Payızda həmişə triller/detektiv janrında qələmə alınmış romanlar axtarışına çıxıram. Bunu bilərəkdən etmirəm. Sadəcə cansıxıcı günlərin apatiyasını bu janrın gərginliyi və həyəcanı ilə kompensasiya edə biləcəyimi düşünürəm. Və hər dəfə də eyni səhvi təkrarlayıram: sınaqdan üzüağ çıxmış müəlliflərin başqa əsərlərini oxumaq yerinə, yeni yazıçıların yaradıcılığı ilə tanış olmağa can atıram. İçimdə Hindistana dəniz yolunu kəşf etmək üçün səyahətə çıxan, amma Amerikanı kəşf edən Kolumb olmaq iddiası ölmək bilmir.

Mayk Omerin (Mike Omer) “Qatil ağlı” (“A Killer’s Mind”) kitabı builki “payız çərəzi” rubrikamın ikinci qonağı oldu. Əsəri rusca oxudum, kitabın adı ruscaya nədənsə “Внутри убийцы”“Qatilin içində” kimi tərcümə edilib. Məncə, “Qatilin beynində/düşüncəsində” variantları daha yaxşı səslənərdi. Mətnin tərcüməsi də pis vəziyyətdə idi. Bəlkə elə orijinalı da o gündə olub. Bilmirəm, müqayisə etmək üçün imkanım olmadı. Nə isə. Mövzumuz bu deyil.

Kitab Rusiyanın “Eksmo” nəşriyyatında işıq üzü görüb

Elə məni aldadan da Rusiya nəşri oldu. Daha doğrusu, Rusiya nəşrinin üzqabığı. Birinci dəfə idi elə ikili üzqabığı görürdüm.

Kitabın cildində ikinci üzqabığı üçün xüsusi pəncərə açılıb

İkincisi səbəb isə əsas qəhrəmanın detektiv, inspektor, xəfiyyə və ya polis deyil, profayler olması idi. Yəni məntiqlə əsas qəhrəmanımız cinayət işi aparmamalı, cinayət işi aparanlara məsləhət verməli idi.

Profayler bir növ kriminalist psixoloqdur: cinayət yerinə, qətlin törədilmə şəklinə, jestlərə, danışıq tərzinə, əldə edilən dəlil-sübuta görə caninin, qatilin profilini təyin edir. “Mənə yalan danış” (“Lie to Me”) serialında olduğu kimi məntiqli davranış təhlilləri, cani fəaliyyəti ilə bağlı psixoloji ipucları ilə qarşılaşacağımı gözləyirdim. Amma necə deyərlər, olmadı yar, su testisine dolmadı yar…

“Mənə yalan danış” (2009-2011) serialının posteri

Çikaqoda silsilə qətllər törədən bir qatil peyda olur. Onun özünəməxsus dəsti-xətti var: qadınları öldürdükdən sonra cəsədləri mumiyalayır (elə süjetin də yeganə fərqli özəlliyi də budur). Çikaqo polisi araşdırmaya başlayır. Yerli profaylerin peşəkarlığına etibar etmədikləri üçün Federal Tədqiqatlar Bürosuna (FTB) müraciət edirlər. Büro da ən “bərkgedən” mütəxəssisini – Zoi Bentlini və agent Teytum Qreyi Çikaqoya yollayır. Bura qədər klişelərə birtəhər dözdüm. Dedim, bəlkə, Zoi xanım Çikaqoda möhtəşəm fikir yürütmə qabiliyyəti ilə bütün bu olanları unutduracaq. Amma roman şablonlarla, çeynənmiş ideyalarla dolu idi.

Mayk Omer

Şablon N1: Zoi Bentli niyə profayler olub? Çünki balaca olanda bir manyakla üzləşib, amma sağ qalmağı bacarıb. (Sonra da hind filmlərini bəyənmirlər. Orda da anası/atası ölümcül xəstəlikdən ölən uşaq böyüdüb həkim olur).

Şablon N2: Həmin manyak polisin səriştəsizliyi ucbatından qaça bilib. Zoini narahat etmək üçün ona vaxtaşırı məktublar yollayır.

Şablon N3: Uşaq olanda heç kim – nə valideynləri, nə polis əməkdaşları Zoinin şübhələrinə əhəmiyyət vermir. (Nə hikmətdirsə, detektiv əsərlərdə/filmlərdə amerikalı valideyn olmağın birinci özəlliyi böyüdüb boya-başa çatdırdığın, tərbiyə verdiyin övladına inanmamaq olur. Niyə də niyə? Trampa inanan xalq niyə öz uşağına inanmır?)

Şablon N4: Zəhmli olsa da, əməkdaşlarının bütün zibillərini ört-basdır edən bir şef. Özü də mütləq qadın olmalıdır, yoxsa feministlər kitabı almaz.

Şablon N5: Agent Teytumla Zoinin romantik tanışlığı:

Ve bir Perşembe günü saat iki yi dört geçiyordu

İkimizde önümüze bakmamıştık çarpıştık önce

Sen pardon dedin sonra ben

yere düşen kitaplarını (verilmiş halda sənədlərini) topladım

Gözgöze geldik ve başladık

Film gibi yani

Məzələnmirəm, həmin səhnədə qulağıma qeybdən Kayahanın “Bir aşk hikayəsi” mahnısı gəldi.

Şablon N6: Cəsarətli profaylerimiz əməliyyatın ən gərgin vaxtında “Maşında qal” tapşırığı alıb maşında qalmır. Ümumiyyətlə, detektivlərdə bu tapşırığı yerinə yetirən bir insan tanımıram.

Şablon Nn: “Mumiya həvəskarı”nın dəhşətli keçmişi. Artıq bu “uşaqlıq travması” mövzusundan bezmişəm. Kimi başdanxarab çıxarmaq istəyirsənsə, bir dənə uşaqlıq travması yazırsan, hər şey düzəlir.

İndi isə müəllifin oxucunun zəkası ilə lağlağı etdiyi məqamlara keçək:

  • Hər dəfə Zoi qatillə bağlı bir iddia ortaya atanda agent Teytum səbəbini soruşur və çox “inandırıcı” cavab alır: instinktlərim belə deyir. Eyni məntiqlə bizim falçılardan da yaxşı, bəlkə də, daha yaxşı profayler çıxar.
  • Əsərin sonunda Zoi əynindəki paltarları soyunaraq qatili silahsız olduğuna inandırmaq istəyir. Xəstəxanadan yeni çıxan Zoinin bədəni gömgöydür, çapıqlar, yaralar var. Amma o vücudu ilə manyakın ağlını başından alır. Halbuki əsərin əvvəlində dəfələrlə qeyd edilir ki, qatil qadınların bədənlərində döymənin, çapığın, yara-xoranın olmamasına xüsusi diqqət yetirir.
  • Zoi peşəkar psixoloqdur. Amma öz emosiyalarını ram edə bilmir, yersiz camaatın üstünə qışqırır, tənqidi qəbul etmir, hər mübahisəyə “burda mənəm, Bağdadda kor xəlifə” şüarı ilə atılır.

Bütün bunlardan sonra bir oxucu kimi özümə nə nəticə çıxardım?

  1. Kitabın üzqabığındakı “NEW YORK TIMES, WASHINGTON POST, AMAZON CHARTS BESTSELLER” reklamı keyfiyyət göstəricisi deyil.  
  2. Bu mənasız əsərə belə böyük şərh yazmağın özü axmaqlıqdır.