Yapon yazıçısı Kikuçi Kanın (Kan Kikuchi) “İnci xanım” (Madame Pearl) romanını rusca aktyor Sergey Çonişvilinin mükəmməl səsləndirməsində dinlədim. Annotasiyada müəllif Yaponiyanın Lev Tolstoyu kimi təqdim edilir. Müəyyən baxımdan əsərin baş qəhrəmanı xanım Rurikonun Anna Karenina ilə kəsişən nöqtələri, oxşar cəhətləri var.

Sən demə, Kikuçi Kan XX əsrin əvvəllərində yapon ədəbiyyatında böyük nüfuz sahibi imiş. O, yazıçı kimi deyil, daha çox şərhçi, tənqidçi, ədəbi mübahisələrin arbitri, fəaliyyətə yeni başlayan ədiblərin sponsoru və mentoru, naşir və sahibkar kimi tanınıb. Həmin illərdə ədiblər ədəbiyyatı geniş auditoriya kütlələri üçün əlçatan etməyi qarşılarına məqsəd qoyublarmış. Və bütün fəalliyətləri ilə bu ali məqsədə xidmət etməyə çalışınlar. O, həmçinin iki ədəbi mükafatın – Akutaqava və Naoki adına mükafatların təsis edilməsində təşəbbüskar kimi çıxış edib.

“İnci xanım” müəllifə populyarlıq qazandıran əsərlərdən biri olub.  Kikuçi burada qadını zəif cinsin nümayəndəsi kimi deyil, müstəqil bir fərd kimi göstərməyə, onu adət-ənənələrdən azad etməyə, emansipasiya probleminə toxunmağa çalışır. Hərçənd əsərin faciəvi sonluğunu nəzərə alsaq, səyi birmənalı qarşılanmaya bilər.

Hekayə dəmiryol stansiyasında  pula qənaət etmək istəyən iki sərnişinin bir taksiyə oturması ilə başlayır. “Bir manatlıq taksi”lərin keçmişi Yaponiya təcrübəsinə dayanırmış. Sərnişinlərdən biri tələbədir, o biri isə yenicə ailə həyatı quran Sinyitiro adlı gənc. Yolda qəzaya düşürlər, tələbə ölür. Ancaq canını tapşırmadan öncə Sinyitiroya qol saatı verir və tapşırır ki, saatı sevdiyi qadına qaytarsın. Beləliklə, süjetə əsas qəhrəmanımız, ölən tələbənin sevdiyi qadın xanım Ruriko daxil olur.  Bundan sonra onun həyat hekayəsi ilə tanış oluruq. Ruriko gənc yaşında dul qalıb, kübar cəmiyyətin üzvüdür, gözəldir, ağıllıdır, yeni nəsil qadınlarındandır.

O, atasının borclarına görə sevdiyi oğlanla deyil, orta yaşlı, uşaqlı dul iş adamı Syöda ilə ailə həyatı qurmaq məcburiyyətində qalır. Və Ruriko buna görə bir növ kişilərdən qisas almağa başlayır, patriarxal cəmiyyətin qaydalarını onların özlərinə çevirir. Bu mübarizəsini həyat fəlsəfəsinə çevirir: niyə kişilər qadınlara əşya kimi baxa bilər, qadınlar isə yox? O, mövcud qaydaların, özü də heç bir sənəddə əksini tapmayan, sadəcə sözdə olan bu qaydaların hər iki cinsə şamil edilməsini istəyir. Əsərdə təkcə qisas vurğulanmır, cinsi bərabərliyə, kişi dünyasında qadının roluna, şöhrətpərəstliyə və hərisliyə də toxunulur. Rurikonun təcrübəsində kiminsə hissləri ilə oynamağın, manipulyasiyanın nə qədər təhlükəli iş olduğunu görürük. Bununla belə, Ruriko mütləq haqlı tərəf kimi göstərilmir. Ona qarşı qoyulan cənab Syödanın da öz doğruları var. Syöda pula sitayiş edənlərin, pulun gücünü bilənlərin ümumiləşdirilmiş obrazıdır. O, ömrü boyu mal-dövlətinin hesabına istədiyi qapını aça bilib, istədiyi şeyi əldə edə bilib. Amma Ruriko ilə tanış olandan sonra pulun da bəzi məqamlarda ləqayətə gücü çatmadığını görür.

Qəribədir ki, bu romanda yapon ədəbiyyatına xas olan astagəllik, süstlük yoxdur. Təkcə obrazların adı yapon adlarıdır, süjet və təhkiyə baxımından Avropa, Amerika romanlarına oxşayır.  Qələmə alındığı dövrü nəzərə alsaq, təsvir olunan hadisələr şərq ölkəsindən daha çox qərb ölkəsinə xasdır. İstənilən halda, çox bəyəndim. İmkan düşən kimi müəllifin başqa əsərləri ilə də tanış olacam.

Əsərin video formatda təhlili: