Ötən il bacım uşaqları ilə Kolin Förtün (Colin Firth) iştirakı ilə “Sirli bağ”ın (The Secret Garden) filminə baxmışdıq. Biz çox bəyənmişdik, amma izləyicilər yıxıb sürüyürdülər ki, əsərin məğzi düzgün göstərilməyib. Mən də dedim görüm, camaat niyə bu qədər narazıdır. Oxuduqdan sonra etiraf etməliyəm ki, iradlarında həqiqət payı var.

Bu əsərin də əsas qəhrəmanı Meri adlı bir qızdır. O, valideynləri ilə Hindistanda yaşayır. Hindistan hələ Britaniyanın müstəmləkəsidir. Meri istənməyən uşaqdır, valideynləri ona diqqət və qayğı göstərmir, o daha çox yerli xidmətçilərin himayəsində böyüyür. Ona görə həddindən artıq şıltaq, eqoist və kobud uşaqdır. Hindistanda başlayan vəba xəstəliyi Merinin valideynlərindən də yan ötmür, onlar vəfat etdikdən sonra qız Britaniyaya qohumunun yanına köçməli olur. Yeni mühit, yeni insanlar, yeni tanışlıqlar Merini dəyişdirir, Meri dəyişdikcə, başqalarını da dəyişdirir. Buna ən yaxşı nümunə on il əvvəl tərk edilmiş və Meri ilə dostlarının “sirli bağ” adlandırdıqları çəmənlikdir.

Əzmkarlıq və əmək adi bir şeyi sehrli, möcüzəvi bir şeyə, alaq basmış otluğu isə sirli bağa çevirə bilər. İstənilən uşağı ram etməyin yolu isə xeyirxahlıqdan keçir. Əsər bu haqdadır. Filmdə isə bu fikrin üstündən keçilib, sehr bağda olmur, bağı sehrli edən uşaqların əməyi olur.

Sadəcə sonlara doğru “möcüzə mənəm, möcüzə elə sənin özündədir” mesajı gözümü döyənək elədi. Elə bil, hansısa özünüinkişaf seminarında idim, təlimçi də səhnədən məsləhət verir ki, hər səhər güzgüdə özünüzə baxıb “mən gözələm” deyin.

Deməli, əsərdə missis Souerbi adlı bir obraz var. O, Merinin dostu Dikonun anasıdır. On iki uşağı var. Uşaq tərbiyəsində dövrünün qabaqcıllarından hesab edilir. Məsələn, deyir ki, heç bir kitab, dərman təmiz havada gəzmək kimi uşağa yaxşı təsir edə bilməz. Kimi xatırlatdı? Əlbəttə ki, doktor Komarovskini. Yəqin uşaq vaxtı Komarovski bu əsəri oxuyanda missis Souerbini özünə idol seçib.

Əsərin video formatda təhlili: