“Tom dayının daxması” (Uncle Tom’s Cabin) romanını 1986-cı ildə “Gənclik” nəşriyyatında işıq üzü görən “Dünya Uşaq Ədəbiyyatı Kitabxanası” seriyasından, Hidayət Orucovun tərcüməsində oxudum. Kitaba başlayanda məni bir sual narahat edirdi: bu qədər ciddi bir mövzuya – Amerikada quldarlıq, irqçilik mövzusuna toxunan bir əsəri sovet dövründə nə əcəb uşaq ədəbiyyatına daxil ediblər? Oxuduqca sualıma cavab tapdım. Roman mənim üçün həddindən artıq gec oxunulan kitablar siyahısına düşdü. O qədər gec ki, artıq təsvir olunan hadisələrin mənim üçün istehsal müddəti bitmişdi. Özümü tanıyandan bəri ayrıseçkiliyin hər növünə, hər fasonuna şahidlik edən, bu azmış kimi bunu öz üzərində hiss edən XXI əsr üçüncü dünya ölkəsi vətəndaşını “üstüörtülü” fiziki işgəncə səhnələri ilə təəccübləndirmək mümkün olmadı. Bəli, yazıldığı dövr üçün səs-küyə, qalmaqala səbəb olması, hətta deyilənlərə görə, Vətəndaş Müharibəsini tətikləməsi normaldır. Ancaq bu mövzuda ən ağır kitabları oxumuş biri üçün “Tom dayının daxması” “uşaq oyuncağı” kimi bir şey idi.

Əsər paralel olaraq iki qaradərilinin hekayəsindən bəhs edir. Onlardan biri kitaba adı verilən Tom dayıdır, biri isə Corc. Bu iki qulun timsalında müxtəlif şəraitin eyni statusda olan iki insana təsiri təsvir edilir. Corc həmişə pis rəftar görüb, döyülüb söyülüb, işgəncələrə məruz qalıb, ona görə yaxşılığa inanmır, həmişə üsyan edir. Amma Tomun həyatı nisbətən xoş keçib, sahibi rəhmdil olub, ona görə həmişə şükür edir, Tanrının mərhəmətinə inanır. Ümumiyyətlə, əsərdə din və dini məsələlərə çox yer verilib. Burada müəllifin vaiz ailəsində doğulub böyüməsi və uzun illər qızlar məktəbində latın dili və teologiyadan dərs deməsi də öz rolunu oynayıb.

Hətta borclarını ödəmək üçün sahibinin onu başqa birinə satdığını eşidəndə Tom öz halına yanmaq əvəzinə cənab Şelbiyə məxsus fermanın onsuz itib batacağına, işçilərin səhlənkarlıq edəcəyinə görə narahat olur. 

Bircə ondan qorxuram ki, mənsiz burda çox şey tələf olsun. Axı, o hər şeyə xırdalığına qədər fikir verməyəcək, mənim təki hər işə qarışmayacaq. Camaatımız pis deyil, ancaq çox səhlənkardır. Bax, bircə bundan narahatam.

Bir daha əmin oldum ki, bəzi məsələlər dünya durduqca necə var elə qalacaq, ya da zəmanəyə uyğun şəkil dəyişdirəcək. Məsələn, Corcun “kim yaxşı yaşayır, qaçmaq barədə fikirləşməyəcək” deməyi. “Greencard”-a müraciət edənlərə yaxşı şüar hesab edilə bilər. Əslində biz də (ən azından mən) müasir dövrün qullarıyıq. Tomun əllərinə vurulan qandallar indiki zəmanədə ipoteka ödənişinə, kredit borclarına çevrilib. Ya da  rüşvətxor kilsə icmasının, din və dindarların dövlətin, imkanlı sahibkarların əlində bir silah olduğunu görmək. Əgər quldarlıq varlılara gəlir gətirirsə, onda bunun xətrinə Bibliyadakı mətnlər də onların ürəyi istədiyi kimi təfsir edilə bilər. Əsərdə ən bəyəndiyim obraz – Tom dayının üçüncü sahibi Sen-Klerin təbirincə desək:

Günlərin bir günü pambığın qiyməti dəhşət ucuzlaşsa və quldarlıq sahibkarlar üçün əlavə yükə çevrilsə, onda Bibliya mətnlərinin şərhi də dəyişiləcək.  

İroniyaya bax ki, “Tom dayının daxması” XIX əsrdə Bibliyadan sonra ən çox satılan roman olub. Ümumiyyətlə roman əvvəlcə kiçik hekayə kimi nəzərdə tutulubmuş. Harriet Biçer-Stou (Harriet Beecher Stowe) “National era” jurnalından sifariş alır. Quldarlığın ləğvini dəstəkləyən kiçik köşə yazıları yazmalı imiş. Bunun müqabilində jurnal yazıçıya 100 dollar ödəyib. Nəticədə hekayələr ictimaiyyətin o qədər xoşuna gəlir ki, roman şəklində çap olunur. Biçer-Stou qatı abolisionist olub, quldarlığın ləğvini və qulların azad edilməsini dəstəkləyən hərəkatın üzvü olub.

Romanın nəşrindən 10 il sonra Amerikada Vətəndaş müharibəsi başlayır və quldarlığın ləğvi ilə başa çatır. Çoxları qeyd edir ki, həmin dövrdə “Tom dayının daxması” güclü təbliğat silahına çevrilib. Hətta Vətəndaş Müharibəsinin başlanğıcında Harriet Biçer-Stou Ağ Evdə prezident Avraam Linkoln (Abraham Lincoln) ilə görüşüb. Guya Linkoln onu bu sözlərlə qarşılayıb: “Bu böyük müharibəni başladan həmin kiçik xanım sizsiniz”. Amma tədqiqatçılar belə bir faktı təkzib edir, bunun Stou ailəsində yayılan bir əfsanə olduğunu bildirirlər. Bu cür söz-söhbət yazıçının ölümündən sonra yayılmağa başlayıb.

Cənublular yazıçını faktları təhrif etməkdə günahlandırıblar. Onların fikrincə, Biçer-Stou məsələni şişirdirmiş, qaradərililərə qarşı münasibət elə də pis olmayıb. Cavabında ədib “Tom dayının daxmasının açarı” adlı başqa bir əsər buraxıb. Həmin kitabda romanın real hadisələrə əsaslandığını sübut etməyə çalışıb. Lakin plantatorların, quldarların hirsi soyumayıb. Tezliklə kitab mağazalarının vitrinlərində quldarların böyük ailə başçıları kimi mədh edildiyi əsərlər görünməyə başlayıb. Ədəbiyyatda bu janr “Anti-Tom” adı daşıyır.

Stou ömrünün son 23 ilini Konnektikut ştatının Hartford şəhərində keçirib. Və məşhur yazıçı Mark Tvenlə (Mark Twain) qonşu olub. Mark Tven öz xatirələrində yazır ki, evlər arasında hasar olmadığı üçün alsgeymer xəstəliyindən əziyyət çəkən xanım Harriet Biçer-Stou onun həyətindən də öz həyəti kimi istifadə edirmiş. Hazırda həmin ev Muzey Mərkəzi kimi fəaliyyət göstərir. 16 dollara bilet alıb, evi gəzmək mümkündür.

Əsər barədə danışdığım videoçarxın keçidi:

https://www.youtube.com/watch?v=fk6y-Lzp8&t=1s