Barselonanı ən çox oktyabrda – insanın elə hey gəzmək istədiyi, hər kəsin möcüzəvi şəkildə xlor iyi verməyən Kanaletas çeşməsinin suyu sayəsində daha müdrik olduğu bir vaxtda – sevirəm.
Bu sözlər Karlos Ruiz Safonun “Küləyin kölgəsi” əsərindəndir. Təsadüfə bax ki, mən də bu romanı oktyabrda oxuyub bitirdim. Hərçənd yazıçı həyatda təsadüfün olmadığını, baş verən hər hadisənin bir missiya daşıdığını iddia edir.
Romanda hadisələr 1945-ci ildə Barselonada cərəyan edir. Vəba xəstəliyindən anasını itirən Daniel Sempere bukinist mağazası işlədən atası ilə yaşayır. Danielin on yaşı tamam olanda atası onu “Unudulmuş kitablar qəbiristanlığı”na – itirilmiş, unudulmuş kitabların bir arada saxlanıldığı gizli kitabxanaya aparır. Buranın bir qaydası var: kitabxana üzvləri bir kitab seçməli və ömürlərinin sonuna kimi onu qoruyub saxlamalıdırlar. Daniel Xulian Karaks adlı yazıçının “Küləyin kölgəsi” əsərini seçir. Bu “lənətlənmiş” kitabla tanışlıq gənc oğlanın bütün həyatını dəyişir. O, iyirmi il ərzində kitab və əsərin müəllifi ilə əlaqəli sirləri araşdırmağa çalışır. Bundan sonra Xulianın müəmmalı hekayəsi başlayır. Bu cür əsərlərə “matroşka əsərlər” deyirəm. Bir kitab alırsan, içindən “balası” çıxır. Molla Nəsrəddinin qulağından iraq.
Müəllifin eyhamlı təsvirləri oxucunu keçmişdə baş vermiş böyük bir sirrə hazırlayır. Ancaq istədiyim effekti almadım. Çünki həmin böyük sirrin nə olduğunu lap əvvəldən hiss eləmişdim. Bilmirəm, bu işdə mənə uşaq vaxtı izlədiyim Cənubi Amerika (ha İspaniya, ha Cənubi Amerika ölkələri – bir azərbaycanlı üçün nə fərqi var?!) serialları kömək oldu, yoxsa detektiv əsərlərdən keçən həvəskar xəfiyyə qabiliyyətim? Bununla belə, marağım ölmədi. Çünki əsər ispanlara xas ehtiraslı ab-havaya bürünmüşdü. Safonun elə axıcı, oxucunu “tora salan” bir dili var ki…
Diqqət cəlb etmək üçün önə çıxarılan, vurğulanan müəmmalı hadisələrin fonunda İspaniyada vətəndaş müharibəsi, polis özbaşınalığı, vəzifəli şəxslərin öz səlahiyyətlərindən sui-istifadə etməsi, qadınlara qarşı zorakı münasibət, onların cinsi istismarı, siyasi təqiblər, donosçuluq kimi ciddi mövzulara da toxunulub.
İstənilən müharibə, istər şəxsi olsun, istər qlobal – adsız marionetlərin oyunudur.
Hər obrazın özünəməxsus xüsusiyyəti var. Məhz bu rəngarənglik qəhrəmanların sayının çox olmasına baxmayaraq, onların hamısının yadda qalmasına kömək oldu. Safon dördüncü dərəcəli obrazlara da iki cümlə ilə də olsa maraqlı xarakteristika verib: ovucdakı izlərlə cavan qızların falına baxıb, əvəzində öpüş tələb edən parisli qoca qonşu; pianinoda gözəl mahnılar ifa edən kor qız; bütün ömürləri boyu vicdan əzabı çəksinlər deyə satqınları heç vaxt öldürməyən inspektor Fumero; gecələr qadın paltarı geyinib evində kiçik səhnəciklər təşkil etdiyi iddia edilən saatsaz…
Çoxdandır “sevimli obrazlar” siyahıma yeni ad əlavə olunmurdu. “Küləyin kölgəsi” bu baxımdan da məhsuldar oldu. Tale bu dəfə Xulianın yaxın dostu Mikel Molinerin üzünə güldü. Van Qoqun fədakar qardaşı Teodan sonra Mikel də mənim üçün ideal dost obrazlarından biri oldu. Çünki bu dünyada ən çox dəyər verdiyim şey insanın doğulub içinə düşdüyü münasibətlər deyil, sonradan sırf öz əməlləri ilə əldə etdiyi münasibətlərdir. Bu səbəbdən dostluq, dostluğun haqqını verən insanlar mənim üçün həmişə dəyərli olacaq. Düzdür, müəllif çoxsaylı təkliflərə baxmayaraq, romanın ekranlaşdırılmasına razı olmayıb, amma filmi çəkilsəydi, Mikel rolunda “professor” Alvaro Morteni görmək istərdim. Sakit baxışlarında gizlənən çılğınlığı, intellektual görünüşü, fəlsəfi boşboğazlığı Mikel obrazına tam uyğun gələrdi.
Əsərin mistik ab-havası, intriqa ilə zəngin süjeti, nağılsayağı təhkiyə üslubu məni xəyallara dalmağa vadar edirdi: küçə fənərlərinin işığında Barselonanı gəzmək, Tibidabo təpəsinə çıxıb şəhəri seyr etmək, qəhrəmanımızın atası ilə tez-tez üz tutduğu “Dörd pişik” kafesində kapuçino içmək istədim…
Bütün bunlarla yanaşı, əsərdə xoşuma gəlməyən bəzi məqamlar da oldu. Məhəbbət xətləri zəif idi, inandırıcı gəlmədi. Personajların çoxu ilk baxışdan aşiq olurdu. Bu kişi/oğlan bu qadını/qızı niyə sevməyə başladı? Hansı xüsusiyyətinə görə? Bəlli deyildi. Hərçənd o vaxtkı konservativ qapalı mühiti nəzərə alsaq, fiziki özəlliyə görə sevmək də böyük nailiyyət hesab edilə bilər.
— Daniel, bəs sizin hansı qadınlar xoşunuza gəlir?
— Düzünə qalsa, onlardan başım çıxmır.
— Əşi, onlardan heç kimin başı çıxmır: nə Freydin, nə özlərinin. Bu, elektrik cərəyanına oxşayır. Elektrik cərəyanının vurması üçün onu başa düşmək vacib deyil.
Maraqlı faktlar:
- 2001-ci ildə işıq üzü görən roman Servantesin “Don Kixot” əsərindən sonra ispan ədəbiyyatı tarixinin ən uğurlu kitabı olub;
- 2007-ci ildə yazıçı Karlos Ruiz Safon kitaba 24 musiqi bəstələyib, aranjiman edib və şəxsən ifa edib. Bu saundtreklərə müəllifin şəxsi saytında qulaq asmaq mümkündür (mənə gəlincə, ən çox “Sənin üzünü xatırlaya bilmirəm” (I Can’t Remember Your Face) ifasını bəyəndim): https://www.carlosruizzafon.com/en/la-sombra-del-viento/musica.php
- Bədii ədəbiyyat həvəskaları yəqin bilir ki, “The Book Trail” adlı sayt fəaliyyət göstərir. Bu sayt kitablar üzrə bələdçi marşrutlar təşkil edir. “Küləyin kölgəsi” də həmin kitabların arasındadır: https://www.thebooktrail.com/book-trails/the-shadow-of-the-wind-the-cemetery-of-forgotten-books-1/ Beləliklə, istəyən olsa, Danielin, Nuriya Monfortun evini, “Dörd pişik” kafesini, Montjuiç qəbiristanlığını ziyarət edə bilər.
Birinci kitabdakı – “Küləyin kölgəsi” – mistik ab-havanı, ispan ehtirasını, Barselona təsvirlərini o qədər bəyənmişdim ki, paralel oxuduğum iki-üç əsərin arasında seriyaya daxil olan ikinci kitabı – “Mələyin oyunu” (“The Angel’s Game”) – da birtəhər soxuşdurdum. İmkan düşdükcə kağız formatda oxudum, imkan olmayanda isə audio formatda dinlədim.
Təəssüf, birinci qədər zövq almadım. Çox güman, oxşarlıqdan dolayı. Yenə kitablara aşiq olan baş qəhrəman, yenə sirli kitab, yenə həmin kitabın müəllifinin başına gələn hadisələrin araşdırıldığı detektiv xətt, yenə lənətlənmiş ev, yenə qara sevda… Təkrarçılıq yordumu? Əsla. Sadəcə Safonun bədii gedişlərinə belə tez bələd olacağımı gözləmirdim.
Və şərhimi Safonun bu sözləri ilə bitirmək istəyirəm:
“Kitabların ruhu olur: onları qələmə alanların, onları oxuyanların və onlarla xəyal quranların”.
Ümid edirəm, müəllif haqlıdır.