Koben (Harlan Coben) yaradıcılığı ilə tanışlığa 3-4 il əvvəl “Sadəcə bir baxış” əsəri ilə başlamışdım. Bir adətim var, oxuduğum istənilən kitabın filminin olub-olmadığını yoxlayıram. “Sadəcə bir baxış”ı araşdıranda gördüm ki, Kobenin başqa əsərləri əsasında da filmlər çəkilibmiş. Fransa istehsalı olan “Sadəcə bir baxış”dan sonra, yenə Fransa istehsalı olan “Heç kimə söyləmə” (Ne le dis à personne) filmini izlədim. Baş rolda Fransua Klyuzen (François Cluzet), rejissoru Giyom Kane (Guillaume Canet). Bu da Kobenin eyniadlı əsəri əsasında ekranlaşdırılıb.

Ssenarini bəyəndiyim üçün o biri filmlərə, seriallara keçdim. Əri öldürülən, körpəsi oğurlanan Elis adlı bir həkimin apardığı araşdırmadan bəhs edən “İkinci şans verilmir” (“Une chance de trop”, 2015) mini-serialını, beş uşağın meşədəki parka gedib, dörd uşağın geri qayıtdığı “Beş” (The Five, 2016) adlı mini-serialı və ötən il “Yad qadın” (“The Stranger”, 2020) mini-serialını izlədim. Bir-iki gün olar Kobenin eyniadlı əsəri əsasında ekranlaşdırılan “Təhlükəsizlik” (“Safe”, 2018) serialını bitirdim. Hal-hazırda isə Polşa ilə ABŞ-ın birgə istehsalı olan “Meşənin dərinliyində” (“W głębi lasu”, 2020) izləyirəm. Müqayisədə “Yad qadın” serialını daha çox bəyəndim. Çünki baş rolda Riçard Armitaj (Richard Armitage) gedir.

“Yaşayan ölülər” (Live Wire) kitabını da əlimə alanda ən az bu seriallardan zövq aldığım qədər zövq alacağımı düşünürdüm. Amma düşündüyüm kimi olmadı. Birincisi, əsər Mayron Bolitar seriyasının 10-cu kitabıdır. Seriyanın protaqonisti hesab edilən Mayron Bolitar əvvəllər istedadlı, parlaq gələcək vəd edən basketbolçu olub. Sonra zədə aldığı üçün basketboldan uzaqlaşıb və ən yaxın dostu ilə idmançılara hüquq xidməti göstərən agentlik açıb. Hər seriyada Bolitar komandası ilə bir işin üstünü açır.

Bizim bəxtimizə düşən seriyada Mayron balaca qardaşını axtarır, eyni zamanda Syuzi adlı keçmiş tennis ulduzunun ölümünü araşdırır. Syuzi 8 aylıq hamilədir, “Facebook” hesabına uşağın ultrasəs müayinəsindən çəkilən şəklini yerləşdirir. Və kimsə həmin şəklin altına “atası başqa adamdır” şərhini yazır. Bu hadisədən sonra əri, məşhur rok qrupun solisti Lekster evdən çıxıb gedir. Syuzi Mayrona müraciət edir, şərh yazanın tapılmasını və ərinin evə qaytarılmasını istəyir.
Süjet və tvistlər kifayət qədər yaxşı olsa da, dialoqlar klişe yığını idi. Ən çətin vəziyyətdə də zarafat etmək, hazırcavab davranmaq – Amerika blokbasterlərinə xas olan bu tərz filmlərdə özünü doğrultsa da, əsərlərdə yersiz görünür.
Ümumiyyətlə, Kobenin bütün əsərləri oxşar ideya üzərində qurulub: keçmişdə baş verən pis hadisə – çox vaxt bu, cinayət hadisəsi olur – hər hansı bir yolla bir gün ortaya çıxır və günahkarlar gec-tez cavabını alır. Özü də günahkarlar çox vaxt cani xislətli insanlar deyil, yaxşı insanlar olur. Yəqin yaxşılıq edəcəkləri təqdirdə günahlarının yuyulacağını düşünürlər.
Kobenlə bağlı belə bir qərara gəldim ki, bundan sonra yazıçının heç bir əsərini oxumayacam, amma böyük məmnuniyyətlə ssenari müəllifi olduğu bütün filmlərə baxacam. Bir insan necə olur ki, oxşar sahələrdə belə fərqli istedad sərgiləyir?
Əsərlə bağlı təəssüratlarım aşağıdakı videoda: