Şon Baytel (Shaun Bythell) Şotlandiyada ən böyük bukinist mağazasının sahibidir. Mağaza Şotlandiyanın “kitab şəhəri” hesab edilən Uiqtaunda yerləşir.
Baytelin qələmə aldığı “Kitab satıcısının gündəliyi” (“The Diary of a Bookseller”) əsəri sevimlilər siyahıma düşdü. Bunun bir neçə səbəbi var. Həmin səbəbləri punkt-punkt izah edəcəm.
- Birincisi, əsərin strukturudur. Gündəlik tərzində yazılıb. 2014-cü ildə qələmə alınıb və bir ili əhatə edir. Hər ay yeni fəsildir. Hər fəsil isə Corc Oruelin “Kitab satıcısının xatirələri” essesindən sitatla və mağazadan çəkilmiş bir fotoşəkillə başlayır. Baytel Oruelldən sitat gətirməklə müasir dövrün kitab satıcıları ilə bir əsr əvvəlki həmkarlarının fəaliyyətini müqayisə edir. Və müqayisədən görünür ki, aradan uzun müddət keçsə də, kitab bazarında bəzi məsələlər olduğu kimi qalır.
- Hələ də müəllif və əsərin adını bilmədən, üzqapağının rənginə görə kitab axtaran, endirimə endirim istəyən, standart suallara qeyri-adekvat cavab verən alıcılar var. Kitabı mənə sevdirən ikinci xüsusiyyəti də məhz bu oldu: Baytel stereotipləri qırır. Kitab mağazasına girən hər insan kitab oxucusu olmaya bilər. Üstündə kitaba aid şüarlar (“Mən oxumağı sevirəm”, “mən kitab iyini xoşlayıram”, “kitab iyi verən gellə çimirəm”) yazılan fincan/çanta və s. bu kimi suvenir/aksessuar alanlar da həmçinin. Baytel göstərir ki, qiraətdə, mütaliədə xüsusi heç nə yoxdur, bədii ədəbiyyat həvəskarı olmaq isə dünyanın ən gəlirsiz işidir. Və bədii ədəbiyyat oxuduğu üçün öyünən, özünü ali kasta hesab edənlər dünyanın ən riyakar insanlarıdır. Baytel də bu riyakarlığı son dərəcə ironik bir şəkildə təsvir edir.
- Üçüncü səbəb – obrazlardır. Mağazanın sahibi kimi Baytelin özü, pessimist köməkçisi Niki, daimi müştərisi cənab Dikon, mağazanın “Kapitan” ləqəbli pişiyi, Baytelin yazıçı sevgilisi Anna… Hamısı insana çox doğma və səmimi gəlir. Fikirləşəndə ki, onların hamısı real insanlardır, adamın ürəyi açılır. Bu səmimiyyət onların Facebook (https://www.facebook.com/thebookshopwigtown/?__tn__=%2Cd%2CP-R&eid=ARBDBcgH_EVR0YCGZUSAKUxSPepeUXUfpSwwbzAkHdpgur0gzBMd-jzknY41M72cDYl00JAU5kd7zetz) və YouTube səhifələrində də hiss olunur. Videolarda Nikini, Bayteli, mağazanı görəndə kitabdan oxuduğum təsvirlərə görə artıq hər şey mənə tanış gəlir. Hansı otaqda hansı bölmənin yerləşdiyini, qırıq Kindle-in hekayəsini, Baytelin tez-tez qarşısında oturub kitab oxuduğu sobanın obyekti niyə qızdırmadığını bilirəm.
- Kitab sayəsində “The Bookshop Band” adlı (https://www.youtube.com/user/TheBookshopBand) qeyri-adi musiqi qrupu ilə tanış oldum. Onun qeyri-adiliyi isə ondan ibarətdir ki, bu qrup təkcə kitab mağazalarında musiqi ifa edir və mahnılarının sözləri oxuduqları əsərlərdən seçilir. Məncə, əla ideyadır. Söhbət əla ideyalardan düşmüşkən, “The Bookshop” mağazasının bir neçə yaradıcı təşəbbüsünü də qeyd etmək istərdim. Son dərəcə maraqlı olduğunu düşünürəm. Mağazanın işçi heyəti “Təsadüfi kitablar klubu” (https://www.facebook.com/randombookclub/) təsis edib. Klubun ideyası nədən ibarətdir? Deməli, illik 59 funt sterlinq ödəməklə kluba üzv olan oxucular hər ay bir kitab bağlaması alırlar. Lakin onlara kitabın janrını, keyfiyyətini seçmək ixtiyarı verilmir. Bu tamamilə Bayteldən və onun işlətdiyi mağazanın əməkdaşlarından asılıdır, daha doğrusu onların zövqündən.
- Zövq demişkən, Baytellə sevimli yazıçılarımız demək olar üst-üstə düşür. Bunu özümü tərifləmək üçün deyil, Baytelin üslubundakı səbəbsiz doğmalığa haqq qazandırmaq üçün deyirəm. Müəllifin mütaliə edərkən zövq aldığı yazıçılar arasında Vudhaus, Saramaqo, Pratçet, Selincer, Harper Li, Qoqolu görəndə çox sevindim. Halbuki oxşar zövqün doğmalıq üçün yetərli olmadığını çoxdan başa düşmüşəm.
- Əsərdə təsvir edilən növbəti layihə “Açıq kitab” layihəsidir. Kitabı oxuyanda məlum oldu ki, layihənin “ideoloqu” Baytelin keçmiş sevgilisi Anna olub. O, dostları ilə birgə belə qərara gəlib ki, yuxarısı mənzil olan boş mağaza alsın və gələn ziyarətçilərə 2-3 həftəlik həmin kitab mazağasını işlətmək imkanı versin. Təbii, müəyyən ödəniş müqabilində.
- Növbəti maraqlı layihə günlərin bir günü naməlum oxucunun mağazaya göndərdiyi açıqca ilə başlayır. Açıqcada hansısa kitabdan kiçik bir qeyd olur. Niki həmin açıqcanın şəklini gülməli sözlərlə FB səhifələrinə yerləşdirir. Və həmin vaxtdan bəri mağaza oxucularından mütəmadi olaraq açıqca almağa başlayır. Hər ayın sonu kiçik bir müsabiqə keçirilir, ən maraqlı açıqca mağazanın FB səhifəsinə yerləşdirilir. Cəsarətləri çatır eyni layihəni AzərPoçtla eləsinlər. Görüm, açıqca neçə əsrə gedib çatacaq.
- Sonuncu səbəb: Baytelin ən sevimli seriallarımdan biri olan “Black kitab mağazası”ndakı cənab Blekə oxşaması idi. Hər ikisi kitab mağazası işlədən, ancaq kitab satmağa qarınları ağrıyan tiplərdir. Düzdür, Baytel Blek kimi həyasız və təkəbbürlü deyil, lakin oxuculara qarşı qərəzli olduğunu hərdən özü də etiraf edir.
Mətnin video formatı YouTube kanalımda: