Boynuma almalıyam ki, Qriqori Petrov  “Ağ zanbaqlar ölkəsi”nə skeptik yanaşırdım. Sonra Başak Kablanın “Bu Ülke Nasıl Kurtarılır? | Beyaz Zambaklar Ülkesinde” adlı videosunu izlədim. Video çarx əsərin təhlili üzərində qurulub. Başakın bəyəndiyi şeyləri var qüvvəsi ilə, bütün çılğınlığı ilə müdafiə etmək kimi bir xüsusiyyəti var. Məni də bu ehtirası cəlb etdi.

Yəqin ki, Azərbaycanda “Ağ zanbaqlar ölkəsi”ni oxumayan tək-tük adamdan biri də mən idim, daha bu özəlliyim ilə də öyünə bilməyəcəm.

Bilənlər bilir, Qriqori Petrov din xadimi olub, fərqli fikirlərinə görə kilsədən qovulub, özünü ədəbiyyata həsr edib. Kaş həsr etməzdi, başqa işlə, sudoku və ya şahmat ilə məşğul olardı.  Oktyabr inqilabından sonra Rusiyadan qaçaq düşüb. O, həm də çıxışları ilə məşhur olub. Maraqlıdır ki, “Ağ zanbaqlar ölkəsi”ni oxuyanda məndə elə təəssürat yarandı ki, sanki kiminsə TedX çıxışına baxıram. Mövzu da Finlandiyadakı maarifpərvərlərin uğur hekayəsinə həsr olunub. Özü də hekayə “Qabusnamə” tərzində nəql edilir. Başdan-ayağa şüardır, məsləhətdir.

Yazıldığı dövrü, həmin dövrdə baş verən tarixi hadisələri, müəllifin mövqeyini, statusunu – hər şeyi nəzərə almağa çalışdım, amma “xalxın uşağı”, verilmiş halda “xalxın milləti” dramından başqa bir şey görmədim. Bütün əsər boyu Petrov finləri nümunə göstərib, rusları bizləməyə çalışır. Mənim də hər cümlədən sonra “boş yerə özünü yorma, qağa” deməyim gəlirdi. Əsas odur ki, səbrim növbəti sınaqdan üzüağ çıxdı.

Əsərin video formatda təhlili: