Dünya da, insanlar da birdir. Ağıldankəm, xəstə, axmaq və tamahkar.

Koreya ədəbiyyatında “Tərk edilmiş şahzadə Bari” (Bari Gongju) əfsanəsi var. Bari kralın yeddinci və sonuncu övladı olur. Oğul həsrəti ilə yanıb tutuşan monarxın yeddi övladının yeddisi də qızdır. Ona görə Bari doğulan kimi meşəyə atılır. O, “dirilik suyu”nu tapmaq üçün yeraltı dünyaya yola düşür və ilahəyə çevrilərək yeni dünyada yenidən doğulur.

Hvanq Sok Yonq (Hwang Sok-yong) da bu əfsanəni dövrümüzə adaptasiya edərək totalitar ölkələrdə vətəndaşların üzləşdiyi çətinliklər, qaçqın böhranı, miqrantların vəziyyəti və böyük şəhərlərə axın edən insanların həyatlarından yazıb.

Hvanq Sok Yonq

Əsərdə Azərbaycan mühiti ilə kəsişən o qədər tanış səhnə var idi ki… Qız övladın istənməməsi, böyüklərin seçdiyi şəxslə ailə həyatı qurmaq, patriarxal cəmiyyətdə qadınların manevr imkanının olmaması, dözüm və fədakarlığın onlarda ən yüksək məziyyət kimi qiymətləndirilməsi. Roman elə güclü başlanğıc götürmüşdü ki, dedim yəqin, irəlilədikcə daş üstünə daş qalmaz. Təəssüf ki, “Topaz”-da oyun əmsalında “yandıran”lar kimi yenə yanılmışdım.

Əslində əsəri səfərnamə kimi nəzərdən keçirmək olar.  Barinin Şimali Koreyadan Çinə, oradan İngiltərəyə baş tutan səyahəti və bu yolda üzləşdiyi problemlər əks olunur. O, ruhlarla, şamanlarla, yatalaq xəstəliyindən ölən uşaqlarla danışa, köpəyi və lal-kar bacısı ilə telepatik ünsiyyət qura, ayaqlarını masaj etdiyi müştərilərin keçmişini oxuya bilir. Barinin bu üstünlüklərindən istifadə edib, ətrafındakı insanların həyatına toxunacağını, əzilənlərin haqq səsi olacağını gözləyirdim, amma “həftəbecər” bir hekayə ilə qarşılaşdım. Müəllif meyvə bağına girib, özünü itirən, qucağına hər budaqdan bir meyvə yığıb, sonra onların hamısını yemək istəyib qarın ağrısına düşən azyaşlı uşağa oxşayırdı.

Ejen İoneskunun “Stullar” pyesi var. Orada iştirakçılar Natiq adlı bir personajın gələcəyini və həyatın mənasını onlara başa salacağını gözləyirlər. Əsərin sonunda Natiq gəlir, amma onun lal olduğu ortaya çıxır. Və söylədiklərini heç kim başa düşmür.  

Bu əsərdə də Bari həyat suyunu tapmaq üçün hər cürə çətinlikdən keçir: ailəsini itirir, evindən didərgin düşür, təcavüzə uğrayır, qanunsuz imiqrant həyatı sürür, övladını itirir. Nə var, nə var, dirilik suyunu – ab-həyatı tapıb gətirəcək. Sonda məlum olur ki, suyu özü ilə gətirə bilməz, sadəcə içə bilər. Hvanq sonda üç-dörd “fəlsəfi” mesaj (ədalət yoxdur, qurban da, cani də sonda öləcək, dünya fanidir və s. və i.) verəcək deyə bütün kitab boyu beynimi axmaq yuxularla xarab elədi. Əsər deyil, Ziqmund Freyd (Sigmund Freud) üçün yaxşı təcrübi vəsaitdir: oxu və yoz!

Üstəlik, yuxusuzluqdan əziyyət çəkən biri kimi bu dünyada ən zəhləm gedən şey kiminsə mənasız yuxularını dinləməkdir. Elə bilirəm həmin şəxs yuxusunu danışmaqla mənə acıq verir: bax, mən nəinki mürgüləyirəm, hətta dərin yuxu tsiklinə girə və yuxugörmə mərhələsinə çata bilirəm. Bu əsərdə isə yuxuları dinləməklə yanaşı, beynimdə onları canlandırmalı da olurdum. Birdən müəllif nəsə “sağ göstərib sol vurar”. Nəticədə ayıq-sayıqlığın, ehtiyatlı qiraətin əbəs olduğunu gördüm…

London səhnələri o qədər quru idi ki… Hətta bəyənmədiyim “Səhra çiçəyi” (“Desert Flower”) əsərindəki London təsvirləri “yüksək ədəbi dəyəri” ilə bunu kölgədə qoyurdu.

Bundan əlavə, romanda islam dini ilə bağlı primitiv bilgilər verilirdi. Nəyə lazım idi? Hansı ali məqsədə xidmət edirdi?

Bunlar azmış kimi, bütün əsər boyu Barinin nənəsini “Krudslar ailəsi” (“The Croods“, 2013) animasiya filmindəki nənəyə oxşatmağım mətnə ciddi yanaşmağıma əngəl oldu.

Romanın mənim üçün yeganə müsbət tərəfi real sonluğu idi. Yazıçının məhz bu cür sonluq seçməsi gözlənilməz oldu. “Dözüb oturanların” sonda mükafatlandırılacağına adət etmişik. Lakin Hvanq dünyanın ədalətsiz bir yer olduğunu, qara zolaqların sayının daha çox və daha uzun çəkdiyini göstərir və növbəti zərbəsini endirir.

Mən həyatın zamanla çətinliklərə dözmək olduğunu dərk etmişdim. Hər dəfə ümid etdiyin kimi olmasa da, hər necəsə yaşadığın müddətcə zaman axır və hər şey keçib-gedirdi.

P.S. Kenzaburo Oenin (Kenzaburō Ōe) verdiyi rəydən şübhələnməliydim ki, əsər ürəyimcə olmayacaq. Oenin yaradıcılığından xüsusi zövq almamışdım. O isə bu əsərə “Asiya qitəsini silkələyən ən yaxşı romanlardan biri” deyir. 

Kenzaburo Oe