“Cənab Darsinin gündəliyi” (Mr. Darcy’s Diary) Amanda Qranjın (Amanda Grange) “Ceyn Ostin qəhrəmanları” seriyasından birinci kitabıdır (Jane Austen Heroes #1). Yazıçı Ceyns Ostin və Corcet Heyerin (Georgette Heyer) romanları ilə böyüyüb. Regentlik dövrünə olan sevgisini yazdığı silsilə kitablardan hiss etmək olur.
Ən çox Ceyn Ostin romanlarının retellinqi ilə məşhurdur. Həmin əsərləri kişi qəhrəmanların dili ilə verir. “Cənab Darsinin gündəliyi” kimi “Cənab Naytlinin gündəliyi”, “Kapitan Venfortun gündəliyi”, “Edmun Bertramın gündəliyi”, “Kapitan Brendonun gündəliyi”, “Henri Tilninin gündəliyi” adı altında əsərlər yazıb. Yazıb deyəndə ki, üçüncü şəxsin təkini birinci şəxsin təki ilə əvəz edib. Tipik fanfik nümunəsi də demək olar. Fanfik (fanfic) populyar bədii əsərlərin motivləri əsasında yazılan həvəskar kitablara deyilir. Bir qayda olaraq, həmin original əsərlərin fanatları tərəfindən qələmə alınır. Kommersiya məqsədi güdmür. Digər fanatların oxuması üçün nəzərdə tutulur. Qranjın halında da kommersiya məsələsini çıxsaq, bütün bu şərtlər artıqlaması ilə ödənir.
Konkret bu romana gəldikdə, Amanda xanım “Qürur və qərəz”dən ən yaxşı hissələri, ən yaddaqalan dialoqları bir yerə toplayıb və Darsinin dili ilə verib. Darsi obrazının açılacağını gözləyirdim, amma belə bir bədii portretlə üzləşmədim. Yeganə fərqli xüsusiyyəti sonluğu oldu. Qranj Elizabet ilə Darsi evləndikdən sonra ailə həyatının necə keçdiyinə, Darsinin həyat yoldaşının qohumları ilə necə yola getdiyinə aydınlıq gətirir.
Və yeganə müsbət cəhəti o oldu ki, BBC telekanalının 95-ci ildə ekranlaşdırdığı mini serialı qoşdum və yenidən Kolin Förtün (Colin Firth) gənclik illərinə baxıb köks ötürdüm. Və bir daha əmin oldum ki, Ostinin köhnəlməyən dili və bənzərsiz yumor hissi mənim üçün həmişə əziz olacaq.
Əsər haqqında təəssüratlarımı bölüşdüyüm video: