Müharibə mövzusunda oxuduğum ən yaxşı əsərlərdən danışacam. Paradoksal səslənir: ən ağır mövzulardan biri və ən yaxşı nümunələri.

Demək olar bütün həyatım fasilələrlə müharibə şəraitində keçib. Müharibə bilavasitə mənə itki yaşatmayıb, amma itki ilə üzləşənlərin həyatına şahid olmuşam.

Təkcə müharibə səhnələrinin, döyüşlərin təsvir edildiyi əsərlərə deyil, eyni zamanda müharibənin səbəb olduğu hadisələrdən, səbəb-nəticə zəncirində “müharibə”nin səbəb kimi iştirak etdiyi hekayələrdən bəhs edən kitablara toxunacam. Siyahı subyektiv xarakter daşıyır və şəxsən mütaliə etdiyim kitablardan tərtib edilib. Məsələn, Tolstoyun “Hərb və sülh” əsəri siyahıda yer almayıbsa, deməli, o əsəri oxumamışam.  

Ernest Heminquey “Əcəl zəngi”

Bədii ədəbiyyatda müharibə mövzusu dedikdə, “İtirilmiş nəslin” (XIX əsrin sonunda doğulan və 18 yaşı tamam olduqdan sonra Birinci Dünya Müharibəsində iştirak edənlər) haqq səsi hesab edilən Erix Mariya Remark və Ernest Heminqueyin adları mütləq bu mövzu ilə bağlı siyahılarda ön sıralarda gəlir. Hər iki müəllifin yaradıcılığı ilə yaxından tanışam.  Hərçənd Heminqueyin üslubu ədəbi zövqümə çox yaddır. Onun çılpaq təsvirləri, monoton dialoqları mənə darıxdırıcı gəlir, əsərlərini oxuyanda elə bilirəm yavan plov yeyirəm. Müharibə mövzusunda iki əsərini oxumuşam: “Əlvida, silah” və “Əcəl zəngi”. Onlar arasında seçim etməli olsam, ikinciyə üstünlük verərəm, o da Pilar xanımın şərəfinə. Əsərdə hadisələr İspaniya vətəndaş müharibəsi dövrünə təsadüf edir.

Gənc amerikalı döyüşçü Robert Cordan Franko tərəfdarlarına qarşı döyüşmək üçün partizan dəstəsinə qoşulur. Dəstəyə hərbi məqsədlə bir körpünü partlatmaq tapşırılır. Hazırlıq prosesində dəstə üzvlərini tanıyırıq, onların həyat hekayələrini öyrənirik. Əsər də bu insanların istəkləri, gələcəklə bağlı gözləntiləri, mübarizələrinə inamı üzərində qurulub.

Erix Mariya Remark “Qərb cəbhəsində təbəddülat yoxdur”

Remarkı təxminən 10 il öncə “Zəfər tağı” sayəsində tanımışam. Əsərin melanxolik ab-havasını, şeir kimi axıcı dilini, fəlsəfi-ironik dialoqlarını o qədər bəyənmişdim ki, görməmiş kimi ard-arda müəllifin dörd-beş kitabını oxumuşdum. Sonra da doymuş buxara çevrilmişdim. Üstəgəl, mütaliə təcrübəm zəif idi, bədii priyomlarla elə də yaxından tanış deyildim. Xüsusi heyranlığıma bu çatışmazlıqlar da səbəb olmuşdu. Məsələn, indi Remarkdan nəsə oxumağa hövsələm çatmaz.

Müharibə mövzusu deyəndə Remarkın ağla gələn ilk əsəri “Qərb cəbhəsində təbəddülat yoxdur” əsəri olur. Ümumiyyətlə, müharibə mövzusu Remarkın demək olar bütün əsərlərindən qırmızı xətt kimi keçir. Təsadüfi deyil. Çünki müəllif özü şəxsən müharibədə iştirak edib, baş verən vəhşilikləri öz gözləri ilə görüb. Məktəbi bitirdikdən sonra Remark könüllü orduya yazılıb və Qərb cəbhəsində gedən döyüşlərdə iştirak edib.

Yazıçı bu əsərində militarizmə olan nifrətini təsvir edir, öldürməkdən başqa heç nə bilməyən, “gün üzü görməyən” gənclərdən bəhs edir, təbliğat maşınını, sinfi bərabərsizliyi, ədalətsizliyi tənqid edir. Əsərdə müharibənin səbəblərini götür-qoy edən  əsgərlər aldadıldıqlarının fərqinə varırlar, müharibədə aldıqları travmalara, həm fiziki, həm mənəvi –  görə sonradan mülki həyata uyğunlaşa bilmirlər. 

Roman 1928-ci ildə nəşr olunan kimi kult əsərlərdən birinə çevrilib. Bu əsər Almaniyanın müharibədəki məğlubiyyətinə haqq qazandırmağa və əsgərləri qəhrəmanlaşdırmağa çalışan Veymar Respublikası dövründə üstünlük verilən sağçı mühafizəkar hərbi ədəbiyyata zidd olub. Məhz bu kitab yazıçı ilə nasist rejimi arasında mübahisənin yaranmasına səbəb olub. Remark “Qərb cəbhəsində təbəddülat yoxdur” romanını Kramer təxəllüsü altında nəşr etdirməyə çalışıb. Bu da hitleryönlü mətbuatın əlinə əsas verib ki, yazıçını yəhudi mənşəli olmaqda günahlandırsın. Nasistlər hakimiyyətə gəldikdən sonra Remarkın kitabları ümumiyyətlə qadağan edilib, hətta satışdan qaldırılıb və meydanlarda yandırılıb.

Xalid Hüseyni “Min möhtəşəm günəş”

Dövrümüzdə tez-tez müharibə mövzusuna müraciət edənlərin arasında yazıçı Xalid Hüseyni var. O, “Çərpələng uçuran” romanı ilə Əfqanıstan reallığını yenidən diqqət mərkəzinə sala bilmişdi. Çoxları əsərin Amerikanın sifarişi ilə qələmə alındığını, Amerikanın xilaskar imicinə xüsusi diqqət ayrıldığını iddia edir. Bununla belə, “Çərpələng uçuran” müharibə gedən ölkədə gənclərin arzularının yarıda qaldığını, müharibənin demək olar hər bir ailəyə təsir etdiyini göstərir. Burada həmçinin o da qeyd edilir ki, vəziyyət qarışan kimi (verilmiş halda, sovet qoşunları Əfqanıstana girir) zənginlər, varlı ailələr ölkəni tərk edir, vətəni qoruyanlar isə yenə kasıblar olur.

Nə isə… qızışdım, halbuki bu mövzu ilə bağlı yazıçının digər əsərini – “Min möhtəşəm günəş” əsərini qeyd etmək istəyirdim. Çünki Hüseyni burada müharibə içində müharibəni göstərir. Çevrilişlər, qırğınlar, dağıntılar fonunda iki qadınının tale yolları kəsişir. Onlar eyni kişinin arvadı olurlar. Şəxsi azadlıqları əllərindən alınan bu iki qadın həmin kişinin əsarətindən qurtulmağa çalışırlar. Bir daha şahid oldum ki, azadlığa ancaq mübarizə və birlik yolu ilə nail olmaq olar. “Çərpələng uçuran” ilə müqayisədə bu əsəri daha çox sevməyimə obrazların qadın olması ilə yanaşı, onların daha sivil bir ölkəyə köçmək imkanının olmaması idi. Xeyr, mazoxist oxucu deyiləm. Obrazların əziyyət çəkməsindən zövq almıram. Sadəcə seçim imkanı olmayan insanların – bu siyahıda mən də varam – mübarizəsinin nə ilə nəticələnəcəyini görmək maraqlı idi.

Nodar Dumbadze “Mən günəşi görürəm”

Toxunmaq istədiyim növbəti əsər –sevimli yazıçılarımdan biri Nodar Dumbadzenin “Mən günəşi görürəm” povestidir. Düzdür, mövzu ilə bağlı müəllifin “Mən, nənəm, İliko və İllarion” romanını da qeyd edə bilərəm. Əsərdə Böyük Vətən müharibəsi illərində Gürcüstanın ucqar bir kəndi təsvir edilir. Yetim qalan balaca oğlan nənəsinin himayəsində böyüyür. Bütün əsər də onun dili ilə verilir. Kənd əhalisi ağır şəraitdə yaşayır, çətin günlərdən keçir, hər gün cəbhədən qara xəbər gəlir. Bununla belə, bu insanlar hələ də zarafat etməyi, sevinməyi, gülməyi bacarırlar.

“Mən günəşi görürəm” povesti də oxşar süjetə malikdir. Bu dəfə də hadisələr balaca oğlanın – Sosonun dili ilə verilir. O, 1937-ci il repressiyasında valideynlərini itirib, bibisi ilə yaşayır. Soso məktəbdə oxuyur. Onun parta yoldaşı Xatiya adlı bir qızdır. Xatiya anadangəlmə kordur. O, yalnız günəş işığını hiss edə bilir. Sonra müharibə başlayır, bununla da kənd camaatının dinc həyatı dəyişir.

Oxşar süjetə baxmayaraq, “Mən günəşi görürəm” əsərinə üstünlük verməyimə də məhz Xatiya obrazı səbəb oldu. O, gözəldir, ağıllıdır, həmişə gülümsəyir, nikbindir. Ətrafda baş verən qorxunc hadisələrə rəğmən insanları ruhdan düşməyə qoymur. İnamın yoluxucu olduğunu göstərir. Bu obraz mənim üçün ümidin rəmzidir. Hər şeyin yaxşı olacağına bəslənən ümidin.

Qurban Səid “Əli və Nino”

Regiona nəzər salmışkən, Qurban Səidin “Əli və Nino” əsərini qeyd etməsəm olmaz. Romanda Birinci Dünya Müharibəsi fonunda bakılı iki gəncin – azərbaycanlı Əli xan Şirvanşir və gürcü Nino Kipianinin məhəbbəti təsvir edilir. Məhəbbət xəttində diqqətəlayiq bir şey yoxdur: iki mədəniyyət – şərq və qərb mədəniyyəti toqquşanda  meydana çıxan standart çətinliklər. Mən bu əsəri tamam başqa xüsusiyyətinə görə sevirəm: bu kitab zaman maşını kimidir, hər dəfə vərəqləyəndə tanış Bakının tanış olmayan tərəflərini görürəm.

Həmçinin bu nəsr nümunəsi dünya miqyasında əhəmiyyətsiz görünsə də, bizim üçün böyük əhəmiyyət kəsb edən tarixi hadisələrə (inqilab, vətəndaş müharibəsi, mart soyqırımı, ingilislərin şəhərə gəlişi, Azərbaycan Demokratik Respublikasının qurulması, bolşeviklərin Bakını ələ keçirməsi, Azərbaycanın sovetləşdirilməsi, milli müqavimət ocaqlarının yatırılması) bədii baxışdır. İndiki dövrə proyeksiya etsək, “Euronews” kanalında müxtəlif ölkələrlə bağlı yayımlanan reklam çarxları kimidir. Bircə fərqlə, bu piar kampaniyasında ölkənin təkcə müsbət tərəfləri deyil, mənfi tərəfləri də işıqlandırılır.

Bu əsər bir də ona görə mənə doğmadır ki, bir növ gözümün açılmasında xüsusi rol oynayıb. Məktəb dövründə qəhrəman kimi bizə sırınan tarixi şəxslərin, ictimai fiqurların əslində indiki dövrün dırnaqarası “çörəkverən kişilər”lərdən heç nə ilə fərqlənmədiyini göstərib.

Markus Zuzak  “Kitab oğrusu”

Müəllif qeyri-adi təhkiyə üslubu seçib: bütün hadisələr Ölümün dilə ilə verilir. Məncə, verilmiş halda ən doğru bədii gedişdir. Söhbət qanlı müharibədən gedirsə, danışanın da Ölüm olması çox məntiqlidir.

Hadisələr faşist Almaniyasında cərəyan edir. 1939-cu ilin yanvarında Hubermanlar ailəsi balaca Lizeli övladlığa götürür. Lizelin həm analığı, həm atalığı nasizmə qarşıdır, onlar hətta evlərinin zirzəmisində Maks adlı yəhudi bir gənci gizlədirlər.  

Zuzak romanda bir çox məsələyə – nasizm ideyasına, yəhudilərin təqib olunmasına, alman xalqının Hitler ideologiyasının tərəfdarları və əleyhdarları olmaqla iki hissəyə bölünməsinə toxunub. Müəllif göstərir ki, hansı millətdən, hansı ölkədən olursan ol, həmişə insanlığını qoruyub saxlamalısan, insan itkisinə, qəminə, kədərinə laqeyd olmaq olmaz, bu dünyada ən əsas şey xeyirxahlıq, hörmət və cəsarətdir. Və bütün bunları pafossuz, sakit, soyuqqanlı bir şəkildə təsvir edir. Əsərin müsbət tərəfi də məhz budur: təsvir edilən hadisələr ağırdır, amma nəql edildiyi dil bir o qədər pafosdan, dramatizmdən uzaqdır. İnsanı ifrat həssaslığa sürükləmir, döyə-döyə ağlatmır, sağlam şəkildə düşünməyə məcbur edir.

Kurt Vonnequt  “Sallaqxana N5 və ya uşaqların səlib yürüşü”

İkinci Dünya Müharibəsi mövzusunu davam etdirsək, alman mənşəli amerikalı yazıçı Kurt Vonnequtun ən məşhur əsərlərindən biri olan “Sallaqxana N5 və ya uşaqların səlib yürüşü” əsərini qeyd etməsəm olmaz. Niyə olmaz? Çünki kitab avtobioqrafik motivlərlə zəngindir, xüsusilə müəllifin ağır hərbi təcrübəsi burada öz əksini tapıb.

1941-ci ildə Yaponiya ABŞ-ın Sakit okeanda yerləşən Pörl-Harbor hərbi dəniz bazasına hücum etdikdən sonra Vonnequt könüllü şəkildə orduya yazılır. 1944-cü ildə III Reyxin həyata keçirdiyi Arden əməliyyatı nəticəsində əsir düşür və digər hərbi əsirlərlə Drezdenə göndərilir. Burada hamilə qadınlar üçün səməni siropu istehsal edən zavodda çalışır.

Əsirlər axşamlar fəaliyyət göstərməyən şəhər sallaqxanasına saxlanılırdı. Bomba hücumu zamanı onlar heyvan cəmdəklərinin saxlanıldığı zirzəmiyə aparılırdılar. 1945-ci ildə Drezden şəhəri ittifaq qüvvələri tərəfindən bombalananda zirzəmidə olan yazıçı sağ qalır. Drezden strateji cəhətdən mühüm hədəf olmadığı üçün şəhərdə demək olar ki, bomba sığınağı olmayıb.

Vonnequt hesab edirdi ki, Drezdenin bombalanması hərbi zərurətdən doğmayıb. Əməliyyat nəticəsində həlak olanların çoxu dinc insanlar olub, yaşayış məntəqələri dağıdılıb, memarlıq abidələri məhv edilib. Vonnequt nasizmə qarşı olsa da, sonralar etiraf edir ki, Drezdenin darmadağın edilməsini nasistlərin cinayətlərinə cəza kimi nəzərdən keçirmək olmaz. Ona görə yazıçının bu əsəri ABŞ-da senzuraya məruz qalır, “zərərli” kitablar siyahısına salınır və kitabxanalardan çıxardılır. Hətta 1973-cü ildə Amerikanın Dreyk şəhərində məktəb şurasının qərarı ilə bu kitab “şeytan aləti” kimi yandırılır. “Sallaqxana N5”-i tövsiyə edilən ədəbiyyat siyahısına daxil edən müəllim isə işindən azad edilir.

Roman Vonnequta xas tərzdə qələmə alınıb. Bir az fantastika, bir az fəlsəfə, bir az qara yumor. İnsanın şər və zorakılıq qarşısında nə qədər aciz olduğunu görürük.

Herta Müller “Nəfəs yelləncəyi”

Herta Müller 2009-cu ildə Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb.  Əsər İkinci Dünya Müharibəsi başa çatdıqdan sonra rumın almanlarının aqibətindən bəhs edir. On yeddi yaşlı transilvaniyalı alman Leo Auberq 1945-ci ildə SSRİ-ə deportasiya edilir. Qəhrəmanımız Rumıniyanın almandilli şairi Oskar Pastiorun prototipi hesab edilir. Qeyd edim ki, yazıçının anası da SSRİ-ə deportasiya edilənlərin arasında olub.

Bəs bu insanlar niyə SSRİ-ə köçürülürdü? Mən də bu tarixi faktla əsəri oxuyandan sonra tanış olmuşdum. Belə ki, Almaniyanın SSRİ-ə hücumu ölkə iqtisadiyyatına ciddi zərər vurmuşdu, on milyonlarla vətəndaşı həlak olmuşdu. Bu səbəbdən 1945-1946-cı illərdə sovet düşərgələrində alman vətəndaşlarının əməyindən məcburi istifadə edilirdi. Bura Almaniya, Rumıniya, Yuqoslaviya, Macarıstan,  Bolqarıstan, Çexoslovakiyadan gətirilən almanlar da daxil idi.

Şair Oskar Pastior da etnik alman kimi 1945-ci ildə Donbas ərazisində əmək düşərgəsinə deportasiya edilib. 1949-cu ildə geri qayıdıb. Herta Müller kitabı Pastiorla birlikdə yazmaq istəyirmiş. Lakin 2006-cı ildə şairin vəfat etməsi onun planlarını pozur. Və müəllif təkbaşına bu ağır işin öhdəsindən gəlməyə çalışır.

“Nəfəs yelləncəyi” elə bir yerdən bəhs edir ki, burada artıq mədəniyyətə, mənəviyyata yer qalmır, burada sadəcə sağ qalmağa çalışırsan. Bir fərd olaraq kim olduğunu unudursan, yalnız bioloji varlığını davam etdirmək uğrunda mübarizə aparırsan. Artıq dini mənsubiyyətin, cinsi oriyentasiyan, istəklərin, arzuların boş bir şeyə çevrilir. Özün də böyük bir boşluğa. Hər gün, hər saat, hər dəqiqə yalnız bir şey haqqında düşünürsən – yemək tapmaq və ac qalmamaq.

 Meri Enn Şeffer və Enni Berrouz “Görnsi ədəbiyyat və kartof qabıqlarından hazırlanan piroq həvəskarları klubu”

Siyahıda nisbətən yüngül və dramadan uzaq bir əsərə də yer vermək istədim. Sırf adına görə oxuduğum və uzun müddət hamıya təriflədiyim bir romandan danışacam. Meri Enn Şeffer və Enni Berrouzun birlikdə qələmə aldığı “Görnsi ədəbiyyat və kartof qabıqlarından hazırlanan piroq həvəskarları klubu”.

Roman epistolyar janrda qələmə alınıb. Hadisələr 1946-cı ildə baş verir. Dünya müharibədən sonra yavaş-yavaş  özünə gəlməyə başlayıb. Müharibə ardınca “kabus” insanlar, yarımçıq qalmış talelər, xarabalıq və çoxlu yetim uşaq qoyub gedib. Londonda yaşayan gənc yazıçı Culiet yaradıcılıq böhranından keçir. O, yeni kitabı üçün süjet tapa bilmir. Müharibənin dəhşətləri barədə yazmaq istəmir, amma digər mövzular da ona darıxdırıcı və yersiz gəlir. Elə bu vaxt təsadüf yazıçının köməyinə çatır – Görnsi adasında donuz saxlayan bir kişidən məktub alır. Sən demə, həmin şəxs də mütaliə həvəskarıdır. Özünü Dousi kimi təqdim edən məktub müəllifi Culietdən kitab məsləhəti almağa çalışır.

İş orasındadır ki, bir vaxtlar almanlar tərəfindən işğal edilmiş və özünə təzə-təzə gələn Görnsi adasında kitab tapmaq müşkül məsələdir. Bu məktub Culietin həyatını alt-üst edir. Kitab klubu adı altında fəaliyyət göstərsə də, əslində ada sakinlərinin gizli görüşü üçün nəzərdə tutulmuş klubun yaranma tarixçəsi onun marağına səbəb olur. Və beləliklə yazıçı klub üzvləri ilə tanış olmaq üçün adaya üz tutur. Məlum olur ki, 1941-ci ildə komendant saatını pozduğu üçün alman əsgərlər tərəfindən saxlanılan dörd dost həbsə düşməmək üçün ədəbiyyat klubundan qayıtdıqlarını söyləyirlər və yalan ayaq tutub yeriyir. Uydurma klub həqiqi kluba çevrilir.

Oxuduqca insanların nə qədər möhkəm olduğuna, müharibənin isə nə qədər dəhşətli olduğuna təəccüblənirsən. Roman eyni zamanda həm kədərlidir, həm əyləncəli. Müharibə dövründə də ümidini, cəsarətini, sadəlövhlüyünü itirməyən insanları gördükcə, Baytell demiş, bəşəriyyətin gələcəyinə inamım artdı.

Romanda çox gözəl bir fikir var: “”. Kaş müharibə də eyni təsir gücünə malik olardı.

Etqar Keret “Yeddi bəhrəli il: memuar”

Siyahıya Etqar Keretin “Yeddi bəhrəli il” əsərini də salmaq istədim. Bu kitab mənə hədiyyə edilmişdi. Annotasiyasında müharibə, terror sözlərini gördükdən, müəllifin yəhudi olduğunu öyrəndikdən sonra  nəsə məni qaramat basmışdı. Ona görə yox ki, qaramat kitabları oxumağı sevmirəm, sadəcə bir çox müəllif bu mövzuları spekulyasiya etməyi, oxucuda mərhəmət hissi oyatmağı, ağlatmağı sevir. Lakin əksi baş verdi. Keret göstərdi ki, mərhəmət və yumor hissi ilə müharibə kabuslarının və həyatdakı faciələrin öhdəsindən gəlmək mümkündür. 

Müəllif həyatının 7 ilini təsvir edir. Oğlunun dünyaya gəlməsi ilə atasının ölümü arasında keçən 7 ilini. Oğlu Leo terror hücumları zamanı doğulur; atasına xərçəng diaqnozu qoyulur. Müharibə, ölüm təhlükəsi Keretin gündəlik həyatını kabusa döndərir. Sərt reallıqdan qaçmağa çalışan müəllif fikirlərini qələmə almağa başlayır. Nəticədə həyatın qeyri-mümkünlüyü, məhəbbət, ailə və sülh haqqında gözəl bir kitab alınır.

Əsər qısa hekayələrdən ibarətdir.  Bu hekayələrin hər birində yazıçının həyatından müəyyən bir epizod, müəyyən bir hadisə, dostları, tanışları, qohumları ilə əlaqəli fikirləri öz əksini tapır.

Aqota Kristof “Qalın dəftər”

Qayıdaq yenə dramaya. Siyahının sonlarına doğru yaxınlaşırıq. Deməli, bu mövzuda oxuduğum ən təsirli iki əsərdən birini elan etməyin vaxtıdır: Aqota Kristofun “Qalın dəftər” əsəri.

Yazıçının adına ilk rast gəldiyim məqalədə elə bilmişdim ki, məqalə müəllifi Aqata Kristinin adını səhv yazıb. Sonra başqa yazıçı olduğunu öyrəndim. Məhz ad oxşarlığı yeni tanışlığa gətirib çıxardı. Və ən məşhur əsəri – “Qalın dəftər” ilə başlamaq qərarına gəlmişdim.

Əsər İkinci Dünya müharibəsi dövründə yaşayan qardaşların həyatından bəhs edir. İlk dəfə 1986-cı ildə İsveçrədə nəşr olunan bu əsər tənqidçilər tərəfindən böyük heyranlıqla qəbul edilib. Sonradan müəllif “Qalın dəftər”ə “Sübut” və “Üçüncü yalan” hissələrini artıqmaqla onu trilogiya səviyyəsinə qədər genişləndirib.

Süjet xətti əkiz qardaşlar – Klaus və Lukas tərəfindən yazılmış gündəlik üzərində qurulub. Ancaq romanın gedişatında qardaşlar bir adama çevrilir. Və yalnız son anda oxucu oxuduqlarının həqiqət yoxsa yalan olduğunu aydınlaşdıra bilir.

Ötən əsrin ən qəddar əsərinin qadın tərəfindən yazılması, bu azmış kimi, bu hekayəni uşaqların nəql etməsi olduqca rəmzi xarakter daşıyır. Romanda əyləncəyə yer yoxdur. Hər cümləsindən dəhşət yağır. Oxuduqca şüuraltı hiss edirsən ki, əsər nə qədər uydurma olsa da, bədiiləşdirilsə də, həqiqət payı çox böyükdür. Və səhifələri çevirdikcə həmin həqiqət payının çoxalması adamı dəhşətə salır. Mənə təsiri o qədər güclü olmuşdu ki, cəsarətimi toplayıb trilogiyanı tamamlaya bilməmişdim. İndinin özündə də hərdən davam etdirmək fikrinə düşürəm, amma içimdən bir hiss buna qarşı çıxır.

Bernhard Şlink “Qiraətçi”

Və gəldik çatdıq birinci yerin sahibinə: Bernhard Şlinkin “Qiraətçi” romanı. Auditoriyası geniş olan bloggerlər kimi, mövzuya “məni tanıyanlar bilir ki” sözləri ilə başlamaq istərdim. Təəssüf, heç məni tanıyanlar da bilmir ki, bu əsərin yeri məndə başqadır. Çünki ilk dəfə bu əsərdə zərərçəkənin deyil, zərərvuranın cildində olmuşdum.

Süjetini bildiyim halda aldığım nadir kitablardandır. 15 yaşlı məktəbli oğlan Mixael Berq 36 yaşlı tramvay bələdçisi Hanna Şmits ilə tanış olur. Onlar görüşməyə başlayırlar, aralarında eşq münasibəti başlayır. Hanna hər görüşdə Berqdən ona kitab oxumasını xahiş edir və bir neçə aydan sonra qəfil yoxa çıxır.

Səkkiz ildən sonra hüquq fakültəsində təhsil alan Mixael Osvensim düşərgəsində nəzarətçi kimi fəaliyyət göstərən qadınların məhkəmə prosesində iştirak edir. Müttəhimlər arasında Hannanı tanıyır. Nəzarətçilər bomba hücumundan sonra başlayan yanğın zamanı kilsədə gizlənən yəhudi qadınlara qapı açmadıqları üçün onların yanaraq ölməsində ittiham edilirlər. Sübut kimi Hannanın imzaladığı hesabat təqdim edilir. Mixael onda başa düşür ki, Hanna əslində yazıb oxumağı bilmir, ona görə həmişə ondan kitab oxumağı xahiş edirmiş. Qadının aqibəti necə olur? Bu haqda spoyler verməyəcəm.

Şlink özü də ixtisasca hüquqşünasdır. Bəlkə bu səbəbdən məhkəmə səhnələri daha real alınıb. Ümumiyyətlə, məhəbbət xəttinin oxucunu cəlb etmək üçün bədii fənd olduğunu düşünürəm. Çünki əsər aralarında yaş fərqi böyük olan iki insanın münasibət yaşayarkən hansı çətinliklərlə üzləşdiyinə toxunmur. Bu iki obrazın yerinə ata və oğul, ana və oğul, dayı və oğul və s. qoyula bilərdi. Əsas məsələ iki nəsli üzləşdirməkdir. Cinayət törədən nəsillə həmin cinayətləri qınayan nəsli. Yazıçı elə hey qulağının dibində qara mələk kimi soruşur: cinayət törətdiyini başa düşmürsənsə, həmin əməl cinayət hesab edilirmi? Başa düşəndə hökm vermək olur? Bəs hökm verəndə başa düşmək? Oxucu kimi mənim gəldiyim nəticə bu oldu ki, başa düşərək hökm vermək mümkün deyil.

Mətnin video formatı YouTube kanalımda: