Müəllif: Raisa Xanukayeva

Mənbə: eksmo.ru

Jurnalist Raisa Xanukayevanın Rusiyanın “Eksmo” nəşriyyatı üçün yazdığı məqaləni tərcümə etdim. Məqalədə kult romana çevrilən “Elcernon üçün güllər” əsərinin yazılma tarixçəsindən bəhs edilir.

Əqli inkişafdan geri qalan, cərrahi əməliyyatdan sonra intellekti sürətlə artan süpürgəçi Çarli Qordon (Charlie Gordon) haqqında süjet uzun illər Deniel Kizə (Daniel Keyes) rahatlıq verməyib. Yazıçı “Elcernon, Çarli və mən” (Algernon, Charlie and I: A Writer’s Journey) adlı bioqrafiyasında debüt əsərinin tarixçəsini bölüşüb.

Kitabı diqqətlə oxuduq və əfsanəvi əsərin bir neçə sirrini ifşa etmək qərarına gəldik.

Süjet Deniel Kizin uşaqlıq və gənclik xatirələrinə əsaslanır

İntellektə həsr olunan əsər ideyası Kizin ağlına ilk dəfə tibb kolecində təhsil aldığı vaxtda gəlib. Təhsilin onunla orta məktəbi bitirməyən valideynləri arasında divar hördüyünü başa düşəndə onun heç 18 yaşı yox idi. Kiz uzun illər xatirələrini toplayır. Hamımıza yaxşı tanış olan hekayəni yazmağa da məhz həmin xatirələr kömək olur. Atasının işlənmiş əşyalar satılan dükanında gördüyü kital qalağının obrazı yazıçı üçün əsas məcazlardan birinə çevrilir. Oğlan həmin qalaqdan bəzi cildləri xilas edib oxuyur, qalanları isə təkrar emala göndərilir.

Elcernon üçün güllər”in hərtərəfli məcazı da oradan, ikinci əl dükanından gəlir. Çarlinin əqli göstəriciləri artdıqca, mənim təsəvvürümdə Çarli dağa qalxır. Yuxarı qalxdıqca, daha uzağı görür. Nəhayət zirvəyə çatır, oradan bütün bilik dünyası, Xeyir və Şər dünyası onun qarşısında açılır.

Sonra isə… sonra Çarli eyni yolu geri qayıtmalıdır. Aşağıya”.

Hekayə ilə tanış olan ilk redaktorlar yazıçıya sonluğu daha optimistik etməyi məsləhət görürlər: Qordon intellektini qoruyub saxlayır və Alis Kinnianla (Alice Kinnian) evlənir. Lakin məhz kitab qalağı müəllifə yaşda ondan böyük olan təcrübəli həmkarlarının məsləhətinə qulaq asmağa icazə vermir.

Əsər əsasında 1968-ci ildə çəkilən “Çarli” filmindən kadr

Çarli və digər qəhrəmanların prototipləri var

Baxmayaraq ki, Kiz Çarliyə öz emosiyalarını, qorxularını və əndişələrini verib, qəhrəmanın başqa prototipi də var. Həmin prototip yazıçının yanına öz ayaqları ilə gəlib. Kiz bir müddət korreksiya sinfində  dərs deyib.

O, bir gün burada köynəyinə yerli futbol komandasının işarəsi – “J” hərfi həkk olunmuş sakit oğlanla rastlaşır. Yazıçı onun sözlərini xatırlayır:

Cənab Kiz, qulaq asın, görün nə deyirəm. Bu sinif kütbeyinlilər üçündür, düzdür? Bilirəm ki, burada axmaqlar oxuyur. Soruşmaq istəyirəm ki, əgər çox çalışsam, semestrin sonunda ağıllansam, məni normal uşaqların oxuduğu sinfə keçirəcəksiniz? Mən ağıllı olmaq istəyirəm.

Əvvəllər mənim heç ağlıma da gəlməzdi ki, əqli inkişaf problemləri olan insan – o vaxt onları əqli qüsurlu adlandırırdılar – öz defektini dərk etmək və intellektinin artması ilə bağlı xəyallar qurmaq iqtidarındadır. Şagirdim haqqında yazmağa başladım”.

Doktor Ştrausun (Dr. Strauss) da, laborant Bertin (Burt Selden) də prototipləri var. Birinci halda Kiz öz psixoterapevtindən təsirlənib, ikincidə isə psixologiya fakültəsindəki kuratorundan.

Həmin filmdən başqa bir kadr

Elcernon ağ siçan deyil, dəniz donuzu ola bilərdi. Ancaq tibb kolecində təhsil aldığı vaxt yazıçı məhz siçanı əməliyyat edir. Siçanın qarnından doğulmamış altı balası çıxır. Təcrübələri üçün yeddi canlını öldürməsi Kizi şoka salır. Uzun illər sonra həmin “balacalardan” biri müəllifin mətnində Çarlinin çox sevdiyi yüksək intellektli gəmirici şəklində canlanır.

Çarli obrazını canlandıran aktyor Kliff Robertson və yazıçı Deniel Kiz

Yazıçı romanın üzərində 13 ildən artıq işləyib

Əsərin ilk əlyazmaları 1945-ci ilə təsadüf edir. Ardınca uzun müddət süjetə “açarlar” axtarılıb və seçilib. Kiz – ola bilsin, başqa ad altında – “Elcernon üçün güllər” əsərini həmin illər televiziya və cib kitablarını əvəzləyən ucuz ədəbiyyat jurnallarından birində dərc edə bilərdi. Sten Li (Stan Lee) hətta komiks hazırlamağı təklif edir, amma yazıçı hesab edir ki, “boş-boş şeylərə” israf etmək üçün ideya həddindən artıq yaxşıdır.

Sten Li

Kiz ideyalardan ibarət əlyazmalarını illər uzunu qovluğunda saxlayır. O, həm süjetdən, həm yazıçı olmaq istəyindən imtina etmək, amma günlərin bir günü bir agent ondan məşhur jurnal üçün hekayə istəyir.

Naşirin ortaya çıxıb, kefsiz yazıçıya hekayə sifariş etməsi kifayətdir ki, depressiya və məyusluq bir anın içində yox olsun. Bütün qovluqlarımı, qeyd dəftərlərimi vərəqlədim.

Əvvəlki yerdə hələ Nyu York Universitetində oxuduğum birinci ildə etdiyim qeydlərin yer aldığı sarı kağız var idi. “İntellekt səviyyəsini artırmaq olsaydı! Onda nə baş verərdi?”

Bununla belə, Kiz sifarişi yerinə yetirmir. Artıq qeyd etdiyimiz kimi, jurnalın naşirləri sonluğun dəyişilməsini tələb edirlər, yazıçı da bununla razılaşmır. O, “Elcernon üçün güllər” əsərini başqa nəşriyyata aparır. Bu, kütləvi olmasa da, intellektual kitab evi kimi ad qazanan nəşriyyat olur. Orada əlyazma qəbul edilir, lakin söz sayının azalmasını tələb edirlər. Keçmiş redaktor kimi Kiz bu işin öhdəsindən asanlıqla gəlir. Heminquey (Ernest Hemingway) kimi mətndən bütün “təmtərağ”ı və mürəkkəb cümlələri yığışdırır, mətnin demək olar üçdə birini ixtisar edir. Hekayə 1958-ci ildə işıq üzü görür. Roman şəklində isə 1966-cı ildə çap olunur. Yazıçı başa düşür ki, Çarlinin intellekti inkişaf etdikcə onun uşaqlıq xatirələri də oyanmalıdır. Bu yolla onun valideynləri və bacısı ilə münasibət xətti meydana çıxır.

Çarliyə hörmət əlaməti olaraq hekayə birinci şəxsin təkində nəql edilir

Kiz xatirələrində qeyd edir ki, gələcək hekayənin ilkin variantları çox gülməli alınır. Yazıçı özü qəhrəmanını ürəkdən lağa qoyur, onun ətrafdakılara reaksiyası ilə əylənir. Ancaq bir anda bunun cinayət olduğunu anlayır: 

Restoranda qab-qacağı sındırmağım, müştərilərin mənə gülməyi, cənab Qoldşteynin məni ağıldan kəm adlandırması  yadıma düşdü. Məgər belə bir məqsəd güdürdüm? Məgər Çarlini gülünc vəziyyətə salmaq istəyirdim? Yox. Qoy oxucular Çarli ilə BİRLİKDƏ gülsünlər, yetər ki ÇARLİYƏ gülməsinlər”.

Pasiyentin “aralıq hesabatlar” ideyası belə yaranır. Əvvəlcə roman bu səhnə ilə başlayır: Alis Kinnian professor Nemyurdan (Professor Harold Nemur) yenidən axmaqlaşmağa başlayan Çarlini tapmağa kömək etməsini xahiş edir. Ancaq bu variantın da üstündən xətt çəkilir. Belə ki, Kiz oxuculara etibar etmək və dərhal sevimli qəhrəmanının savadsız qeydlərini göstərmək qərarına gəlir.

“Çarli” filmindən hesabat kadrı

***

 “Elcernon üçün güllər” həqiqətən öz dövrü üçün yenilikçi və eksperimental əsər olur. Müəllif dərhal iki nüfuzlu mükafata layiq görülür: hekayəyə görə “Hyuqo”, romana görə “Nebyula” mükafatına. Yarıməsrdən çox vaxt keçsə də, bu hekayə hələ də oxucular tərəfindən sevilir. Əminik ki, “Elcernon, Çarli və mən” kitabını da ən az bu roman qədər bəyənəcəksiniz.

Müəllif mükafatı ilə