Cinsi ayrıseçkiliklə mübarizənin bu qədər geniş vüsət aldığı bir dövrdə Cənubi Koreyada müasir qadının həyatına nəzər yetirmək, dünyanın o başındakı qadınların da eyni problemlərlə üzləşdiyini görmək maraqlı müşahidə idi.

Kim Ci Yon yeni doğulan qızına baxmaq üçün işindən ayrılmalı olur. Çox keçmir ki, özünü qəribə aparmağa başlayır. Tanıdığı, tanımadığı, həm yaşayan, həm ölən qadınların səsi ilə danışmağa başlayır. Bu vəziyyətdən narahat olmağa başlayan əri onu psixiatrın yanına göndərir. 

Fikir verdim ki, qəhrəmanların adlarını dəyişib, azərbaycanlı adları ilə əvəzləsəm, heç yadırğamaram. Təsvir edilən mövzular o qədər tanış və aktual idi. Selektiv abort, ailədə, məktəbdə oğlan və qız uşaqları arasında fərq qoyulması, qohum-qardaş təzyiqi ilə evlilik, uşaq sahibi olmaq, yeni ana olan qadınların iş yerlərində üzləşdiyi çətinliklər və s. bu kimi tanış mövzulara toxunulub.

Kim Con Yonla yanaşı anasının da həyat hekayəsi təsvir edilir. Ana ilə müqayisədə qız həyatının bütün mərhələlərində nisbətən daha yaxşı vəziyyətdədir. O, təhsil alır, məktəbi bitirir, universitetə qəbul olur, öz xoşu ilə ailə qurur. Ancaq bütün bu normallığın arxasında nəsə anormallıq da hiss edilir. Qadınlara münasibətin yaxşılığa doğru dəyişdiyinə şahid olsaq da, patriarxal ənənələri tamam məhv etmək elə də asan deyil.

Müəllif mətndə tez-tez statistik məlumatlara müraciət edir. Bu da mənə görə əsəri bədiilikdən uzaqlaşdırırdı. Sanki jurnalist araşdırması oxuyurdum, ya da BBC-nin 8 mart münasibəti ilə Cənubi Koreyadan hazırladığı xüsusi buraxılışına baxırdım.

Diqqətimdən qaçmayan bir məqam da oldu. Kim Conun həyatının hər dövründə haqqını tələb edən bir qadın var idi: məktəb illərində narahat uniformaya etiraz edən sinif yoldaşı, məktəbin həyətindəki manyakı tutub polis idarəsinə təhvil verdikləri üçün “tərbiyəsiz” damğası vurulan yeniyetmə qızlar, iş həyatında həmkarlarının qab-qacağını yumağı ona qadağan edən şöbə müdiri, qadın tualetinə gizlicə video kamera yerləşdirildiyi üçün rəhbərlikdən şikayətçi olan iş yoldaşı. Bütün bu qadınlar hamımız üçün ümid işığıdır. Onlardan biri olmaq lazımdır.

Kitabın sonunda müəllifin  sözləri yer alıb. O yazır:

Mənim Ci Vondan 5 yaş böyük qızım var. O, astronavt, alim və yazıçı olmaq istəyir. Onun yaşayacağı dünya mənim böyüdüyüm dünyadan yaxşı olmalıdır, yaxşı olacağına inanıram. Və belə olması üçün çalışıram. Dünyanın bütün qız uşaqlarının daha böyük, daha çox arzularının olmasını diləyirəm”.

Yazıçının “The Guardian” nəşrinə verdiyi müsahibəsindən öyrəndim ki, Ço Nam Ju anadan olmadan öncə atası ilə əmisi razılığa gəliblər: uşaq oğlan olsaydı, əmisinə veriləcəkmiş, çünki əminin oğlu yox imiş, 5 qızı var imiş. Belə bir dünyaya göz açan qızın belə bir kitab yazması həm təəccüblüdür, həm gözlənilən. Ço Nam Ju həmin müsahibədə qəzetin müxbirinə etiraf edir ki, yazdığı kitab onun özündən daha proqressiv və daha cəsarətlidir.

Roman əsasında 2019-cu ildə eyniadlı film çəkilib.

Əsərin video formatda təhlili: