Sara Eddison Allenin (Sarah Addison Allen) “Şəkər kraliçası”nı (The Sugar Queen) oxuduqdan sonra özümə ağıl duası yazdırmaq istədim. Amerika kino sənayesinin aşıladığı vərdiş sayəsində hər yeni il ərəfəsində eyni səhvi təkrarlayıram: möcüzələrə inanmağa başlayıram, möcüzələrin reallaşdığı filmləri izləyir, ya da möcüzələrlə zəngin kitablar oxuyuram. Bu dəfəki seçimim “Şəkər kraliçası” oldu. Çünki annotasiyası əsərin Yeni il ab-havasında olduğunu iddia edirdi.
İlk baxışda bir-biri ilə əlaqəsi olmayan üç qadının həyat yolu kəsişir. Bunlardan birincisi despotik anası ilə kiçik kurort şəhərində yaşayan Cozi Sirrinidir. 27 yaşlı Cozi özünü evə qapayıb, anasının göstərişi ilə hərəkət edir, onu razı salmağa, məmnun etməyə çalışır. Çünki uşaq vaxtı isterik davranışı ilə anasının bütün həyatını göy əskiyə bükübmüş. Əslində isə səbəb başqadır: Cozi anasının təbirincə desək, oxşamışlarına oxşayıb, fırt edib atasının burnundan düşüb, ona görə anası onu sevmir, ümumiyyətlə o, istənilməyən övladdır. Təəssüf, bu cür hallara kifayət qədər tez-tez rast gəlirik: analar və atalar bir-birlərinə olan heyfi uşaqlardan çıxırlar və buna haqları çatdığını düşünürlər.
İkinci qadın Cozinin paltar şkafında gizlənən Deladır. O, qalmaqalları, yüngül həyat tərzi ilə qəsəbədə ad çıxarıb. Cozi Delanı öz qarderobunda tapanda evdəkilərə, polisə xəbər verəcəyini bildirir. Della isə əvəzində onu şantaj edir: o da Cozinin şkafda qutu-qutu şirniyyat və məhəbbət romanları gizlətdiyini söyləyəcək. Birinci qızımız razılaşmalı olur və bundan sonra onun sakit həyatı inanılmaz məcraya sürüklənir. Yeri gəlmişkən, “inanılmaz” sözünü burada müsbət mənada işlətmədim.
Üçüncü qadın isə Delanın Cozini sendviç almağa göndərdiyi kafenin sahibi Xloyadır. Hadisələr elə cərəyan edir ki, Cozi ilə Xloya yaxın rəfiqəyə çevrilirlər və keçmiş sirlər bir-bir üzə çıxar.
Əsər bir növ asılılıq haqqındadır. Cozi böyüyüb boya-başa çatdığı manipulyasiya mühitinə öyrəşib. Yaşadığı həyat xoşuna gəlmir, bununla belə ondan asılıdır, heç cürə azad ola bilmir, kənardan təkana ehtiyacı var. Dela bütün ömrünü başqalarının dəbdəbəli həyatını müşahidə etməklə keçirib. O da “şahid həyatına”, yanından ötüb keçən “həyata” öyrəşib. Xloyanın halında isə asılılıq sevgi asılılığıdır. Başqa birinin həyatında yer tutmaq üçün o qədər dəridən-qabıqdan çıxır ki, sonda bütün simasını itirir.
Ümumiyyətlə, bu üç qadının hekayəsində ələ gələsi yeganə hekayə Xloyanınkı idi. Onu da mistik çalar qatmaqla müəllif zay etmişdi. Belə ki, Xloyanın əhval-ruhiyyəsinə uyğun evində, iş yerində kitab peyda olurdu. Məsələn, sevgilisindən ayrılanda stolun üstündə “Bağışlamaq sənəti” adlı əsər peyda olur. Bədii fənddə naşılıq hiss olunsa da, romanda təkcə bu məqamı bəyəndim.
Allenin romanda toxunduğu mövzular kifayət qədər ciddi mövzulardır. Ancaq müəllifin qələmi mövzulara ayaq uydura bilmir, kifayət qədər kəskin deyil. Sonlara doğru bütün bu sünilik, nağılvari hadisələr, təsvirlərdə tez-tez şirniyyatlara istinad edilməsi ürəyimi vurmağa başladı. Yəqin belə şeylər üçün yaşım keçib.
Əsər barədə danışdığım videoçarx: