Müharibə dramatik səhnələr üçün həmişə əlverişli olub, çünki onun arxasında çox böyük məfhumlar gizlənir. Məsələn, ölüm kimi! Bütün hadisələr onun ətrafında cərəyan edir, gərginləşir, barabanın dərisi kimi tarıma çəkilir, guruldayır.

Mən Haynrix Böllün (Heinrich Böll) Kişisiz ev(“Haus ohne Hüter”) romanını alanda müharibə vəziyyətində deyildik. Müharibədən sonrakı dövrü əhatə edən əsəri müharibə şəraitində oxumağın özü də adama bir az qəribə gəlirdi.

Kitabın əvvəlində kimin kim olduğunu yadda saxlamaq üçün həddindən artıq çox enerji sərf etdim. Sanki kompyuterdə “Cəngəllik” oyunu oynayırdım. Kolun, ağacın arxasından çıxan heyvanın otyeyən və ya ətyeyən olduğunu ayırd etməliydim. Yırtıcıdırsa öldürməli, otyeyəndirsə yoluma davam etməliydim. İlk üç fəsili bu cür gərginliklə yola verdim. Sonra hər şey öz axarına düşdü.

Roman iki oğlan uşağının, iki ailənin fonunda müharibənin dəhşətlərini əks etdirir. 1954-cü ildir, İkinci Dünya müharibəsi on ilə yaxındır başa çatıb, ölən ölüb, qalan qalıb. Amma qalanlar ölənlərdən fərqli olaraq hər gün bir daha ölürlər.

1975-ci ildə ekranlaşdırılmış eyniadlı filmdən kadr

Təsvir edilən iki ailənin timsalında müxtəlif şəraitdə olan müxtəlif insanların eyni itkinin öhdəsindən müxtəlif cür gəldiyini görürük. Oğlanlar dost olsalar da, yaşadıqları mühit onlar arasında böyük bir uçuruma çevrilir. Burda da ailənin maddi vəziyyətinin yapışdırılan yarlıqlara nə qədər təsir elədiyinə şahid oluruq. Belə deyək, hər iki oğlanın anasının “adı çıxsa da”, məktəbdə kasıb oğlana münasibət imkanlı oğlana münasibətdən çox fərqlənir.

Həmçinin böyük şərə – nasizmə – xidmət edən kiçik şər qüvvələrin nə qədər cılız adamlar olduğunu görürük. Oğlanlardan birinin anası Nella ərini ölümə göndərməklə bütün həyatını puç edən insandan qisas almağı düşünür. On ildən sonra həmin insanla qarşılaşır. Onun nə qədər miskin, bekara, şöhrətpərəst insan olduğunu gördükdən sonra özünə, bu vaxta qədər içində böyütdüyü qisas hissinə yazığı gəlir. Başa düşür ki, həmin insanlara nifrət etmək də mümkün deyil, o qədər mənasız insanlardır. Şəxsi-qərəzlik etdiyi üçün əsgəri döyüşə göndərib onun ölümünə səbəb olan, müharibədən sonra poeziyadan, lirikadan müzakirə oxuyan zabit kimi mənasız…

Siz gərək düzünü deyəydiniz, müharibəni tərifləyəydiniz, qəzəblə sizə qismət olmayan qalib rolunu axıra kimi oynayaydınız. Ancaq məhz sizin “Modern lirikadan nə gözləyə bilərik?” mövzusunda məruzə deməyiniz tükürpədicidir.

Bu kitab sayəsində bir oxucu kimi özümdə yeni bir xüsusiyyət kəşf etdim. Sən demə, mən yemək təsvirlərini sevirəmmiş. Qəhrəmanların sevdikləri və ya nifrət etdikləri təamların təsvirində müvafiq olaraq ağzım sulanır ya da ürəyim bulanırdı.

Maraqlıdır ki, 1954-cü ildə qələmə alınan “Kişisiz ev” romanı 1955-ci ildə Fransada naşirlər tərəfindən ən yaxşı əcnəbi kitab adlandırılıb. Və ötən il “orijinaldan bədii tərcümə” nominasiyasında Vilayət Hacıyev “Kişisiz ev” romanına görə mükafat alıb.