Aktyor Cared Letoya (Jared Leto) nifrətimin kökü uzaq keçmişə – 2009-cu ilə dayanır. Onunla “Cənab Heç kim” (Mr. Nobody, 2009) filmi ilə tanış olmuşdum və sifətini gördüyüm ilk səhnədəcə fizionomiyasından zəhləm getmişdi. O qədər zəhləm getmişdi ki, “Cənab Heç Kim” Letonun izlədiyim ilk və son ekran işi olmuşdu.

Hələ də inana bilmirəm ki, ötən gün heç bir təzyiqlə üzləşmədən, öz istəyimlə bu adətimə xilaf çıxdım. Posterdə Letonun o “gözəl” simasını gördüyüm halda, “play” düyməsinə basdım. Amma əməlimdən peşman deyiləm, çünki sonda mükafatlandırıldım.  

Söhbət “Xırda detallar” (The Little Things, 2021) filmindən gedir. Hadisələr 1990-cı illərdə cərəyan edir. Şerif köməkçisi Co Dikonu (Denzel Vaşinqton/ Denzel Washington) kiçik tapşırıqla Los Ancelesə göndərirlər. Məlum olur ki, beş il əvvəl Dikon burada adlı-sanlı müstəntiqlərdən biri olub. Lakin başçılıq etdiyi bir istintaq işi onun bütün həyatını korlayıb. Nəticədə ailəsi dağılıb və sağlamlığını itirib. O, burada Cim Bekster (Rami Malik/Rami Malek) adlı gənc müstəntiqlə tanış olur. Beksterin hal-hazırda araşdırdığı cinayət işi Dikonun beş il əvvəl üstünü aça bilmədiyi işə çox oxşayır. Uzun sözün qısası, gənc qızları öldürən manyakı (oxu: Cared Letonu) tapmaq üçün bu iki nəfər komanda şəklində birləşirlər. Əslində bu duet bir nəfərin həyatıdır: Co Dikon həmkarına baxanda xoşbəxt keçmişini, Cim Bekster isə bədbəxt gələcəyini görür.  

Elə bir yaşa çatmışam ki, artıq vicdanlı polislərin təkcə Amerika filmlərində olduğuna inanıram. Ekran işinin əvvəlində müstəntiqlərin fəaliyyətini izləyib, vicdanın filmdə də olsa hələ ölmədiyini görüb xeyli sevinmişdim. Finala doğru başa düşdüm ki, onları hərəkətə gətirən qüvvənin adı vicdan deyilmiş. Biri keçmişdə yol verdiyi böyük və taleyüklü səhvindən, həmin səhvin kabus kimi onu qarabaqara izləməsindən qurtulmaq, digəri isə ambisiyalarını reallaşdırmaq istəyir. Bəlkə də səhv edirəm. Çünki qəhrəmanımız vicdanlı olmasaydı, səhvi həyatını kabusa döndərməzdi, o da gönü qalınlar kimi normal həyatına davam edərdi.

Letonun acı aqibətinə baxıb doyunca zövq aldım. Amma Rami Malikin ifası barədə eyni sözləri söyləyə bilməyəcəm. Elə bil, hələ də “Cənab Robot” (Mr. Robot, 2015) serialındakı ampluasından çıxa bilməyib. Eyni gərgin hərəkətlər, eyni donuq baxışlar… Hərdən normal insan olub-olmadığını yoxlamaq üçün ekrandan qıdıqlamağım da gəlirdi. Nə isə… qurban olsun hamısı Denzel Vaşinqtonun təmkininə…