Entoni Adinin (Anthony Adeane) “Heç nədən” (Out of Thin Air) əsəri “true crime” – “həqiqi cinayət” janrında qələmə alınıb, 1974-cü ildə baş verən hadisələrə əsaslanıb. İslandiyada iki kişi on ay fərqlə yoxa çıxır. Meyitlər tapılmır, şahid yoxdur, dəlil yoxdur, amma bununla belə, uzun sürən dindirilmələrdən sonra 6 nəfər həbs olunur. Saxlanılan şəxslər günahlarını boynuna alırlar. Ancaq məsələ bununla yekunlaşmır. 44 il sonra İslandiya Ali Məhkəməsi həmin altı şəxsə bəraət verir. Niyə? Entoni Adin də əsərində bu suala cavab tapmağa çalışır.

Bu hadisə “Reykyavik etirafları” (The Reykjavik Confessions) adı altında ölkə tarixinə düşüb. Bəs onu xüsusi edən nə olub? Belə ki, bir-biri ilə əlaqəsi olmayan həmin iki şəxs itkin düşəndən sonra baş verən hadisələr “Məxfi materiallar” serialındakı kimi gözlənilməz, fövqəltəbii xətt üzrə irəliləyir.

Bir ildən sonra iki gənc – 20 yaşlı Erla və onun sevgilisi Sayvar polisin diqqətini çəkir. Ən müxtəlif maxinasiyalarda iştirak edən Sayvar Erla ilə daha ciddi işə girişir: saxta poçt köçürmələri və saxta sənədlərin köməyi ilə külli miqdarda pul mənimsəyirlər. Dindirilmə zamanı polis itkin düşənlərdən birinin şəklini Erlaya göstərir. Qız da onu sinif yoldaşının məclisində gördüyünü deyir. Və beləcə iş çıxılmaz döngəyə girir. Sorğu-sualda adı hallanan digər 4 nəfər də istintaqa cəlb olunur. Onlar da uzun sürən dindirilmədən sonra günahkar olduqlarını bildirilər. Polis paradoksal vəziyyətə düşür: ortalıqda meyit yoxdur, dəlil-sübut yoxdur. Amma ziddiyyətli etiraflar var. Bütün bunlardan ittiham düz-qoş etməyə çalışırlar. Bunun üçün İslandiya daxili işlər nazirliyi Karl Şults adında alman mütəxəssisi konsultant kimi dəvət edir. O da öz növbəsində altı nəfəri uzun-uzadı dindirir, onlara psixoloji təzyiq göstərir. Nəticədə şübhəlilərdən biri 15 ay, Erla 3 il müddətinə, iki nəfər ömürlük həbs edilir. 1980-ci ildə ölkənin Ali Məhkəməsi işə yenidən baxır və həbs müddətini azaldır. 2017-ci ildə isə məhkumların hamısının məhkəmə sisteminin qurbanı olduğu elan edilir.

Məlum olur ki, məhkumların hamısı yaddaş etibarsızlığı sindromundan əziyyət çəkirmiş. Bu zaman insan o qədər özünə inanmır, o qədər etibar etmir ki, yeni xatirələr yaratmağa başlayır. Termin ilk dəfə Gisli Qudyonson tərəfindən istifadə edilib. O, həmin vaxt kriminal araşdırmalar şöbəsində tibb ekspert kimi fəaliyyət göstərib. Qudyonson qeyd edib ki, belə hallara tez-tez rast gəlinir: uzun müddətli dindirilmələr zamanı şübhəlilər yalançı, saxta xatirələr yaradırlar. Cinayət hadisəsi və dindirilmə arasında çox vaxt keçibsə, insanlar konkret həmin vaxt nə işlə məşğul olduqlarını yada salmaqda çətinlik çəkirlər və cinayət yerində olduqlarını etiraf edirlər.

Uzun sürən sorğu-sualla yanaşı etirafa səbəb olan başqa amillər də olub. Şübhəliləri sakitləşdirmək üçün onlara həbsxanada narkotik maddələr verilib. Həmçinin onların uzun müddət tək adamlıq kameralarda olması da psixikalarına güclü təsir göstərib. Üstəlik, darısqal kameralarda elemantar şərtlər gözlənilməyib: hər dəfə tualetə getmək üçün mühafizəçilər icazə almalı olublar. Əllərinə imkan düşəndə polislər məhkumlarla məzələnə bilirmişlər. Onlara hüquqi dəstək göstərilməyib, vəkilləri ilə görüşməyə şərait yaradılmayıb. Belə bir vəziyyətdə yaddaşları onlarla amansız oyun oynayıb. Sadalananlar indi adama təəccüblü gəlir. Müəllif hadisələri elə nəql edir ki, 70-ci illərdə İslandiyada belə bir vəziyyətin mümkün olduğuna inanırıq. Və bütün hekayə ölkənin tarixi fonunda cərəyan edir. Entoni Adin cinayət işi ilə yanaşı, ölkə tarixində baş verən mühüm hadisələri, həmin hadisələrin dolayı da olsa cinayət işinə təsirini təsvir edir. Kitabın da ən xoşuma gələn tərəfi bu oldu. 330 səhifəlik kitabı oxuduqdan sonra İslandiyanın yerli adət-ənələri, problemləri, yerli əhalinin mifologiyası, inancları, keçdiyi inkişaf yolu barədə detallı məlumat aldım. Əminliklə söyləyə bilərəm ki, indi İslandiya mənim üçün təkcə geyzer sularının vətəni deyil.

Öyrəndim ki:

  • İslandlar mütaliə etməyi, hekayə danışmağı sevən millətdir. Vikinqlərlə bağlı saqalar, əfsanələr camaat arasında çox populyardır. Milad bayramında bir-birinə kitab hədiyyə etmək adəti var. Hətta belə məsəlləri var: Hər kəsin qarnında bir kitab var” .
  • Nizami ordusu yoxdur, yalnız məhdud saylı sahil mühafizə xidməti var.
  • Elektron məlumat bazasında bütün ölkə vətəndaşlarının, o cümlədən prezident və baş nazirin telefon nömrəsi var (üçüncü dünya ölkəsi vətəndaşının gözü yaşlı).
  • 70-ci illərdə Reykyavik sakinlərinə evdə it, kərtənkələ saxlamağa və cümə axşamları televizora baxmağa icazə verilmirdi.
  • Qadağalar bununla bitmirdi. 1915-ci ildə keçirilən referendumdan sonra ölkədə spirtli içki qadağan olunmuşdu.
  • Maraqlıdır ki, İkinci Dünya müharibəsində İslandiyada ABŞ-ın hərbi bazası fəaliyyət göstərirmiş. Hərbi bazanın daxilində pivə içməyə icazə verən qanun qəbul edilibmiş.

Ümumi götürəndə, əsər sistemin fərdi sındırmasından bəhs edir. Sadəcə mövzu konkret hadisənin nümunəsində işlənib. Sındırılan fərdin bəxti gətirirsə, sistemdən qisasını alır. Amma bu, uzun çəkə bilər. Ümumiyyətlə reallaşmaya da bilər. Cinayət işinin bu qədər absurd bir şəkildə araşdırılmasında, ört-basdır edilməsində cəmiyyətin önəm verdiyi dəyərlər də xüsusi rol oynayıb. Müttəhimlərin hamısı avara, quldur, oğru, narkotik alverçisi idi. Hippi cərəyanı ölkəyə yeni gəlmişdi. Həmin cərəyana qoşulan gənclərin üsyankar davranışları yaşlı nəslin etirazlarına səbəb olurdu. Məhz müəyyən olunmuş davranış modelinə uymamaları onların başlarına oyun açır. Tanış mənzərədir. Cinayət işi, cinayətin əsl səbəbi, cani qalır kənarda, hamı qurbanın tərbiyəsizliyindən dəm vurur.

Romanı oxumağa ərinənlər, tənbəllik edənlərə şad xəbərim var. Eyni ssenari əsasında sənədli film çəkilib.

Əsər haqqında danışdığım videoçarx: