhmətdən doğurdu. Özünə hörmət etməyən insanların nəticədə hörmətə layiq olmadığına dəfələrlə şahid olmuşuq.

Bəs əsəri mənim gözümdə xüsusi edən nə idi? Əlbəttə ki, strukturu. Roman beş fəsildən ibarətdir. Hər fəsil ailə üzvlərindən birinin dili ilə nəql edilir.

Birinci fəsil evin böyük qızının dili ilə verilir. Yazıçılıqla məşğul olan bu qızın timsalında uğurlu və müstəqil bir qadınla tanış oluruq. Bu fəsildə savadlı, dünyagörüşlü qızla onun cahil və savadsız anasının münaqişəsi təsvir edilir. Burada məsələyə qız-ana münasibəti kontekstində baxılır.

İkinci fəsil evin böyük oğlu tərəfindən verilir. Bu zaman ananın başqa tərəfləri üzə çıxır və oğul-ana münasibətləri qabardılır.

Üçüncü fəsil atanın dili ilə nəql edilir. Yazıçı bu fəsildə “sonrakı peşmançılıq fayda verməz” mesajı ötürmək istəyir. Mən, ümumiyyətlə, ömrü boyu başqasının hesabına yaşayan bir insanın qəfil 180 dərəcə dəyişə biləcəyinə inanmıram. Bu fəsildə ər-arvad münasibətinə aydınlıq gətirilir.

Dördüncü fəsildə hekayəçi qismində səbəbkarın özü çıxış edir. Sonuncu – beşinci fəsildə isə ananın itkin düşməsindən bir müddət sonra cərəyan edən hadisələrdən bəhs edilir. Son iki fəsil olmasaydı, Goodreads-də kitaba verdiyim ulduzların sayı daha az olardı. Sonluq kifayət qədər təsirli idi.

Süjetin müxtəlif qəhrəmanların dili ilə nəql edilməsində yeni heç nə yoxdur. Dəfələrlə bu cür bədii gedişə rast gəlmişəm. Məsələn, Culian Barnsın “Baxış üçbucağı” və “Məhəbbət və s.”, Con Faulzun “Kolleksiyaçı”  və Emili Brontenin “İldırımlı təpələr” əsərlərində olduğu kimi. Ancaq bu dəfə yazıçı həmkarlarından fərqli olaraq nəql edən şəxsə ikinci şəxsin təkində müraciət edir. Sanki bu üsulla müraciət etdiyi obrazı məzəmmət edir. Ya da mənə elə gəldi.

  • Orhan Pamuk “Mənim adım qırmızı” (“Benim adım kırmızı”, Orhan Pamuk)

Mövzunu davam etdirsək, oxşar struktura malik növbəti əsər kimi Orhan Pamukun “Mənim adım qırmızı” romanını qeyd edə bilərəm. 

Benim Adım Kırmızı Orhan Pamuk Yapı Kredi Yayınları | 9789750825927

Əsərdə hadisələr1591-ci ilə Sultan Muradın dövrünə təsadüf edir. Nəqqaş Əniştə əfəndiyə tapşırıq verilir: şahzadələrin sünnət mərasiminin şəkilləri firəng, yəni Avropa üsulu ilə çəkilməli və kitab şəklinə salınmalıdır. O da ətrafına ən bacarıqlı ustaları yığır. Rəssamlar şübhəyə düşürlər. Kafirlərin adəti ilə getmək, onların tərzində şəkil çəkmək günah deyilmi? Və bu şübhələrin fonunda ustalardan biri qətlə yetirilir.

Orhan Pamuk'un 'Benim Adım Kırmızı' romanı 21 yaşında – BoldMedya
Yazıçı Orhan Pamuk “Mənim adım qırmızı” əsəri ilə

Bu romanda da hadisələr qəhrəmanların (həm baş qəhrəmanların, həm ikincidərəcəli qəhrəmanların) dilindən verilir. Əvvəlki nümunələrdən fərqli olaraq, bu dəfə cansız əşyalar da danışır. Məsələn, ağac, qırmızı rəng.

  • Uilyam Folkner “Səs və qəzəb”

Folknerin şah əsəri hesab edilən bu romanda Kompsonlar ailəsindən, onların maddi və mənəvi çöküşündən bəhs edilir. Ailədə bir qız, üç oğlan olmaqla dörd uşaq böyüyür. Roman da dörd hissədən ibarətdir. İlk üç hissə qardaşların dilindən nəql olunub. Sonuncu hissədə isə yazıçının ürəyi dözməyib müdaxilə edib.

The Sound and the Fury - Kindle edition by Faulkner, William. Literature &  Fiction Kindle eBooks @ Amazon.com.

Bəs bu əsəri digərlərindən fərqləndirən xüsusiyyət nədir? Belə ki, burada qəhrəmanlara uyğun təhkiyə üslubu da dəyişir. Birinci hissəni danışan ağıldankəm kiçik qardaş olduğu üçün hekayə də qırıq-qırıqdır, heç nə anlamaq olmur, hadisələrin xronoloji ardıcıllığı tez-tez pozulur. İkinci hissə melanxolik qardaşın dili ilə verilib, ona görə “düşüncə axını” metodundan istifadə edilib. Adət etdiyimiz üslub yalnız üçüncü hissədə özünü göstərir. İlk iki hissədə təxmin edilənləri, güman edilənləri burada dəqiqləşdirmək mümkün olur.

Bu əsər barədə bloqumda daha geniş post yazmışam. Maraqlananlar göz ata bilər. .

  • Xulio Kortazar “Xana xana oyunu” (“Hopscotch”, Julio Cortazar)

Mürəkkəb struktura malik əsərlər arasında Xulio Kortazarın “Xana-xana oyunu”nu qeyd etməsəm, kitabsevərlər məni lax yumurta atəşinə tutarlar. Niyə? Çünki bu əsər “antiroman” janrına ən tanınmış nümunədir. 

Hopscotch (Cortázar novel) - Wikipedia

Bəs bu antiroman nə olan şeydir? Əsasən XX əsrin ortalarında fransız yazıçıları arasında işlənən bu termin bəzi modernist nəsr nümunələrinə tərif verərkən istifadə edilən şərti anlayışdır. Bu zaman yazıçı klassik roman elementlərindən imtina edir. Təsvirlərdə zaman ardıcıllığı pozula bilər, üslub, qrammatika və punktuasiya ilə eksperimentlər aparıla bilər, alternativ sonluqlar verilə bilər.

“Xana-xana oyunu” da bu cür qeyri-adi strukturu ilə seçilir. Kortazarın özünün qələmə aldığı ön sözdə müəllif kitabı oxumaq üçün adi və xüsusi olmaqla iki sxem təklif edir.

Bələdçi cədvəldə deyilir: “Bu kitab müəyyən mənada çox, əsas etibarilə isə iki kitabdır. Oxucuya iki mümkün olandan birini seçmək hüququ verilir. Birinci kitab adi qaydada oxunur və 56-cı fəsillə başa çatır. Axırıncı sətrin altındakı üç ulduz işarəsi SON mənasızndadır. Ona görə də oxucu heç bir vicdan əzabı çəkmədən sonrakı fəsilləri oxumaya bilər. Birinci kitabı 73-cü fəsildən başlayaraq xüsusi qaydada oxumaq lazımdır. Hər bir fəslin sonunda növbəti fəslin nömrəsi mötərizə içərisində göstərilir. Əgər ardıcıllığı unutsanız, ya da qarışdırsanız, aşağıdakı cədvəldən faydalana bilərsiniz”.

Romandakı hadisələr 1950-ci illərdə cərayan edir. Qırx yaşlı argentinalı Horasio Oliveyra avaraçılıq edir və Buenos-Ayresdə yaşayan varlı qohumlarının arada bir göndərdiyi pul hesabına Parisdə yaşayır. Ən sevdiyi məşğuliyyət şəhəri məqsədsiz dolaşmaq və müxtəlif mövzularda çevrəsi ilə fikir mübadiləsi aparmaqdır.

Escritor Julio Cortázar en París
Xulio Kortazar Paris küçələrində

Horasio o qədər xudbin və özünə qapalıdır ki, dostları və yaxınlarının əzabları onu qıcıqlandırır. Daşürəkliyi üzündən sevdiyi qadını itirir, tək qalır, səfillərlə tanış olur və nəticədə polisə düşüb öz vətəninə sürgün olunur. Buenos-Ayresə qayıtdıqdan sonra intihar barədə düşünməyə başlayır. Romanın finalı açıq qalır. Horasio son addımını atırmı yoxsa fikrindən daşınır? Müəllif bunu dəqiq təsvir etmir, qəhrəmanın taleyini oxucunun ixtiyarına buraxır.

Adından da göründüyü kimi Kortazar oxucuya oyun oynamaq təklif edir. Bu oyunun məqsədi isə ənənəvi xətti təhkiyə üslubundan çıxışdır.

Bu əsər tez-tez sitat gətirdiyim əsərlərdən biridir. Horasionun tikanlı cavablarını, incə yumor hissini o qədər xoşlayırdım ki, gündəlik həyatımda onlardan istifadə etməyə başlamışdım.

Məsələn, əbəs yerə inadkarlıq edənlərə qarşı tez-tez bu cümləni işlədirəm:

“Sənin kamilləşmə həvəsin, cırıq ayaqqabıların və daim mümkün olanı qəbul etməmək istəyin məni bir az əsəbiləşdirirdi”.

Yorğun olanda, əziyyətsiz iş arzulayanda isə bu cümləni:

“Nədən Koçabamba küçəsindəki həyətdə ətirşah dibçəkləri satan adamlar kimi hər şeyə təbii və qayğısız yanaşmayaq?”

  • Deniel Kiz “Elcernon üçün güllər” (“Flowers for Algernon”, Daniel Keyes)

Mütaliə etdiyim kitablar arasında qeyri-adi struktura malik əsərlərdən biri də Deniel Kizin “Elcernon üçün güllər” əsəri olub. Bu əsər 1960-cı ildə “Elmi-fantastik janrda qələmə alınmış ən yaxşı qısa hekayə” kimi “Hüqo”, 1966-cı ildə isə ən yaxşı roman kimi “Nebula” mükafatına layiq görülüb.

Flowers for Algernon by Daniel Keyes ~ Ruth Kvarnström-Jones

“Elcernon üçün güllər” ağıllı olmaq üçün elmi təcrübədə iştirak etməyə razılıq verən, ağıldan kəm Çarli Qordon haqqında bir kitabdır. Bütün əsər Çarli Qordonun gündəlik hesabatlarından ibarətdir. Soruşa bilərsiniz ki, burda qeyri-adi nə var?  Məsələ ondadır ki, bu hesabatlar kitabın əvvəlində səhvlərlə zəngin olur. Müəllif bu yolla Qordonon intellekt göstəricisinin çox aşağı olduğunu vurğulamaq istəyir. Hesabatlarda sözlər səhv yazılır, durğu işarələri buraxılır və s. Elmi təcrübədən sonra Qordon ağıllanmağa başlayır. Bu da onun hesabatlarında öz əksini tapır. Qəhrəmanımız artıq fəlsəfi mövzuları təhlil etməyə başlayır.

Film Review: Charly (1968) | HNN
Əsər əsasında 1968-ci ildə ekranlaşdırılmış “Çarli” filmindən səhnə

Vaxtilə bu əsər mənə çox təsir etmişdi. Bəzi məsələlərə baxışımı dəyişməyə səbəb olmuşdu. Və Cəlil Məmmədquluzadənin “Saqqallı uşaq” hekayəsindən sonra ilk dəfə bu əsərdə qəhrəmanın yazı üslubu ilə onun intellektual bacarığının göstərildiyinə şahid olurdum.

  • Joze Saramaqo “Təxirə salınmış ölüm” (“Death with interruptions”, Jose Saramago)

Bədii ədəbiyyatda durğu işarələrindən, daha doğrusu onların mətndə iştirak etməməsindən söhbət düşmüşkən, Joze Saramaqonu qeyd etməsək olmaz. Çünki onun adının qarşısında yekə hərflərlə “punktuasiya inqilabı” yazılıb.

Death with Interruptions - Wikipedia

Yazıçının “Təxirə salınmış ölüm” əsərinə toxunacağıq. Belə ki, hələlik müəllifin təkcə bu əsərini oxumuşam. Romanda demək olar ki, nöqtə və vergüldən başqa heç bir durğu işarəsindən istifadə edilməyib.

Əsərin süjetinə gəldikdə, naməlum bir ölkədə ölüm fəaliyyətini dondurur. Həmin ölkədə daha heç kim ölmür. İnsanlar əbədi yaşamağa başlayırlar. Əhali təşvişə düşür. Ölümü yenidən geri qaytarmağın yollarını axtarırlar.

Ölkə başçısı ölüm ayağındadır, ancaq ölə bilmir. Bu səbəbdən hakimiyyət dəyişmir. İnsanlar qocalır, xəstələnir, amma ölə bilmir. Bu qədər pensiyaçını dövlət necə dolandıracaq? Belə olduğu təqdirdə, sığorta şirkətləri, kilsə əhəmiyyətini itirəcək. Xəstəxanalar xəstələrlə dolub dalaşacaq.

Pritça janrında qələmə alınmış bu fantastik roman həmçinin yadımda başqa bir özəlliyi ilə qalıb. Əsərin ilk və son cümləsi eyni cümlədir: “Ertəsi gün kimsə ölmədi”.

Yeri gəlmişkən, Kitabı Karandaşla Oxuyanlar saytında “İlk və Son” bölməsində 300-dən çox əsərin ilk və son cümləsi cədvəl şəklində təqdim edilib. Ədəbiyyat həvəskarı kimi bu tendensiyadan yan keçə bilməzdik.

Mətnin video formatı YouTube kanalımda: