Artur Heylinin (Arthur Hailey) “Aeroport” (“Airport”) əsərini atama görə almışdım. Atam 70-ci illərin sonları, 80-ci illərin əvvəlləri Leninqradın (indiki Sankt-Peterburq) Pulkovo Hava Limanı və Krasnodar Beynəlxalq Hava Limanında “Start” adlı lokasiya sistemi quraşdıran komandanın mühəndislərindən biri olub. Bu səbəbdən atam təyyarələrin, aeroportların baş rolda və əsas fonda çıxış etdiyi bədii və sənədli filmləri izləməyi sevir. Bu marağını qismən mənə də ötürüb.

Pulkovo Hava Limanı

Əsərin mövzusu nədir?

1968-ci ildə işıq üzü görən kitab dərhal bestsellərə çevrilib. Qəfil çovğun nəticəsində böyük bir hava limanı fövqəladə rejimdə işləyir. Aeroportun əməkdaşları ard-arda bir neçə problemlə üzləşirlər: ərzaq daşıyan maşın və təyyarə qarda ilişib qalır, gömrükdə qanunsuz mal keçirmək istəyən qadın saxlanılır, başqa yaşlı qadın biletsiz Nyu Yorka uçmaq istəyir, hava limanının yaxınlığında yerləşən şəhərin sakinləri səs probleminə görə nümayiş keçirir, maddi çətinliklərdən bezən bir kişi həyatını sığortalayıb təyyarəni partlatmaq istəyir. Və bütün bunlara qəhrəmanların şəxsi problemləri və şəxsi faciələri əlavə olunur.  

1970-ci ildə əsər əsasında ekranlaşdırılan eyniadlı filmin posteri

 Oxuyandan sonra bildim ki, müəllifin demək olar bütün əsərləri “istehsalat romanlarına” nümunədir. Hətta unudulmaqda olan bu janrı 50-60-cı illərdə Heyli yenidən populyarlaşdırıb. İstehsalat romanı (ingiliscə “Occupational Novel”) hekayənin mərkəzində müəyyən istehsalat  tapşırıqlarını, peşə problemlərini  həll edən mütəxəssisin dayandığı ədəbi əsərdir. Bu cür romanlarda insan ilk növbədə əməkçi funksiyalar fonunda nəzərdən keçirilir.

Yazıçı Artur Heyli və “Aeroport” əsərinin ingilisdilli nəşrinin müasir üzqabığı

Sovet dövründə bu janr çox məşhur olub. Rüstəm Kamalın “Ədəbiyyat” qəzetində dərc olunan və Azərbaycan ədəbiyyatında istehsalat romanlarından bəhs edən məqaləsi bu baxımdan maraqlı mənbədir: https://edebiyyatqazeti.az/news/diger/734-istehsalat-romani-lazimdirmi

Goodreads” platformasında da eyni başlıq altında kitab kolleksiyası yerləşdirilib: https://www.goodreads.com/genres/occupational-novel

Kitabı canım çıxa-çıxa bitirdim, əsəri oxumamaq üçün müxtəlif bəhanələr uydururdum. Sonda gücsüz iradəm zəif təxəyyül gücümə qalib gəldi. Süjet o qədər ləng irəliləyirdi ki, arada plov dəmləyirdim. Səhnəyə daxil olan hər növbəti obraz haqqında tərcümeyi-hal – quru faktlar,  şablon məlumatlar verilirdi. Bu məlumatların sonradan nə qəhrəmanların açılmasına, nə də süjet xəttinə bir xeyri dəyirdi. Sanki Heyli toya (verilmiş halda terror hücumuna) hazırlaşan ailənin anası idi, qəhrəmanlar da onun bir-bir geyindirib-kecindirdiyi çoxsaylı uşaqları. Hamısının üst-başını yoxladıqdan sonra maşına doluşub tədbirə gedəcəkdilər. Saat 18:00-da başlanacağı gözlənən toy isə gəlinlə bəy tıxacda qaldığı başlamaq bilmirdi.

Kitab hava limanının müxtəlif xidmətləri – dispetçer, logistika, gömrük, rabitə, təhlükəsizlik və sair başqa xidmətləri barədə vaxtı keçmiş informasiyalarla zəngin idi. Texnoloji tərəqqinin birbaşa təsir göstərdiyi sahələr barədə bədii əsər yazmağın özü də bir az riskli işdir. Ya da bütün bunlar “National Geographic” kabel televiziyasının “Hava qəzalarının araşdırılması” (“Air Crash Investigation”) silsilə sənədli serialını başdan-ayağa izləmiş biri kimi mənə maraqsız gəldi. Aeroportun iş prinsipini öyrənmək üçün 600 səhifəlik roman yerinə, təlimat kitabçasını oxumaq daha məntiqli olar. Əsərin bədii tərəfi çox zəif idi və detallı lazımsız təsvirlər acı bağırsaq kimi uzadılmışdı.        

Kitabdan bəzi maraqlı faktları bir araya topladım:

  • 50-60-cı illərdə heyət uçuşa ən azı bir saat qalmış hava limanında olmalı imiş (indiki qaydalara əsasən bu iki saat təşkil edir);
  • Nəzarət uçuşu nasazlıq aradan qaldırıldıqdan sonra ayrı-ayrı pilotaj və naviqasiya sistemləri, cihazlar, aqreqat və qovşaqların yoxlanılması məqsədilə həyata keçirilən xüsusi uçuşdur;
  • Nəzarət dövrə uçuşu istismara verilmədən öncə uçuş aparatının sınaq uçuşudur;
  • Uçuş zolaqlarındakı qarı/buzu təmizləmək üçün adi yollarda istifadə edilən duz yerinə xüsusi fenlə təchiz edilmiş maşınlardan istifadə edilir. Çünki duz qarışımı təyyarələrin metalını “yeyir”;
  • Nədənsə əsərdə sərnişinlər “biznes” və “ekonom” siniflərə deyil, “birinci dərəcəli” və “turist” siniflərə ayrılır;
  • Sərnişin təyyarələrində sistemlərin çoxu bir-birini təkrarlayır. Məqsəd biri sıradan çıxdıqda, digərini işlək vəziyyətə saxlamaqdır (Hazırda bu sistemləri çox vaxt rəqəmsal və analoq olmaqla təkrarlayırlar);
  • Stüardessalar təyyarəyə boş çamadanlarla gəlib, uçuş zamanı istifadə edilməyən yüksək keyfiyyətli ərzağı (qaymaq, alkoqollu içkilər) çamadanlarına yığırlarmış;
  • Stüardessaların təhsili baha başa gəldiyi, həmçinin uyğun xarici görünüşə, cazibədarlığa və məlahətə sahib qızlar tapmaq çətin olduğu üçün aviaşirkətlər çox vaxt onları itirməmək üçün dəridən-qabıqdan çıxırmış. Məhz bu səbəbdən stüardessalar hamilə qaldıqda onlar üçün “bir-üç” adı altında xüsusi sənəd tərtib edilirmiş. Prosedur nədən ibarət imiş? Birincisi, qadın hamiləlik müddəti ərzində öz yeri barədə kadrlar şöbəsinə məlumat verməli imiş. İkincisi, doğulduqdan sonra uşaq övladlığa verilməli imiş. Aviaşirkət əlindən gələni edirmiş ki, uşaq yaxşı ailəyə düşsün. Üçüncüsü, stüardessa bu proqramdan yalnız uşağın atasının kimliyi barədə aviaşirkətə məlumat verdiyi halda istifadə edə bilərmiş. Bundan sonra kadrlar şöbəsinin nümayəndəsi maddi yardım əldə etmək məqsədilə dərhal həmin şəxsi yanına çağırırmış. Xəstəxana və uşağın xərclərini ödəmək üçün kişidən yazılı sənəd tələb edilirmiş. Bu cür hallarda kişilərin çoxu evli olduğu üçün qalmaqal yaratmamaq məqsədilə şərtlərlə razılaşırmış. Uşağın atası ekipaj üzvlərindən olduqda şirkətin işi daha da rahat olurmuş. Bu cür hallarda kişinin aylıq məvacibindən pul kəsilirmiş.
  • Ekonom siniflə müqayisədə biznes sinfə altı əlavə yemək payı verilirmiş. Biznes sinfə alqokollu içkilər havayı paylanırmış, ekonom sinfin sərnişinlərindən isə bir stəkana görə bir dollar alınırmış. Bəzən sərnişinlər hiylə işlədərək stüardessalara 20-lik və ya 50-lik əskinaslar uzadıb havayı içki içirlərmiş. Belə ki, təlimata əsasən qalığın ödənilməsi üçün stüardessalara xırda pul verilmirmiş;
  • Xidməti qaydalar stüardessaların ictimai yerlərdə kosmetikadan istifadəsinini qadağan edirmiş;
  • Bəzən sərnişinlər köhnə çamadanlarını dəyişmək üçün aeroport əməkdaşının baqajla ehtiyatsız davrandığını və onu zədələdiyini bildirirmiş. Bu cür hallar üçün zəhtökənliyi ilə seçilən sərnişinlərə 60 dollar civarında təzminat ödənilirmiş. Aviaşirkət hesab edirmiş ki, uzun-uzadı mübahisə aparmaq pul ödəməkdən daha baha başa gəlir. Qaydalara əsasən, bu cür halların qarşısını almaq üçün baqaj nəzarətçiləri zədəli çamadanları qeydiyyata almalıdır, ancaq onlar çox vaxt bu qaydaya əməl etmirmişlər;
  • Hava limanlarında sərnişinlərin diqqətini cəlb etməmək üçün polislərə, təhlükəsizlik xidmətinin əməkdaşlarına şərti adlar verilirmiş;
  • Oruellin məşhur “böyük qardaş səni izləyir” ifadəsi dispetçerlər arasında “böyük qardaş səni dinləyir” kimi istifadə edilirmiş.

P.S. 2020-ci ili bir kitaba bənzətməli olsam, bu, Artur Heylinin “Aeroport” əsəri olar. Hava limanı Azərbaycan idi, ard-arda baş verən problemlər (pandemiya, karantin, müharibə, hərbi vəziyyət) isə 2020-ci ilin özü ilə gətirdiyi “gözəlliklər”. Kaş axırımız da kitabdakı kimi “xoşbəxt sonluq” ilə bitə…

Eyniadlı filmdən qəza səhnəsi