Viqdis Yort (Vigdis Hjorth) norveç yazıçısıdır. Bir müddət uşaq radiosunda işləyib. Yazıçılıq fəaliyyətinə 20 yaşında uşaqlar üçün kitab yazmaqla başlayıb. Özü böyüdükcə kitabları da böyüyüb. Hətta özü o qədər böyüyüb ki, sərxoş halda avtomobil idarə etməyə çalışıb. Nəticədə bir ayını həbsdə keçirməli olub. Amma orada da boş durmayıb. “Sannerfyordda 30 gün” (Tredve dager i Sandefjord) romanını yazıb.
Haqqında danışmaq istədiyim romanı – “Miras və vəsiyyətnamə” (Arv og miljo) romanını isə həmin hadisədən 5 il sonra 2016-cı ildə qələmə alıb. Kitab işıq üzü görəndən sonra Norveçin ədəbi mühitində, eyni zamanda ölkə gündəmində bir qalmaqal düşüb ki, üstündən bu qədər vaxt keçsə də, hələ də səngimək bilmir. Səbəbi isə romanın toxunduğu mövzudur.
Ata öldükdən sonra onun dörd övladı – üç qızı və bir oğlu vəsiyyətnaməni müzakirə edib, mirası bölmək üçün bir araya gəlir. Tezliklə aralarında mübahisə düşür. Böyük qız və oğul mirasın ədalətsiz bölündüyünü hesab edirlər. Lakin problem göründüyündən daha dərindir. Niyə ata kiçik övladlarına daha çox pay qoyub, böyükləri isə demək olar mirasdan məhrum edib? Onların günahı nədir?
Yort bütün əsər boyu bu suala aydınlıq gətirir. Baş verənlər ailənin böyük qızı, teatr tənqidçisi, dramaturq və yazıçı Berqlotun dili ilə nəql edilir. Onun özünün də artıq öz ailəsi, övladları, nəvələri var, istədiyi işlə məşğuldur, sevgilisi anlayışlıdır, lakin bu firavanlığın altında böyük bir travma yatır. Berqlotu əsəb xəstəsinə, əyyaşa çevirən bir travma. Əslində mirasın ədalətli şəkildə bölünməsi Berqlot üçün maddi dəyər daşımır. O inanır ki, ədalətli bölgü ilə ailə üzvləri onun uşaqlıqda yaşadığı travmanı qəbul edəcək, bunu etiraf edəcək.
Belə bir şeyə məruz qalanların başlarına gələni, daha doğrusu, başlarına gətiriləni söyləməsi, etiraf etməsi onlardan böyük güc tələb edir. Bütün bu hadisələr ailə daxilində baş verirsə, ikiqat cəsarətli olmalısan. Çünki ailəni qarşına alırsansa, çox vaxt ailəsiz qalırsan. Ailə üzvlərin səndən üz döndərir, zorakılıq edəni günahlandırmaq yerinə, səni “dəli Xədicə”yə çevirməyə çalışırlar. Çünki zorakılığa qarşı çıxmaq gücə qarşı çıxmaq deməkdir. Çünki zorakılığa yol verən mütləqdir ki, güc sahibidir. Fərqi yoxdur, fiziki gücə sahibdir, yoxsa iqtisadi və ya ictimai üstünlüyü var. Əsas odur, özündən zəiflə məzələnə bilməyə imkanı və şəraiti var və o, bundan da eninə-boyuna istifadə edir. Ona görə bu mübarizə, eşidilmək istəyi bütün enerjinizi ala, ömrünüzü çürüdə bilər. Bu əsər də ömrü çürüyən Berqlotun eşidilə bilməməsi haqqındadır.
Berqlotun qərarları, düşüncələri onun özünü yorduğu kimi, məni də yorurdu. Bütün əsər boyu bu yorğunluq, süstlük hiss olunurdu. Ümumiyyətlə, Berqlotun düşüncə axınına görə çox vaxt hadisələrin xronoloji ardıcıllığını itirirdim. Qəhrəmanımız gah köhnə yaralarını deşirdi, gah qohumları ilə barışmaq istəyirdi, gah təzədən içindən qəzəb fışqırırdı, gah dostları ilə normal həyatını yaşamağa çalışırdı, gah da adi şeylərə görə cin atına minir, övladlarına şikayət edirdi. Hər fəsildə təzədən lavaş açırdı. Xeyr, travma romantikləşdirilmirdi, xoşbəxt sonluq vədi verilmirdi. Ümumiyyətlə, əsərdə praktiki həll yolu təklif edilmir. Əksinə, göstərilir ki, bəzi yaralar sağalmır. Qayğı da, sevgi də dərman olmur.
Atam kartı çevirdi, bu, məhz qara ürək idi, elə sevindim ki! Atamdan mənə miras qalacaq qara ürək!
Əsərin nəşrindən sonra meydana çıxan qalmaqalın səbəbi isə o idi ki, romanda təsvir olunan bir çox detal yazıçının bioqrafiyasına uyğun gəlirdi. Yort məsələ ilə bağlı açıqlama verməsə də, bir ildən sonra onun kiçik bacısı Viqdis Helqa (Vigdis Helga) eyni mövzuda kitab yazır. Hətta deyəsən ailə üzvləri məhkəməyə də üz tutur. Bütün bunlara görə, romanı “trauma porn” janrına aid edənlər də var.
Əsərin video formatda təhlili: